Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Respublika” qəzeti bir vaxtlar Nazirlər Sovetinin orqanı kimi nəşr olunanda Azərbaycanda rəsmiyyətin müxalif qəzeti sayılırdı. Çünki 1990-cı ildə təsis edilən qəzetdə Sovet quruluş və idarəetmə sistemi barədə tənqidi məqalələr, siyasi lətifələr-aforizmlər verilirdi.
Gəlirik mətləbə: Ötən ilin yayında bu qəzet “Xalq qəzeti”nə birləşdirildi. Səbəb, əslində, bu idi ki, qəzet MM-nin qərarlarını, prezidentin sərəncamlarını və AzərTAC-ın məlumatlarını çap etməklə başını girləyirdi. O biri rəsmi və müstəqil sayılan qəzetlər kimi… Lakin günah nə qəzetdə idi, nə də jurnalistlərdə… Amma həm də elə onların özündə idi. Guya tabe olduqları PA-dan deyəcəkdilər ki, niyə filan problemi işıqlandırırsınız, yaxud niyə şikayət məktubuna yer verirsiniz? Sadəcə, bəzilərinin içindəki qorxu, yaxud tərəddüdlər buna gətirib çıxarmaqda idi. Bu da son oldu-qəzet bağlandı.
Bəli, qəzeti oxumazlar-oxutdurarlar! Bütün dünyada olduğu kimi! Nə isə… 36 yaşı olan bu qəzetin isə bu gün bütün arxivi silinib. Niyə? Axı elektron arxivdə Azərbaycanla bağlı çoxsaylı məlumatlar bazası var idi. Onu silməkdə məqsəd nədir? Axı bu arxivdə həm də həyatını jurnalistikaya bağlayan müəlliflərin-jurnalistlərin imzası, yazısı var idi, niyə onlar itirilib yox edildi???
İnanırıq ki, bu suala cavab veriləcək.

“Respublika” qəzeti haqqında isə vikipediyada bunlar yazılıb:
“Azərbaycanın rəsmi dövlət qəzeti.
1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. Baş redaktoru Əməkdar jurnalist-yazıçı Əhməd İsayev olub.
1991-ci ildə “Həyat” qəzeti ilə birləşdirilib(Baş redaktoru yazıçı Əfqan Əsgərov).
1993-cü ildə yenidən NK-nın qəzeti kimi nəşr edilib(Baş redaktor Rusvat Bayramov).
1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edib. T. Əhmədov 2021-ci ildə 90 yaşında koronavirusdan ölənə qədər qəzetin baş redaktoru olub[3]. Son baş redaktoru 2021-ci ildən Hümbət Musayev olub.
20 mart 1996-cı ildən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi (Pİİ) və redaksiya kollektividir.
2025-ci ilin iyulunda Pİİ-nin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Pİİ-nin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
“Respublika” qəzeti həmin ilin avqustun 17-dən fəaliyyətini dayandırıb. Baş redaktor H.Musayev yeni yaradılan “Xalq” qəzetində baş redaktorun müavini vəzifəsini icra etməyə başlayıb. “Respublika”nın əməkdaşları yeni yaradılan “Xalq” qəzetində işlə təmin olunub.
Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunurdu.
VÖEN-i 1300532321, ünvanı Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, Azərbaycan nəşriyyatı 7-ci mərtəbəsi idi”.
A.Məmmədli
P.S.Hazırda Google-də “Respublika” qəzetini axtaranda error cavabı gəlir… İzahı: host-qəzetin arxivi yerləşdirilmiş baza-datadır və məxsus olduğu şirkətə pul ödənilməlidir. Pul yoxdursa, qəzetin arxivini “Xalq qəzeti”nin saytında bir bölmə yaradıb orda “Arxiv” adı ilə yerləşdirmək olar. Axı “Respublika” ləğv edilməyib, başqa bir qəzetə birləşdirilib…
