14 Aprel 2026 / 22:30

Şilder qətli işi yenidən gündəmdə: sifarişçi həbsdə

Xəbər verdiyimiz kimi, 2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib.

Xüsusilə ağır cinayətdə ittiham olunan Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.

Mərhum Şilderin anası Mətanət Şilder saytımıza açıqlamasında həmişə ilahi ədalətə inandığını, haqq-ədalətin gec-tez yerini tapacağını bildiyini deyib: “Əslində heç nə oğlumu geri qaytarmayacaq, amma yenə də oğlumun ölümündə əli olanların cəzalanmalarını görmək mənim arzum idi. Həmişə ölmədən bunu görmək istəmişəm”.

Tezadlar.az xəbər verir ki, “Qafqazinfo” ilk dəfə Xəyal Əli-Zadənin fotolarını əldə edib.

Qeyd edək ki, sözügedən qətl 2013-cü ildə ölkədə rezonans doğurmuşdu. Xəyal əvvəllər yüksək vəzifədə işləmiş Tariyel Ağayevin kürəkənidir. Vüsal Şilder Tariyel Ağayevin qızı ilə sevgili olub. Amma atanın bu münasibətə qarşı olduğu bildirilib. Məhz bu səbəbdən sonradan Vüsalın qətlinin sifarişində kürəkən Xəyal Əli-Zadə ilə birlikdə qayınatası T.Ağayevin də adı hallanıb.

Qətlə yetirilən Vüsal Şilder Adolf bir zamanlar Bakıda “Mercedes-Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olmuş Adolf Şilderin oğlu idi. O, əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan həmin şəxs Vüsalın anası ilə ailə qurub, onu övladlığa götürüb və Almaniya vətəndaşlığı almasına şərait yaradıb.

Vüsalın qətlinin icraçıları Elman İsgəndərov və Seymur Talıbov 2014-cü ildə məhkum edilsələr də, sifarişçi X. Əli-Zadə ölkədən qaçmışdı. O, yalnız 13 il sonra – bir neçə gün əvvəl tutularaq Azərbaycana gətirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!