Azərbaycan müstəqilliyinə gedən yollar…-ÇƏTİN VƏ MÜRƏKKƏB İMTAHAN!
…Bu şəkildə 1914-cü ildə Rusiya imperiyası ordusunun müsəlman əsgərləri Qurban bayramı ərəfəsində təsvir olunub. Gəlin razılaşaq ki, Rusiya imperiyası daxilində azadlıqlar və demokratiya yox deyildi. Bəzən isə çox idi. Biləsiz ki, 1917-ci il aprelin bu günündə (aprelin -15—20-də ) Bakıda Qafqaz müsəlmanlarının ilk qurultayı keçirilib….Bu qurultay Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək üçün çox mühim idi. Azərbaycanın siyasi partiya və ictimai təşkilatlarının, həmçinin Şimali Qafqaz, Gürcüstan və İrəvan müsəlmanlarının da iştirak etdiyi bu Qurultayda qəbul olunmuş qətnamənin mühüm əhəmiyyətə malik olmasını demək lazımdır. Bu qətnamədə deyilirdi: “Federativ əsaslarla demokratik respublika Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini ən yaxşı təmin edən forma kimi tanınsın”. Qurultayın moderatoru isə qurultayın çıxışı ilə istiqamətləndirən M.Ə.Rəsulzadə idi: “dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz”
Müharibəyə münasibət məsələsində isə qurultay Rusiya demokratiyasının müharibənin ilhaqsız və təzminatsız qurtarmaq tələbinə qoşulmağı qərara almışdı. Başqa xalqlara münasibət məsələsinə gəldikdə isə qurultay belə qəqrar qəbul etmişdi: “Rusiya dövlətinin bütün xalqlarının, o cümlədən Qafqaz xalqlarının milli-siyasi ideallarını həyata keçirmək cəhdləri hər vəchlə müdafiə olunmalıdır”.
Qurultay digər cari məsələlərlə bağlı, o cümlədən Qafqazda qadınların vəziyyəti haqqında məsələni də müzakirə etmişdi. M. Ə.Rəsulzadə göstərirdi:”Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”.
Qurultayda mühüm qəraların biri də bütün qarşıya qoyulan məsələlərin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün milli fondun yaradılması oldu. Fondun hesabına 50 min manat məbləğində pul köçürən ilk milyonçu H.Z.Tağıyev oldu. Onun çıxışını qurultay gurultulu alqışlarla qarşılanmışdı. Qurultay iştirakçılarından milli fonda pul köçürənlərin siyahısı milli mətbuatda da dərc olundu ki, bu işin nə dərəcədə şəffaf təşkil olunmasına əyani sübutdur.
Təbii ki, Qafqaz müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının siyasi həyatında mühüm rol oynadı, onların milli hərəkatının gücləndirilməsi yollarını müəyyənləşdirdi. Qafqaz müsəlmanlarının Bakı qurultayında irəli sürülən prinsiplər sonralar Azərbaycan milli partiyaları və siyasətçilərinin fəaliyyətinin də əsasını təşkil etdi.
Qurultayda maraqlıdır ki, türk (Azərbaycan) dilində ümumi, məcburi və pulsuz təhsilin verilməsi tələbi də irəli sürülmüşdü.
Məlum məsələ idi ki, bu qurultay azərbaycan ziyalılarının 1917-ci il mayın 11-17-də Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayı üçün siyasi məqsəd və məşq idi. O vaxt Rusiyada ərazi-federal əsaslarla dövlət quruluşunun yaradılmasına qarşı olanlar nüfuzlu Müsavat Partiyasının ölkənin gələcək idarəçilik sistemilə bağlı fikirlərinə qarşı çıxırdılar. Bir sıra tatar və Şimali Qafqaz siyasətçiləri düşünürdü ki, federalizm prinsipi müsəlman hərəkatını parçalayacaq, əməkçi müsəlmanları ümumrusiya sosial qanunvericiliyinin üstünlüklərindən məhrum edəcək. Lakin ərazi muxtariyyəti istəyənlərin əsas məruzəçisi olan Rəsulzadə qurultay iştirakçılarının əksəriyyətini mədəni muxtariyyət proqramının türk xalqlarının artan milli özünüdərkinə ədalətli cavab verə bilməyəcəyinə inandıra bilmişdi. Federalizm əleyhdarları məhz buna etiraz edirdilər.
Beləliklə, qurultay 446 səs lehinə, 271 nəfər əleyhinə olmaqla, Rusiyada müsəlman xalqların maraqlarını ən çox təmin edəcək quruluşun milli-ərazi-federativ əsaslı demokratik respublika olacağını təsdiqlədi. Nəticədə, milli muxtariyyət istəyinə nail olan Azərbaycan liderləri və siyasi təşkilatları bununla gələcək müstəqilliyin ideya və praktik əsasını qoydular.
Bir sözlə, Azərbaycan xalqı artıq oyanmışdı. 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində baş verənlər bunu təsdiqlədi…