Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, təlimdə SU-25 və F-16 təyyarələri, eləcə də T-70 helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədilə havada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təmin edilməsi üzrə taktiki tapşırıqlar icra edilib.
Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, həmçinin texniki heyət və aviasiya vasitələri təmsil edir.





