Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Səyahət zamanı rahatlığın çox əşyadan deyil, əksinə az və düzgün seçilmiş əşyalardan asılı olduğu getdikcə daha çox vurğulanır. Təcrübəli turistlər bildirirlər ki, lazımsız əşyalar həm çamadanı ağırlaşdırır, həm də hava limanında əlavə problem və xərclərə səbəb olur.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, ən çox edilən səhvlərdən biri hər gün üçün ayrıca geyim götürməkdir.
Əslində isə insanların əksəriyyəti səyahət zamanı rahat cins şalvar və futbolka kimi sadə geyimlərdən istifadə edir. Buna görə də yüksək daban ayaqqabılar, ağır gecə paltarları və tez qırışan geyimləri evdə saxlamaq daha məqsədəuyğundur. Onların yerinə bir-biri ilə uyğunlaşan və müxtəlif kombinlər yaratmağa imkan verən universal geyimlər seçmək tövsiyə olunur.
Hava şəraitinə görə həddindən artıq hazırlıq da digər yayılmış səhvdir. Ən yaxşı yanaşma səfərdən əvvəl hava proqnozunu yoxlamaq və yalnız bir ədəd isti geyim, bir neçə yüngül köynək və yağış üçün sadə plaş götürməkdir. Çətir əvəzinə yüngül yağmurluq daha praktik hesab olunur.
Yalnız şəkil üçün götürülən geyim və aksesuarlar da çamadanda lazımsız yer tutur. Bu cür əşyalar adətən çox az istifadə olunur, lakin daşınması çətinlik yaradır. Eyni qayda böyük ölçülü kosmetik vasitələrə və evdən gətirilən fenə də aiddir. Çünki əksər otellərdə bu cür vasitələr artıq mövcuddur. Əgər xüsusi məhsullardan istifadə edilirsə, onları kiçik səyahət qablarına bölmək daha məqsədəuyğundur.
Kağız kitablar da əlavə çəki yaradan amillərdəndir. Bunun əvəzinə elektron kitab və ya audiokitablar daha rahat seçim sayılır. Həmçinin çoxlu sayda elektron cihaz götürmək də tövsiyə edilmir, çünki onların əksəriyyəti səyahət boyunca istifadə olunmur.
Qiymətli zinət əşyaları və bahalı saatlar da risk yarada bilər. Onların itirilməsi və ya oğurlanması ehtimalı olduğu üçün bu cür əşyaları evdə saxlamaq daha təhlükəsizdir. Eyni zamanda, bəzi insanların etdiyi kimi, çoxlu qida məhsulları götürmək də problemlidir. Xüsusilə Avropa ölkələrində ət və süd məhsullarının gətirilməsi qadağan olunduğundan bu, cərimə ilə nəticələnə bilər.
Dəsmallar da çamadanda çox yer tutan əşyalardandır. Əksər otellər bunları təmin etdiyinə görə əlavə daşımağa ehtiyac olmur.
Mükəmməl çamadan üçün sadə qayda kimi 5-4-3-2-1 prinsipi tövsiyə olunur: 5 cüt corab və alt geyim, 4 üst geyim, 3 alt geyim, 2 ayaqqabı və 1 baş geyimi. Bundan əlavə, səfərdən əvvəl çamadanın çəkisini yoxlamaq, lazımi dərmanlardan ibarət kiçik bir apteçka götürmək və yola düşməzdən əvvəl əşyaları yenidən gözdən keçirmək faydalıdır. Bu yanaşma səyahəti daha rahat və problemsiz etməyə kömək edir.