18 Aprel 2026 / 12:20

Günay 9 nəfəri qətlə yetirənin autizmli uşaq olmadığını bildirdi: Onlar sevgi dolu, həssas olurlar

“Elmi əsası olmayan bu cür etiketləmələr həm autizmli şəxslərə, həm də onların ailələrinə zərər verir, cəmiyyətdə yanlış təsəvvür yaradır”

Model Günay Musayeva Türkiyənin Kahramanmaraş bölgəsində 14 yaşlı oğlanın 9 nəfəri qətlə yetirməsi hadisəsi ilə bağlı paylaşım edib.

Tezadlar.az xəbər verir ki, o, oğlanın autizmli olması ilə bağlı şərhləri tənqid edib. günay bildirib ki, autizmli uşaqlar bu cür aqresiv davranışlar göstərmir:

“Kahramanmaraşda baş verən hadisə hamımızı dərindən sarsıtdı və üzdü. Sonradan edilən bəzi şərhlərdə hadisənin autizm ilə əlaqələndirilməyə çalışıldığını təəssüflə müşahidə edirik. Autizmli uşaqlar qəsdən zorakılığa meyil göstərmirlər. Əksinə, autizmli uşaqlar sevgi dolu, həssas və empatiya qabiliyyəti güclü fərdlərdir. Autizmli şəxslər cəmiyyət üçün təhlükə deyil: düzgün dəstək, anlayış və imkan verildikdə cəmiyyətə dəyər qatan insanlardır.

Elmi əsası olmayan bu cür etiketləmələr həm autizmli şəxslərə, həm də onların ailələrinə zərər verir, cəmiyyətdə yanlış təsəvvür yaradır. Bir uşağın bu cür ağır davranış sərgiləməsi fərqli psixoloji və ya sosial problemlərdən qaynaqlana bilər. Buna görə də mövzunu düzgün anlamadan autizmi günahlandırmaq haqsızlıqdır.

Biz cəmiyyət olaraq daha şüurlu, daha ədalətli və daha anlayışlı olmalıyıq. Hər bir uşağı onun fərdi vəziyyəti çərçivəsində qiymətləndirmək lazımdır. Autizmli uşaqları damğalamaq əvəzinə, onları anlamağa və dəstəkləməyə fokuslanmalıyıq. Autizm ruhi xəstəlik və ya ağıl xəstəliyi deyil. Unutmayaq: Bir etiketi yaymaq asandır, amma bir həyatı o etiketin altında əzmək çox ağır bir məsuliyyətdir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!