xxx
İkram müəllimlə ilk tanışlığım 1993-cü ildən başlayır. Bakı şəhər prokurorluğunun mülki işlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru təyin edildikdən sonra işlə bağlı mütəmadi olaraq İkram müəllimlə ünsiyyətdə olurduq. Belə ki, mən Səbail rayonu üzrə kurator olduğumdan və həmin dövrdə mərkəzi icra hakimiyyəti orqanlarının əksəriyyəti Səbail rayonu ərazisində yerləşdiyi üçün müxtəlif qurumlarla bağlı məhkəmə mübahisələrində prokuror qismində iştirak edirdim. Səbail və digər rayon məhkəmələrinin qərarlarından verilmiş kassasiya şikayətləri və kassasiya protestlərinə baxılması ilə əlaqədar prokuror qismində Bakı şəhər Məhkəməsindəki proseslərdə demək olar ki, hər gün iştirak edirdim. Bundan başqa, Bakı şəhər məhkəməsinin mülki və cinayət kollegiyalarının qanuni qüvvəyə minmiş qərarlarından verilmiş protestlərə baxılan zaman Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətində şəhər prokuroru, yaxud onun müavinləri ilə birlikdə dəfələrlə iştirak etmişəm
İlk dəfə İkram müəllimin çıxışını şəhər prokurorluğunda 1993-cü ildə keçirilən iclasda dinlədim. İkram müəllimdən öncə Baş Prokurorun müavini şəhər məhkəməsinin fəaliyyəti ilə bağlı bəzi neqativ məqamlara toxunduqdan sonra o, kürsüyə çıxaraq, bildirilən bütün iradlarla bağlı məntiqli və konkret cavablar verdi. Çıxışında hər bir hal üzrə yuxarı məhkəmələrin şəhər məhkəməsinin mövqeyinin əsaslı olduğunu təsdiqləyən qərarlar qəbul etdiyini, prokurorluq tərəfindən verilmiş protestlərin rədd edilmə faizini və bu rədd edilmə barədə qərarların yuxarı məhkəmələr tərəfindən qüvvədə saxlanıldığını xatırlatdı. Belə protestlərin sayının 20 faizə yaxın olduğunu ifadə etdi.
Şöbə rəisim Behbud İsmayılov İkram müəllimin çıxışından əvvəl bildirmişdi ki: “Muxtar, nahaq İkramın bostanına daş atdılar, indi görəcəksən necə arqumentli cavab verəcək”.
Şəhər məhkəməsinin Rəyasət Heyətində İkram müəllimin mövqeyi ədalətliliyi ilə seçilirdi. Belə ki, onun özü tərəfindən verilmiş protestlərin geri götürüldüyünün şahidi olmuşam. Bir dəfə İkram müəllim özü protesti ilə bağlı səsvermədə iştirak etmədi, Rəyasət Heyətində səslər bərabər bölündüyündən protest təmin edilmədi.
Vacib məsələlərlə bağlı İkram müəllim şəhər prokurorluğunun əməkdaşlarını dəvət edərək, onların da fikirlərini öyrənirdi. Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətində işlərə baxılmasında iştirak etmək çox böyük bir təcrübə məktəbi idi. Öncə protesti verən tərəf – şəhər prokurorluğunun şöbə prokurorları, şəhər məhkəməsi sədrinin protestlərlə bağlı məsləhətçiləri məruzə edər, məruzəçilərə suallar verilərdi. Prokurorluğun mövqeyi bildirildikdən sonra isə qərarlar qəbul edilərdi. Misal üçün, həmin dövrdə nəzarət qaydasında icraatda vəkillərin iştirakı nəzərdə tutulmasa da, İkram müəllim Rəyasət Heyətinin iclasına vəkilləri dəvət edərdi. Özünün qəbul günlərində isə ilk növbədə vəkillə təmsil olunan şikayətçiləri qəbul edərdi.
İkram müəllim nadir şəxslərdəndir ki, müstəntiq, prokuror, məhkəmə sədri, hazırda isə vəkil qismində fəaliyyət göstərir.
Azərbaycan tarixini, mədəniyyətini, iqtisadiyyatını dərin bilən ziyalıdır.
İkram müəllimin gənclikdə alpinizmlə məşğul olması, SSRİ ərazisində yerləşən bir çox zirvələri fəth etməsi isə yəqin ki, hamını təəccübləndirəcəkdir.
Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən İkram müəllimin əməyi dəfələrlə layiqli qiymətləndirilərək, yüksək dövlət mükafatları, o cümlədən “Şöhrət” ordeni, “Şərəf nişanı” ordeni, “Tərəqqi” və “Əmək veteranı” medalları ilə təltif edilmişdir.
İkram müəllim barədə çox danışmaq olar; böyük həyat yolu və zəngin təcrübəsi buna qədərincə imkan verir, amma tarixə düşmüş bir işi xatırlatmaya bilmərəm.
Əfəndiyeva Lətifə Tələt qızının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddiası Nəsimi rayon məhkəməsinin 17 iyun 1995-ci il tarixli qətnaməsi ilə təmin edilmişdi.
Qeyd edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-cü maddəsinin 4-cü bəndinə əsasən, qanunsuz olaraq işdən çıxarılmış və ya başqa işə keçirilmiş işçinin işə bərpa edilməsi haqqında qətnamələr dərhal icra edilməli olan qətnamələrə aid edilmişdi.
Həmin Məcəllənin 299-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulmuşdu ki, işə bərpa olunmaq barədə iddianın təmin edilməsi haqqında məhkəmənin qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə və ya prokurorun protestinə işçini işə bərpa etmək barədə sənədin surəti, habelə onun işə başlaması haqqında sübutlar əlavə olunsun.
Məcəllənin 297-ci maddəsinə əsasən, Səhiyyə Nazirliyi tərəfindən 10 gün müddətində Bakı şəhər məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti verilmədiyindən, qətnamə qanuni qüvvəyə minmişdi.
Məcəllənin 296-cı maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən Bakı Şəhər Məhkəməsinin Rəyasət Heyətinə nəzarət qaydasında protest verilə bilərdi. Qanunvericiliklə nəzarət qaydasında protest vermək səlahiyyətləri Bakı şəhər məhkəməsinin sədrinə, Bakı şəhər prokuroruna, Ali Məhkəmənin sədrinə və onun müavinlərinə, Baş prokurora və onun müavinlərinə verilmişdi.
Həmin dövrdə səhiyyə naziri olan Əli İnsanov Bakı şəhər məhkəməsinin sədrinə nəzarət qaydasında protest verilməsi üçün ərizə ilə müraciət etmişdi.
İkram müəllim qətnamənin dərhal icra edilməli və eyni zamanda onun ləğv edilməsi üçün heç bir əsasın olmadığı səbəbindən səhiyyə nazirinin protest verilməsinə dair ərizəsini rədd etmişdi. Bundan sonra səhiyyə naziri Bakı şəhər prokuroruna müraciət edərək, protest verilməsini xahiş etdi. Şəhər prokuroru da İkram müəllimin bu işlə bağlı mövqeyini bildiyindən protest verməkdən imtina etdi.
Daha sonra səhiyyə naziri Azərbaycan Respublikasının Baş prokuroruna da eyni xahişlə müraciət etdi. Həmin dövrdə Baş prokuror olan Əli Ömərov da Əli İnsanovla yaxın münasibətdə olmasına baxmayaraq, protest verməkdən imtina etdi.
Sonradan Əli Ömərov mənə bildirdi ki, İkram müəllimin prinsipial mövqeyi bu işdə həlledici rol oynadı.
Daha sonra səhiyyə naziri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə də müraciət etdi. Lakin həmin dövrdə Ali Məhkəmənin sədri olan Xanlar Hacıyev də qətnamənin ləğv edilməsi üçün protest verməkdən imtina etdi.
Bu qətnamə uzun müddət icra edilmədiyi üçün Lətifə Əfəndiyeva İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdi. Onun şikayətinə baxılanda həmin vaxt Xanlar Hacıyev Avropa Məhkəməsinin Azərbaycandan seçilmiş hakimi idi və özü-özünə etiraz etdi. Həmin şikayətə baxılması ilə bağlı Lətif Hüseynov ad hoc hakim təyin edildi.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 25 oktyabr 2007-ci il tarixli qərarı ilə (Ərizə № 31556/03 Əfəndiyeva Azərbaycana qarşı) məhkəmə qətnaməsinin icra edilməməsi ilə bağlı “İnsan hüquq və əsas azadlıqların müdafiəsinə dair” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğu təsdiqləndi.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 11 dekabr 2008-ci il tarixli qərarı ilə (Ərizə № 31556/03) Lətifə Əfəndiyevaya mənəvi zərərə görə 3100 Avro və 1550 Avro hüquqi yardım haqqı ödənilməsi qərara alındı.
Hazırda da İkram müəllim Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri kimi ölkədə vəkillik institutunun inkişafına ciddi töhfələr verir. Konstitusiya Məhkəməsində baxılan işlərlə bağlı Vəkillər Kollegiyası tərəfindən verilən rəylərin tərtib edilməsində onun xüsusi rolu var.
Özümü İkram müəllimin tələbəsi hesab edirəm, onun məsləhətləri həmişə dərin elmi biliklərə və zəngin təcrübəyə əsaslandığı üçün dəyərlidir.