21 Aprel 2026 / 18:10

“Azəriqaz”dan açıqlama: qazlaşma növbəti mərhələdə mümkün ola bilər

Quba rayonunun ucqar kəndlərindən biri olan Məckəxacə kəndində yaşayanlar illərdir təbii qazın olmamasından əziyyət çəkirlər. Sakinlər bildirirlər ki, bu problem onların gündəlik həyatına ciddi təsir edir və xüsusilə qış aylarında vəziyyət daha da çətinləşir.

Tezadlar.az xəbər verir ki, onların sözlərinə görə, alternativ olaraq istifadə etdikləri odunun qiyməti kifayət qədər yüksəkdir. Belə ki, bir maşın odunun dəyəri 500 manatdan başlayır və mövsüm boyu xərclər 1500-1700 manata qədər yüksəlir. Bu isə bir çox ailə üçün ciddi maliyyə yükü yaradır.

Kənd sakinləri həmçinin qeyd edirlər ki, bəzi ailələr ümumiyyətlə odun tapmaqda da çətinlik çəkir. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hələlik problemin həlli istiqamətində real addım atılmadığını deyirlər və məsul qurumlardan dəstək gözləyirlər.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin əməkdaşı Novruz Məmmədzadə bildirib ki, qazlaşma proqramı birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Sözügedən yaşayış məntəqəsinə küçə qazlarının çəkilişi işlərinə növbəti mərhələdə baxıla bilər.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!