Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışda)
5 oktyabr – Axşamüstü dostumuz İsa və Rüstəm Behrudi Məmmədin görüşünə gəldilər. Söhbət əsnasında İsa üzünü Rüstəmə çevirdi:
– Rüstəm, bilirik yaxşı şairsən, həm də böyüklüyün ondadır ki, sən həmişə özünü Məmməd Arazın şagirdi, onu isə ustadım adlandırırsan. Cavan olsan da tanınırsan, şeir aləmində öz yerin var. 41 yaşıma qədər mən Bakı adlanan bir məkana qeydiyyata götürülməmişəm, ancaq mən fikirləşmişəm ki, bir Məmməd Araz dünyası var və həmin dünyada mənim xüsusi yerim, qeydiyyatım var.
Behrudi sözə qoşuldu və dahiləri üç qrupa ayırdı:
Rəzil olublar, sonsuz olublar, kasıb olublar. Məmməd əmi kasıblar qrupuna daxil olan dahilərdəndir. Nə yaxşı ki, Məmməd Araz var. O, Azərbaycan şeirində mizan tərəzidir. Məmməd Araz olan yerdə heç kim deyə bilməz ki, mən böyük şairəm. Məmmədin böyüklüyü bir də ondadır ki, sağlığında Məmməd Araz məktəbi yaranıb, Məmməd Araz məktəbi var. Məmməd əmi haqqında “Şeir Allaha oxunan duadır” başlığı ilə məqalə yazmışam. “Azərbaycan” qəzetinə verəcəyəm. Mən də kiçik adam deyiləm…
İsa dilləndi:
– Bir daha əlavə edirəm ki, yaxşı şairsən, ancaq Məmməd Arazın şagirdi olduğun üçün yaxşı şairsən, Məmməd Araz məktəbinin davamçısısan.
– Bəli, mən fəxr edirəm ki, Məmməd Araz məktəbinin şagirdiyəm.
6 oktyabr – Məmməd, Rüstəm Behrudi Sevaka millətçi deyil, dedi. Axı sən ayrı cür demişdin.
– Sevak o vaxtın Zori Balayanı idi. Elmi məqalələrlə çıxış edirdi. Rüstəm onu tanımadığı üçün elə deyir. Gör şeirində Sevak nə deyir:
Biz kiçiyik
Güllənin ucundakı qurğuşun kimi
kiçiyik.
Biz kiçiyik,
Palıd toxumu kimi kiçiyik…
Və sairə müqayisədən sonra gör necə deyir:
Biz kiçiyik,
Ətrafımızı yeyib böyüməliyik.
İzahata ehtiyac varmı? Millətçidi, yoxsa-yox?
Sevak erməni şairlərinin çoxunu bəyənməzdi. Varped, yəni ustad dedikləri Avateki də bəyənməzdi. Deyirdi, oxumamışam, eşitmişəm ki, sizdə də “ustadlaşmış” şairlər var. Tərcümə olunmaq istəmirdi, tərcümədən xoşu gəlmirdi. Deyirdi:
– Tərcümə olunanda elə bil məni soyundurublar, çılpaq qalmışam. Sağlığında şeirləri az çıxmışdı, ya da heç çıxmamışdı.
7 oktyabr – Mənim Əliağa Vahid haqqında yaxşı xatirələrim var, qismət olsa yazacağam.
– Bir yarımçıq yazın əlimə keçib. Yazmısan: “Mən Əlağa Vahidi görmüşdüm”. Onu gündəliyimə köçürmüşəm.
“Bu gün qürurla deyə bilərəm ki, mən Əlağa Vahidi görmüşdüm, həm də tanış olmuşdum.
1963-cü ildə məni Azərbaycan Dövlət nəşriyyatının bədii ədəbiyyat redaksiyasına müdir təyin etdilər. İşə girdiyim günün sabahısı şöbənin sifarişlər qovluğunu götürüb vərəqlərkən Vahidin şikayət ərizəsinə rast gəldim. Ərizə o zaman Az. MK-nın birinci katibi işləyən Vəli Axundova yazılmışdı. Ərizənin məzmunu təxminən yadımdadı; hətta bəzi detallarına qədər. Vahid yazırdı:
“Hörmətli Vəli Axundov yoldaş, mənim kitablarım anbarlar küncündə qalıb siçanlara yem olmur. Ancaq məni çap eləmirlər. Bir kitabın çapından ötrü illərlə nəşriyyatlara ayaq döyürəm. Hamısı yalan danışır, vəd verir. Kitabın çıxması haqda göstəriş vermənizi xahiş edirəm”.
Bu məqamda mərhum yazıçı Salam Qədirzadə redaksiyaya gəldi. Vahidin məktubunu ona oxudum. Məktub yazılan ünvana çatmamış, adi şikayət ərizəsi kimi müvafiq şöbədə qeydə alınıb baxılmaq üçün Mətbuat Komitəsinə göndərilmiş, İskəndərov yoldaş da baxmaq üçün Azərnəşrə, Azərnəşrin direktoru da “müəllifə” cavab vermək üçün dərkənarla şöbəyə göndərmiş və burada mürgüləmişdi.”
— Yazı tam deyil, nə üçünsə davam edə bilməmişəm.
Əliağa Vahid Səməd Vurğundan başqa heç bir şairi qəbul etməzdi. Bir dəfə özü mənə danışıb:
– Səməd Vurğunun yanına gedib qəzəlimi oxudum, axırıncı misranı belə bitirdim:
Vahidəm, xalqımın qəzəl şairi.
Səməd Vurğun tez əlavə etdi:
Məhəbbət şairi, gözəl şairi.
Sonra Litfondun müdirini çağırıb göstəriş verdi:
– Vahidə iki min manat pul ver.
Onda Səməd Vurğun Yazıçılar İttifaqının sədri idi. Vahid ona maddi yardım edəni unutmazdı.
Şöbədə olan işçilərə göstəriş verdim ki, Vahidi yanıma çağırsınlar. Salam Qədirzadə də orada idi. Söz verdi ki, mən çağıraram, gələr.
İki gün keçəndən sonra 12 yaşlı oğlu ilə gəldi:
– Burda Məmməd İbrahim kimdir?
– Mənəm, Vahid əmi, nə qədər əlyazmaların varsa gətir. 15 çap vərəqi həcmində bir kitabını çap edək.
– Vallah, inanmıram.
– İnan, Vahid əmi, inan, – dedim.
Üç-dörd gün keçəndən sonra Seyfəddin Dağlı da gəldi. Əliağa ilə qohum idilər. Seyfəddindən xahiş etdim ki, Vahidə kömək etsin kitabını çap edək. Adil müəllimlə də razılaşmışdım, yaxşı olar demişdi. Beləliklə, 64-cü ildə kitabını çap etdik, çox razılıq etdi.
Mənə həmişə Mamet deyərdi. Qaqraya istirahətə getməyə hazırlaşdığım vaxtlar idi. Arada çıxıb bağdakı kafedə ayaqüstü yemək yeyərdim. Gördüm ki, Vahid ayaq üstə dura bilmir. Bufetçidən soruşdum ki, Vahid nə yeyib pulunu verim:
– 100 qram konyak – cavabını verdi.
Pulunu verib Vahidə yaxınlaşdım:
– Vahid əmi, nə yeyirsən?
– Mamet, aşağa düşək, hərəmiz bir piti yeyək.
Getdik, nə içirsən, Vahid əmi – soruşdum.
– Hərəmiz 200 vuraq, – cavabını verdi.
Gətirdilər, elə bu vaxt uzun əlləri olan bir kişi bizə yaxınlaşdı. Vahidlə görüşdülər.
– Bu kişini tanıyırsanmı? – soruşdu.
– Yox, cavabını verdim.
– Bu kişi Seyid Şuşinskidir.
İçmək təklif etdim, Seyid içmədi. Söylədim ki, mən işə qayıtmalıyam, gəl sizi hara lazımsa aparım.
– Mamet, sən get, biz Seyidlə burda dəmlənəcəyik.
Mən işə qayıtdım.
Bir dəfə mən tələbə vaxtı iclas olmuşdu, belə yerlərdə tələbələr maraqla iştirak edərdilər. Səməd Vurğunun sağ vaxtı idi. Zeynal Xəlil iclasda çıxış etdi:
– Yoldaşlar, Vahid bizim qabağımızı kəsib, bizi oxumurlar, kitablarımızı almırlar, baxmayaraq ki, sosializmi təbliğ edən bizik.
– Zeynal, gərək Vahiddən yaxşı yazasan ki, səni oxusunlar.
Zeynal dinmədən tribunadan düşdü.
Mənim də kitablarım çıxmış, Vahid oxumuşdu. Mənə deyərdi:
– Mamet, əşarın yaxşıdır, lap Səməd kimi yazırsan.
Həmişə zarafatla deyərdi, ə, oğraş, deyən gərək, iki arvad almaq sənin harana yaraşır. Taksi şoferləri hara desə idi onu pulsuz aparardılar.
Məmməd, mənim fikrimcə, Süleymanın qəzəlləri Vahidin qəzəllərindən yaxşıdır axı.
– Yox, Vahidin qəzəlləri xanəndələrin oxuduğu musiqiyə yatır. Elə Süleymanın qəzəlləri də yaxşıdır.
11-12 oktyabr – Məmməd axşama qədər bir kəlmə də danışmadı. Axşam əhvalının yaxşılaşmasını gözlədim. Nəhayət ki…
– Mən universitetin jurnalistika fakültəsində oxuyanda Yusif Şirvan dərnək aparırdı. “Mən” kəlməsi olan şeirdən xoşu gəlməz və onu müzakirəyə qoymazdı. Cavanlar da qəsdən “mən” kəlməsini işlədərdilər. Və elə vaxt olurdu ki, günlərlə dərnəkdə şeir müzakirə olunmazdı.
Gündüz bir az kefi durulmuşdu, həvəslə xatirələrə üz tutdu:
– Bu hadisəni Qubada bir məclisdə mənə Səməd Vurğunla ova gedən ovçu danışıb.
– Səməd müəllim, siz çıxıb gedəcəksiniz, mənisə tutub dama basacaqlar ki, qanunsuz ov etmisən. Səməd müəllim mənə cavab verdi:
– Bu dünyada üç nəfərə qoruq-qaytaq yoxdur, bir şairə, bir dəliyə, bir də deputata. Onların üçü də məndə var, qorxma!
Bir dəfə də Səməd Xaçmaz meşələrinə ova gedir. Yenə də yerlilərdən bir nəfərini özünə bələdçi götürür. Bələdçi hörmət mənasında Səməd Vurğunla siz-biz kimi sözlərlə danışırmış. S. Vurğun acıqlanır:
– Adam kimi danışsana, nə dız-vız salmısan.
Bələdçi belə bir əhvalat da danışdı:
– Ov başımızı elə qatmışdı ki, bir-birimizdən xəbərimiz yox idi. Bir də ayıldım ki, Səməd yanımda yoxdur. Ətraf yerləri gəzdim, çağırdım, cavab olmadı. Qaranlıq düşürdü, yaman qorxmuşdum. Sən demə ovun izinə düşüb məndən xeyli aralanıbmış. Dedim, Səməd müəllim, məni yaman qorxutdunuz, azardınız.
– Qorxma, Səməd itən oğullardan deyil, – cavabını verdi.
S.Vurqun haqqında çox yazılıb. Təbiidir ki, yazılanlar onun böyüklüyünü göstərməyə tam qadir deyil. S.Vurğun yaradıcılığı çox dərin təhlillər üçün material verir. Bu iş də böyük istedad, dərin fəlsəfi bilik tələb edir. Vurğunşünaslıq indi-indi yaranır. Bu səbirli zaman üçün 50 il nədir ki? Bir tarix, bir də tədqiqatçı üz-üzə dayanacaq… öz həqiqi təhlilini tapacaq. Ancaq 100 ildən sonra Səmədin Muğanda kimə qonaq olması, Talıstana neçə dəfə getməsi və s. səfərləri, yazılmamış çıxışları açılmamış bir sirr kimi bir şey olacaq. Nə qədər ki, S.Vurğunla sənət yolu keçmiş yazıçılarımız sağ idilər, onun insani keyfiyyətlərindən, torpağa, xalqa bağlılığından daha çox yazılmalı idi. Gözünü yum-aç, budu bəşəriyyət S.Vurğunun yubileylərini qeyd edəcək. Ancaq yeni nəsil gözlərini ekrana tikib 40-cı, 50-ci illəri, bu günü görmək istəyəcək. S.Vurğundan uzaqlaşdıqca onun yaradıcılığından danışmaq asanlaşacaq. Ancaq çox məsələlərin şərhində təbii ki, çətinlik yaranacaq. İllər arxasından baxan nəsil Muğanda, Mildə, İstisu yaylaqlarında, London, Bratislava kürsülərində “S.Vurğunu görmüşəm” deyənləri görə bilməyəcək. Çünki belə işlərdə də çox gecikmişik və gecikirik…
Axşam saat 6-da AMİP-in binasında, zalda “Fikrimin çəkisi özümdən ağır” başlığı altında keçirilən gecəyə getdik. Həmişəki kimi zal dolmuş, camaat ayaqüstə qalmış, içəri keçə bilməyənlər isə qapıları açıq qoydurub dəhlizdən boylanırdılar. Çoxu ziyalılar idi. İlk əvvəl 4 yaşlı bir cocuq özünün uşaq aləmi ilə “Dünya sənin, dünya mənim” şeirini çox gözəl söylədi və hər bənddən sonra camaatdan alqış aldı. Uşaqlar bir-birini əvəz-əvəz edə-edə şeir söyləyirdilər. Arada mahnıya, saza, zurnaya da yer verildi. “YUQ” teatrının artistlərinin ifasında “Sən kimə gərəksən, mən kimə gərək”, “İnnən belə o gözlərə baxmaram” sözlərinə yazılmış mahnılar alqışlarla qarşılandı. Mikayıl yenə də zalı ayağa qaldırdı. Rüstəm Behrudi çıxış etdi:
– Əslində şeirin heç bir tərbiyəvi əhəmiyyəti yoxdur, şair şeiri yazır, hər kəs ordan öz payını götürür. İndi sizə oxuyacağım şeir “Qoşul mənə, çıxaq gedək” adlanır. İndiki cavanlar həmin misranı belə dəyişdiriblər: “Qoşul mənə, gedək vuraq”.
Çıxışlar çox oldu, amma gecənin gözəlliyi onda idi ki, şeir ifaçıları hamısı uşaq idi.
Görüşdən sonra gecəni evdə davam etdirdilər.
14 oktyabr – Məmmədin ad günü münasibətilə AMİP axşam saat 6-da “Zümrüd” restoranında banket verdi. Banketin təşkilatçısı və aparıcısı Məmmədin yaxın dostu İsa müəllim idi. Gecədə şeirlər, sağlıqlar deyildi. Mikayılın ifasında “Ya rəbbim, bu dünya sən quran deyil” şeiri çox gözəl səsləndi.
Evə qayıtdıqda qapıda Heydər Həsənoğlunun məktubu vardı:
“Çox hörmətli Məmməd müəllim, son iki ayda bu mənim dördüncü gəlişimdir. Sizi evdə tapa bilmirəm. Son vaxtlar Bakıda az olmuşam. Sizin ad gününüzü təbrik etməyə gəldim. Zəhmət olmazsa, Gülxanım müəllimə mənə zəng etsin. Hörmətlə: Heydər. 4.10.96”

17 oktyabr – Artıq hər axşam Məmməddən yeni bir söz eşitmək istəyim adət halını almışdı:
– Bir dəfə Yazıçılar İttifaqında partiya iclası idi. İclas tənqid şəraitində keçirdi. Hücumlar Mirzə İbrahimova yönəlmişdi. Mirzə təmkinlə cibindən nəsə çıxarıb ağzına qoydu. Bunu görən Bayram Bayramov durub iclasdakılara dedi:
– Bizə ayıb olsun ki, bu boyda kişini əsəbiləşdirdik, baxın, Mirzə müəllim dilinin altına validol qoydu.
Mirzə çox sakitcə cavab verdi:
– Bayram, validol deyil, konfetdir.
Mirzənin kəskin sözləri vardı. Deyirdi ki, yuxarı təşkilatlar yazıçıları milisioner atına döndərib, minmək istəyirlər. Bilmək istəmirlər ki, yazıçının vəzifəsi ancaq əsər yazmaqdır.
Bir dəfə Akademiyanın binasında nəsə bir yığıncaq idi. İclası Mirzə açdı. İclasdakılar uzun zaman əl çaldılar. Mirzə acıqlandı:
– Bəsdirin, əl çala-çala dostlarımı da mənə düşmən etdiniz…
Bayram Bayramov Mətbuat Komitəsində sədr müavini işləyəndə katibəsi M. İbrahimova zəng edib deyir ki, Bayram müəllim sizinlə danışmaq istəyir. Acıqlanan Mirzə qızdan soruşur:
– Bayram müəllim kimdir?
Sonra telefonu qoyub dövlət telefonunu götürür və Bayrama zəng edir:
– Bayram, sizinlə danışan SSRİ Ali Sovetinin deputatı, Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovdur. Bu nədir katibə vasitəsilə danışırsan?
Bu söhbəti isə Mirzə müəllim özü böyük bir yığıncaqda danışıb:
– Ali Sovetin sədri idim. Mənə xəbər verdilər ki, bir qadın Sabunçudan gəlib sizinlə görüşmək istəyir. Qadını qəbul etdim, qarşımda üst-başı cırıq, vaxtsız qocalığa üz tutmuş bir qadın dayanmışdı. Soruşdum:
– Kimsən?
Sıxıla-sıxıla cavab verdi ki, filankəsəm.
Elə bil ürəyimə güllə sıxdılar. Dedim, zalım qızı, o idealı ürəyimdə niyə öldürdün?
Bu həmin qız idi ki, vaxtilə onu sevirdim. Ancaq onların evində nökər idim. Qız evdəkilərdən xəlvəti mənə ünsiyyət göstərər, yedirərdi. Demək olar ki, ürəklərimizdə qarşılıqlı sevgi vardı, aşkar etmək mümkün deyildi, çünki mən nökər, o, isə ağa qızı idi.
18 oktyabr – Hə, Gülxanım, arzuladığımız müstəqilliyi də belə qazandıq… Yadındamı, cavanları tez-tez rayonlara görüşlərə çağırardılar. Onlar da təzə yazdıqları şeirləri, kiçik hekayələri qoltuğuna vurub çağırılan rayona gedərdilər. Əkrəm Əylisli də Lənkərana gedir. Söhbətlər, suallar müxtəlif istiqamətdə olur.
Məlumdur ki, yaz, yay, payız gecələri dağ yerlərində bir cür, aran yerlərində bir cür olur. Söhbət vaxtı Əkrəmdən soruşurlar:
– Lənkəran gecələri necədir, göyü Naxçıvan göyündən seçilirmi, orada göy üzü təmiz olurmu?
Əkrəm suala belə cavab verir:
– Elə bil Lənkəranda göy bir az alçaqdır, ulduzları iridir.
Axşam televizoru açdıq. S. Vurğun – 90.
– Səməd Vurğunun sənətinə çox böyük sevgim vardı.
Yazıçılar İttifaqında M. Rahim şeir üzrə məsləhətçi idi. Cavanlar təzə yazdıqları şeirləri oxuyar, məsləhət alardılar. Mən də şeir oxumaq istəyirdim. Bu arada S. Vurğun da gəldi. Rahim müəllim ona müraciət etdi:
– Səməd, otur. Məmməd İbrahimov şeir oxumaq istəyir.
İtmiş- batmış şeirlərimdən biri idi. Şeirin ancaq iki misrası yadımda qalıb:
Onun saçlarını oxşayır hərdən,
Bir qadın əli tək dəniz küləyi.
Səməd Vurğun əlini çiynimə qoydu:
– Oğlum, qadın əlinin poeziyası ayrıdır, – dedi.
– Rahim, səhərə qədər dişim ağrayıb, otura bilmirəm – deyərək getdi.
Bu söhbəti isə mənə danışıblar.
– Mehdi Hüseynin “Tərlan” romanının müzakirəsi imiş. Tənqidçilər hərəsi bir tərəfdən əsəri tənqid edirmişlər. Mehdi Səmədə müraciət edir:
– Sən də danış…
Səməd söz alıb əsəri tərifləyir,
– Əsər bədii cəhətdən qüvvətlidir, surətlərin dili səlisdir, sosializm-realizm tələblərinə cavaba verir, amma yaxşı olardı ki, kitabın üz qabığında Tərlanın şəklini də verərdilər, yaylığı da dalğalı.
Mehdi hirslənir:
– Səməd, Tərlan oğlandır, qız deyil, oxumamısan, nə danışırsan?
– Ə, oxumalı bir şey yazmısan ki, oxuyam!
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ