Ötən gün Bakı – Sumqayıt yolunda baş verən qəza nəticəsində tanınmış hüquqşünas, vəkil Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyeva həyatını itirib. Məlumata görə, hadisə Riyad Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Gənc qızın idarə etdiyi motosiklet “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Qəza nəticəsində ağır xəsarətlər alan motosikletçinin həyatını xilas etmək mümkün olmayıb.

Bu səhər Fərhad Mehdiyev sosial şəbəkə hesabında mərhum qızı ilə bağlı paylaşım edib:
“Zəhra artıq bu dünyada yoxdur…
Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı – Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.
Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq.
Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk”.
JASMİN