…İsveçrənin Sürix şəhərində yaşayan tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənli Bakıdadır… O, Bakı küçələrində gördüyü mənzərəni təsvir edir, adam oxuduqca bizim üçün adiləşən sürücü tərbiyəsizliyi və s. incə ifadələrlə belə təsvir olunur. Tezadlar.az təqdim edir:
-10-15 dəqiqə Bakı Biznes və Kooperasiya Kollecinin qarşısında dayanmalı oldum. Bir yoldaş gələcəkdi, məni götürəcəkdi. Bu 10-15 dəqiqədə mən elə bir “canlı tamaşa” izlədim ki, vallah, bilet satsaydılar pulunu verib baxardım. Ən azı 10-15 maşın keçdi. Və hər biri yol hərəkəti qaydalarına o qədər hörmətlə yanaşdı ki… sanki qaydalar onların şəxsi düşmənidir. Sürət, siqnal, qəfil manevr, “mənəm-mənəm” — tam paket. Bir sözlə, Bakı küçələri gənc “istedadlar”ın səhnəsinə çevrilib.
Bu uşaqlar maşın sürmür. Performans göstərir. Qanunu pozmurlar. Qanunla zarafat edirlər. Polis? Yəqin ki, onlar da bu tamaşanı evdən canlı izləyirlər. Çünki belə “qəhrəmanları” saxlamaq üçün təkcə forma yox, əsəb də lazımdır. Sonra adam öz-özünə sual verir:
-Niyə İsveçrədə belə “istedadlı” gənclər yoxdur? 22 ildə bir dəfə də görmədim ki, kimsə şəhərin ortasında “şou” göstərsin. Orada da varlı var, imkanlı var, maşın var. Amma “risovka” yoxdur.
Deməli, məsələ maşında deyil. Məsələ tərbiyədədir. Bizdə isə bəzi “papanın gül balaları” elə böyüyür ki, elə bil ailədə yox, TikTok şərhlərində tərbiyə alıblar.
Haram pulun verdiyi “özünə güvən” də əlavə olunanda ortaya belə mənzərə çıxır:
-Qanun — formal şeydir
-Cəmiyyət — tamaşaçıdır
-Özləri — baş rolda
Bir dəfə də xaricdə şahid oldum. Birdən böyük bir partlayış səsi gəldi. Hamı diksindi. İnsanlar qorxu içində bir-birinə baxır. Sonra gördüm ki, bir qrup bizim gənc qəşş edib. Məlum oldu ki, zibil konteynerinə “bomba effekti” verən bir şey atıblar. İnsanlar qorxur, bunlar əylənir. Sonra deyirik ki, niyə bizi sevmirlər?
Tərbiyəsizliyə simpatiya harada var ki? Amma məsələ təkcə qınamaq deyil. Bu gənclər göydən düşməyib. Onlar bizim cəmiyyətin içindən çıxır. Ona görə də problem də bizimdir.
Bakıda çox tərbiyəli, savadlı, mədəni gənclər var — və çoxdur. Amma o biri tərəfi də görməməzlikdən gəlmək olmaz.
Tərbiyə işi təkcə ailənin yox, məktəbin, medianın, cəmiyyətin işidir. Media nə edir? Susur. Elə bil bu problemlər yoxdur. Axı bu, iqtidar-müxalifət mövzusu deyil ki, qorxasınız.
Bu, küçənin problemidir. Bu, sabahın problemidir. Bir şeyi dəqiq deyim: -Bu gün sükan arxasında “şou” göstərən gənc, sabah cəmiyyət üçün daha böyük problemə çevrilə bilər. Uzağı 20-25 il sonra bu şoumenlər Azərbaycanı idarə edəcək. Ölkəni də belə idarə etsələr daha heç zad… Ona görə də məsələ təkcə qayda pozuntusu deyil. Bu, tərbiyə məsələsidir.
-Sevgi və sayğı ilə böyüməyən gənc, özünü yalnız qorxu və güc dili ilə ifadə edir. Bizə isə qorxudan yox, tərbiyədən gələn güc lazımdır…
***
Əlavə şərhə ehtiyac varmı?! Təbii ki, yox!
Təqdim etdi: A.Məmmədli