Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ermənistanda Nikol Paşinyan hakimiyyətə Qərbin, xüsusilə ABŞ-nin siyasi dəstəyi ilə gəlib və onun apardığı siyasət açıq şəkildə Qərb yönümlüdür. Bu siyasətin əsas məqsədi Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və ölkəni sürətlə Avropaya inteqrasiya etdirməkdir. Ermənistanın siyasi elitası da dəfələrlə bu istiqamətdə açıq bəyanatlarla çıxış edib. Yəni strateji xətt Qərbə inteqrasiyadır”.
Bu fikirləri tezadlar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, 2026-cı ilin iyun ayında Ermənistanda seçkilər keçiriləcək və ölkədə ciddi siyasi gərginlik müşahidə olunur. Bu gərginliyin əsas səbəbi erməni diasporunun və siyasi dairələrin Qərb və Rusiya yönlü qanadları arasında gedən mübarizədir. Açıq şəkildə görünür ki, Rusiyaya yaxın qüvvələr Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün bütün vasitələri məqbul sayır. Bu şəraitdə Paşinyan və komandası hakimiyyətdə qalmaq üçün fəal şəkildə çalışır. Reallıqda isə Ermənistanda hakimiyyətin mənbəyinin xalq iradəsindən çox xarici güclərlə bağlı olduğu fikri ön plana çıxır. Yəni siyasi proseslərdə əsas rol ya Vaşinqtonun, ya Brüsselin, ya da Kremlin təsiri ilə formalaşır. Seçkilər isə daha çox formal xarakter daşıyan bir mexanizm kimi təqdim olunur. Hazırda Ermənistanda əslində geosiyasi mübarizə gedir – bu, Qərblə Rusiya arasında təsir uğrunda rəqabətdir. Paşinyan da bu mübarizədə Qərbin dəstəyini almağa çalışır. Bir neçə ay əvvəl Ermənistan tərəfindən Avropa İttifaqı-na qarşıdan gələn seçkilərlə bağlı siyasi dəstək üçün müraciət edildiyi də məlumdur. Eyni zamanda, Emmanuel Makronun Ermənistana planlaşdırılan səfəri də Paşinyan hakimiyyətinə verilən siyasi dəstək kimi qiymətləndirilir. Daha əvvəl isə ABŞ rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinin İrəvana səfərləri də oxşar məna daşıyırdı. Rəsmi bəyanatlarda bu səfərlər əməkdaşlıq və sənədlərin imzalanması kimi təqdim olunsa da, əsas strateji məqsədin Paşinyan komandasını hakimiyyətdə saxlamaq olduğu qənaəti formalaşır.
A.Məsiyev qeyd edib ki, digər tərəfdən, Paşinyanın Vladimir Putin ilə Moskvada görüşü zamanı ona açıq şəkildə mesaj verildiyi bildirilir: eyni vaxtda iki geosiyasi mərkəz arasında balans saxlamaq mümkün deyil. Ya Avropa inteqrasiyası yolu seçilməlidir, ya da Rusiyanın təsirində olan strukturlarda qalmaq. Bu isə Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi kimi platformalarla bağlı ciddi seçim deməkdir. Beləliklə, Paşinyan ciddi geosiyasi dilemma qarşısındadır. Bir tərəfdən Rusiyanın Ermənistandakı təsiri hələ də güclüdür, digər tərəfdən isə hakimiyyətdə qalmaq üçün Qərbin siyasi dəstəyinə ehtiyac duyur. Eyni zamanda, Avropa İttifaqının bəzi üzv dövlətlərinin son dövrlərdə Azərbaycana qarşı qərəzli mövqeləri də diqqət çəkir. Ümumilikdə, Avropa İttifaqı Cənubi Qafqaz regionunu öz təsir dairəsinə salmaq istəyir və bu siyasəti əsasən Ermənistan üzərindən həyata keçirməyə çalışır. Bu kontekstdə Ermənistan vasitəsilə həm Azərbaycana, həm də Türkiyəyə təzyiq göstərmək cəhdləri müşahidə olunur. Lakin nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır və regionda həyata keçirilən böyük layihələrin əksəriyyəti Azərbaycanın iştirakı və razılığı olmadan uğur qazana bilməz. Sitat: “Ermənistanda hakimiyyətin formalaşmasında daxili ictimai iradədən daha çox böyük güclərin təsiri həlledici rol oynayır. Qarşıdan gələn seçkilərin də bu güclərin təsir dairəsində keçiriləcəyi ehtimal olunur. Hansı tərəfin – Vaşinqtonun, Brüsselin, yoxsa Kremlin – daha üstün mövqe qazanacağı isə seçkilərin nəticəsinə birbaşa təsir edə bilər. Bu baxımdan, Makronun Ermənistana planlaşdırılan səfəri də qarşıdan gələn seçkilər öncəsi Paşinyan komandasına verilən siyasi dəstək kimi qiymətləndirilir”.