14 May 2026 / 10:23

Erməni müstəntiq Ruhulla Axundovu necə şərləyirdi?-TARİXİN DƏRSİ

…Tədqiqatçı, professor (polkovnik) rəhmətlik Cəlal Qasımov (1959- 2021) yazırdı: “Ruhulla Axundov sözün bütün mənasında kommunist idi və belə bir kommunisti ləkələmək, eləcə də məhv etmək üçün erməni müstəntiqlərin əlinə böyük fürsət düşmüşdü. Mövcud vəziyyətdə totalitar rejimin və Mir Cəfər Bağırovun verdiyi bu fürsəti və şansı qaçırsaydılar, Markaryanlar və Qriqoryanlar bunu özlərinə bağışlamazdılar. Ona görə də, onlar müttəhimlərə fiziki, mənəvi-pisixoloji işgəncə verməklə R. Axundovun əleyhinə ifadə almağa çalışırdılar”.
Rejimin cəza aparatı demək olar ki, istəklərinə nail oldular. Dəhşətli işgəncələr istər Ruhulla Axundov, istərsə də digərlərini məhv etmək, sındırmaq üçün düşünülmüş mexanizm idi. Son vaxtlar müraciət etdiyimiz istintaq materiallarında bəzi maraqlı məqamlar diqqəti cəlb edir. Totalitar rejim olan sovet sistemi yeri məqamı gələndə öz tərəfdaşlarını da məhv etməkdən çəkinməyib. İstintaq materiallarına nəzər saldıqda bir daha aydın olur ki, həbs olunmuş şəxsi ittiham etmək və özlərinə lazımı cavabları almaq üçün rejimin metodologiyaları olub. Hansı cəza vasitələrini tətbiq ediblər onu demək çətindir. Amma reallıq ortadadır ki, Ruhulla Axundovdan istədikləri cavabı alıblar.
Sual: ―Məlum olub ki, antisovet türk təşkilatı ilə əməkdaşlıq edirsiniz. Bu barədə nə deyə bilərsiniz?
Ruhulla Axundovun cavabı: ―1934-cü ildə Həsən Səfərov Bakıya gəldi və məni məlumatlandırdı. Vaxtılə H. Səfərov Uralda çalışıb. O, təşkilatın Qafqaz üzrə katibi olub. Həmin təşkilat vasitəsilə Beriya, Mircəfər Bağırov və NKVD-nin rəisi Sumbatova qarşı terror aktı hazırlamışdı.
Sual: ―Daha hansı təşkilatla əlaqəniz olub?
Ruhulla Axundovun cavabı: ―Mənim 10-dan artıq təşkilatla əlaqəm olub. Qeyri-leqal musavat təşkilatı ilə əlaqəm olub. Mən təsdiqləyirəm ki, bu təşkilatlar antisovet mövqeyində olaraq casusluqla məşğul olub.(İstintaq işi. № 12493, DTX arxiv)
R. Axundovdan millətçi qrupun üzvlərinin adını soruşduqda o, Ağamir Məmmədovun, Əli Nazimin və Ələsgər Ələkbərovun adını çəkir.
Digər istintaq materiallarında oxşar dindirilmələr və özlərinə lazım olan cavablar yer alıb. Bütün bunlar bir daha sübut edir ki, sovet cəza maşını hər hansı şübhəli bildiyi və qəbul etmək istəmədiyi şəxsdən özlərinə məxsus istintaq yolu ilə lazım olan cavabı ala bilirdilər.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası RSFSR CM-in 58-5, 58-7, 58-8 və 58-11-ci maddələrinə əsasən Ruhulla Axundovu güllələnməyə məhkum etmişdir. Hökm 21 aprel 1938-ci ildə Moskva şəhərində yerinə yetirilmişdir.
Tədqiqatçı, professor Cəlal Qasımov yazır: “Maraqlıdır ki, vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyətini, müsavatı və müsavatçılığı tənqid və hətta təhqir edən R.Axundova cavab verməməyə çalışan M.Ə.Rəsulzadə 1952-ci ildə yazırdı: “Azərbaycanın sovetləşdirildiyi ilk gündən başlayaraq müsavatçılıq və panturanizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov, “Panturanizmin zəhərli bir nümayəndəsi və “Müsavat partiyasının zavallı bir agenti” kimi günahlandırıldı” və güllələndi. Əslində isə o, həmişə və hər yerdə müsavatı və müsavatçıları deyil, onun qətlinə fərman verən bolşevikləri və bolşevizmi təbliğ və təqdir edib”.
Totalitar rejimə sadəlövhcəsinə inanmaq Ruhulla Axundovun həyatına son qoydu. Yalnız illər keçəndən sonra R.Axundova 10 dekabr 1955-ci ildə bəraət verildi.
P.S. 37- repressiyalarını tədqiq edən, uzun illər öncə tanıdığım, təcrübəsindən istifadə etdiyim görkəmli ziyalımız Professor Cəlal Qasımovun hər zaman tələbələrinin yanında işlətdiyi bir söz vardı : – “Yaşamağa dəyər!” O, orta ömür yaşadı, amma bu orta ömürdə çox işlər gördü… Məkanın cənnət olsun!
Ş.Aydınoğlu Vahabzadə
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!