14 May 2026 / 11:13

Mədəni irs və müasir texnologiyalar: rəqəmsal həllərin tətbiqi

Mayın 13-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni irs və müasir texnologiyalar: rəqəmsal həllərin tətbiqi” mövzusunda panel sessiyası keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbir 17-22 may tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar təşkil olunub.

Sessiyanın moderatoru Mədəniyyət Nazirliyi Strateji inkişaf və komunikasiya şöbəsinin müdiri v.m.i.e. Ayhan Satıcı qeyd edib ki, tədbirin əsas məqsədi rəqəmsal texnologiyaların mədəni irsin qorunması və şəhərsalma planlamasına inteqrasiyası imkanlarını nümayiş etdirmək, beynəlxalq təcrübələri bölüşmək və innovativ yanaşmaların təşviqinə töhfə verməkdir.

Sessiyada açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, hazırkı dövrdə şəhərlərin inkişafı yalnız yeni infrastrukturların qurulması ilə deyil, həm də tarixi yaddaşın, mədəni kimliyin və irsin qorunması ilə ölçülür. Mədəni irs hər bir xalqın tarixinin, mədəniyyətinin, dünyagörüşünün və milli kimliyinin ifadə formalarından biridir. Müasir şəhərsalma artıq keçmişlə gələcək arasında balans, harmoniya yaratmağı tələb edir. Bu balansın qurulmasında isə rəqəmsal texnologiyalar mühüm rol oynayır.

Mədəniyyət Nazirliyinin Vahid Mədəniyyət Reyestri informasiya sistemi haqqında danışan nazir müavini deyib ki, mədəni irsin qorunması, idarə olunması və rəqəmsallaşdırılması sahəsində həyata keçirilən kompleks və innovativ dövlət təşəbbüsü olan reyestrə artıq 3000-dən çox abidə barədə məlumat yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya Agentliyi İdarə Heyətinin sədr müavini Azər Məcidov çıxışında təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib, irslə bağlı reyestrə daxil edilən abidələrin qiymətləndirilməsində agentliyin rolunu diqqətə çatdırıb.

Sonra panel sessiya işini davam etdirib.

Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov qeyd edib ki, audioviziul məhsulların yaradılmasında tarixi-mədəni irsə xüsusi münasibət olmalıdır. Bildirilib ki, kino bu gün də ən vacib mədəni təbliğat alətlərindən biridir.  Filmlərdə irs nümunələri ilə bağlı nüanslar təqdim olunarkən milli tarixi yaddaş amili nəzərə alınmalıdır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Museyibov bildirib ki, hazırda dünya dördüncü sənaye inqilabı mərhələsini yaşayır və bu dövrdə mədəni irsin qorunmasına da münasibət dəyişib. Qeyd olunub ki, iqlim dəyişiklikləri və antropogen fəaliyyətlər, yəni insan təsiri nəticəsində mədəni irs nümunələrinin zədələnməsi, hətta bəzi hallarda öz autentikliyini itirməsi müşahidə olunur. Buna görə də mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi zərurətə çevrilib. Bu istiqamətdə süni intellekt alətləri, genişləndirilmiş və virtual reallıq texnologiyaları, 3D skanlama, dron texnologiyaları, eləcə də coğrafi informasiya sistemlərindən geniş istifadə olunmalıdır.

Daha sonra “Casting.az” platformasının təsisçisi Orxan Salmanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli və “Artivive” şirkətinin baş icraçı direktoru Sergiu Ardeleanın mövzu ilə bağlı çıxışları dinlənilib.

İnteraktiv formada davam edən sessiyada auditoriyanı maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olublar.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!