15 May 2026 / 18:55

“Şəfəq” GES yaşıl enerjidə strateji körpü olacaq

“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) inşası Azərbaycanda yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.

Tezadlar.az xəbər verir ki, bu sözləri Qarabağ bürosunun Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında “AzərEnerji” ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində inşa edilib: “240 meqavatlıq “Şəfəq” GES-in enerji sistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib. Bu stansiya xarici investisiya layihəsi olaraq BP şirkəti tərəfindən inşa edilib”.

M.Hüseynov qeyd edib ki, bu çərçivədə “AzərEnerji” tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib.

O vurğulayıb ki, “Şəfəq” GES-in enerji sisteminə inteqrasiyası üçün həyata keçirilən layihənin əsas məqsədi dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, yaşıl enerjinin payını artırmaq və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir: “Bu irihəcmli yaşıl enerjinin ötürülməsi layihəsi paralel şəkildə davam etdirilib. Belə ki, Səngəçal terminalının yaşıl enerji ilə təchizatı məqsədilə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb”.

M.Hüseynov deyib ki, bu yenilik nəticəsində terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq və Cəbrayılda Günəşdən əldə olunan enerji ümumi enerji sisteminə, oradan isə balanslaşdırılmış şəkildə həm də Səngəçal terminalına yönləndiriləcək: “Səngəçal terminalında təbii qazla işləyən 140 MVt gücündə modul tipli elektrik stansiyasının fəaliyyəti dayandırılmaqla terminalın illik tələbatının 500 milyon kV/saatın bərpa olunan enerji hesabına qarşılanması ilə illik 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət ediləcək. Bu da BP şirkətinin Xəzər regionunda əməliyyat tullantılarının CO2 emissiyasının illik 260-330 min ton azaldılmasına töhfə verəcək”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!