18 May 2026 / 13:39

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-26-CI HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

 https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-25-ci-hisse/

23 fevral – Ziya Bünyadovun ölümü Məmmədə çox pis təsir etmişdir. Neçə gün idi ki, özünə gələ bilmirdi:

– Qoca kişi idi, öz əcəli ilə ölmədi. Hayıf… Salam-sabahımız var idi.

Sonra bu misraları dedi:

Hayıf qəbirlərin qapısı olmur,

Qapılı ev var ki, qəbirdən betər.

Ziya Bünyadov çox bilikli  alim idi. Çox gözəl bir ziyalımızı itirdik.

Məmməd, bir tərəfdən yazırsan:

“Ağıllı azaldıqca  ağılsız artır.”

Bu tərəfdən də yazırsan:  “Qoruyun dünyanı ağıllılardan”,  necə başa düşək?

– Ağlasığmaz texnikanı yaradan, bunları daha çevik, qorxunc, ağlasığmaz eləyən “insandır”, “ağıldır”. Ağıl məcrasına sığmayanda “ağıl daşqını” başlayır. Bu da ağlın azmasıdır. Və ağıllı azanda ağılsız artır. Böyük dövlətlər də bundan istifadə edir, dünyanı top kimi bir-birinə atır.  Əgər xalq yetkindirsə, onun özünün sözü varsa, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq o xalq ölməzdir, məğlub edilməzdir.

Dünyada yerim var bir çarpayılıq,

Bəsimdir bu boyda dünyanın payı.

və ya

Dünyada yerim var bir çarpayılıq,

Ona da  şərikli gözlər var hələ.

Nə vaxt şeirləşəcək?

????

24 fevral – Qədir Rüstəmov haqqında yazdığın yazı qarabağlıların xoşuna gəldimi?

– Hə, Şahmar  məndən həmin yazını “Mədəniyyət” qəzetində çap etmək üçün icazə istədi. Mən də razılıq verdim.

– Bəs jurnalın məsələsi nə yerdə qaldı?

– Sabah məlum olacaq…

Danışmağa həvəsim olmadığına görə yarımçıq beytlərini  gündəliyimə köçürtdüm.

Ağla, ağlayanda “Kərəmi” üstə,

Sıyır qılıncını qoy ortalığa.

Və ya

Bu dəfə Şahdağın üzü dumandı

Ya da

Səttarxan küçəsi çıxır dənizə,

İtir dalğalarda bu yol nə yaxşı.

Nə demək istəmisən? Yol niyə dalğalarda itməlidi ki?

Arazın o taylı, bu taylı həsrətinə son qoymaq üçün çomaqdan yapışmaq olmaz. Çox ağıllı, təmkinli, heç kimə, heç nəyə mane olmayan mədəni əlaqədə, ticarət əlaqəsində, çox səmimi, çox təbii get-gəldən başlamaq lazımdır.

O taylı-bu taylı sözünü çox çeynəməmək, xırdaçılığa yol verməməklə bir amalla, bir yeni sabaha doğru addımlamalıyıq.

O iki sətir hansı hissin məhsuludu, bilmirəm.

Dalğalar həmişə hərəkətdədir. Bəlkə istəmişəm Səttarxan hərəkatı təzədən “doğulsun”.

Bir də Nəriman Nərimanov haqqında şeir yazmaq istəyirdim, eləcə də yarımçıq qaldı.

25 fevralTofiq yaşayışlarından razıdır?

– Bu saat ölkədə bir neçə quldurdan başqa kim yaxşı yaşayır ki? Xüsusilə sənət adamlarının vəziyyəti ağırdır.

– Elə buna görə də sovetlərin dövründə özünüzü oda atmışdınız ki, quldurlar kef çəksin…

– Dediyim quldurlar bütün dövrlərdə olub və yenə də olacaq. Bir xalqın azadlığı uğrunda payın olmaq, bu, ayrı məsələdir. O xalqın qulduru oldu və ya olmadı, – deyə cavab verdi Məmməd.

28 fevral – Axşam bizə gələn Əhməd Elbrus söhbətə belə başladı:

– Mən televiziyada dini veriliş aparıram. Mənim verilişimə prezidentin özü baxır. Məmmədi çəkmək istəyirəm. Mən ruhlarla danışıram. Məmmədin də ruhunu çağırıb onunla danışdım. Ruhu mənə təzə şeirlər oxudu; o şeirlərdən Məmmədin özünün xəbəri yoxdur. Verilişdə Azad Mirzəcanzadə, Bəxtiyar və Məmməd Aslan da olacaq. O qədər qəribə söhbətlər etdi ki…

Sirusun yanından keçib Allahın yanına getmişəm. Allah mənə dedi ki, get, sənə yarım kilo qızıl, 4500 dollar pul bəxş etmişəm, onu filankəslərdən alarsan. Məmməd canlı klassikdir, baxın bu xalq belə bir adamı qorumur, qeydinə qalmır. Rəhmətlik Əli deyərdi:

Sən mənim qədrimi biləsən deyə,

Bu cavan yaşımda ölümmü indi.

– Bizim millətin xasiyyətidir ki, sənətkarlarına, böyük adamlarına öləndən sonra qiymət verirlər. Bəxtiyar da böyük şairdir. Ancaq Məmməd başdan-başa fikirdir. Məsələ qaldıracağam ki, niyə ona fəxri akademik adı vermirlər. Sonra da əlavə etdi ki, sabah saat 6-nın yarısında gəlib çəkiliş edəcəyəm.

1 mart – Əhməd Elbrus dediyi vaxtda çəkiliş qruppası ilə gəldi. Çəkiliş qurtarandan sonra vədlər başlandı:

– Səni “Qorqud” nəşriyyatına fəxri başqan secəyəm və 500 min manat maaş təyin edəcəyəm.

– Elbrus, – dedim, – yerinə yetirmədiyin işə söz vermə.

Elbrus mənim sözlərimi eşitməməzliyə vurdu.

6 mart – Bu gün Hacı İbrahimin yanına getmişdim. Jurnalın çapına maliyyə köməkliyi göstərməsini xahiş etdim. Cavab verdi ki, bu saat pulumuz da, imkanımız da yoxdur. Vəssalam. Azərbaycanda yeganə ekoloji jurnalın vəziyyəti belədir.

Cəfər qardaş xəbər verdi ki, Məmmədin əmisi oğlu Zakirlə danışmışam, kitabın çapına pul verəcəyini söylədi.

– O dedi, siz də inandız?  Nisyə söhbətdir, bir də ona heç nə deməyin.

Axşam Səmədin ev muzeyini göstərdilər. Məmməd muzeyi təriflədi və məndən soruşdu:

– Baxırdın?

Yox, Yılmazla “mübarizə”də idim, baxa bilmədim. Mənim də elə yerim, şəraitim olsa onlardan yaxşı muzey düzəldərəm.

– Əlbəttə, həm evi, həm də yeri yaxşıdır, neçə illərdir ki, muzeyə lazım olan əşyaları yığırlar – cavabını verdi Məmməd.

7-8 mart – Müxtəlif ölkələrdən gəlmiş şairlər yubiley gecəsində çıxış edirdilər. Qazaxıstandan – qazax şairi çıxışında məlum siyahını sadaladı: Elçin, Anar, Bəxtiyar, Sabir, Zəlimxan, bunlar Azərbaycanın “sağ gözləridir” – söylədi.

– “Sol gözlərin” adı çəkilmədi. Deyirsən ki, zaman hər şeyi öz yerinə qoyacaq, düzdür, vaxt gələcək biz dünyada olmayanda sənin də adını belə yerlərdə çəkməlidirlər axı.

Etiraz etdi Məmməd:

– Bir iş var ki, o adları çəkilənlər onlarla görüşlərdə iştirak edən, bir məclisdə yeyib-içən adamlardır və belə yerlərdən bir-birini tanıyırlar. Məni isə görürsən.

Müğənni oxuyur:

İnan tellər ağarmaz, sənin acığına…

– Yalandı, – dedi Məmməd, – Məmməd kimi oğlanın da telləri ağardı. Vaxt gələndə Məmmədin əlindən estafeti başqa şair götürəcək…

Televizoru açdım. Rəsul Həmzətovdan müsahibə götürürdülər.

Məmməd: – Həyatın vəfasızlığına bax, vaxtilə tribunaları titrədən Rəsul indi danışa bilmir.

– Rəsulu tərcümə edən Tofiq Bayram isə həyatda yoxdur, – dedim.

8 mart Qadınlar Bayramına həsr olunmuş yığıncağı Məmmədin “Dünya sənin, dünya mənim” şeiri ilə yekunlaşdırdılar. Şeiri balaca bir qız oxuyurdu.

9 mart – Səhər yeməyini hazırlayıram. Məmməd eyvandan mətbəxə, mətbəxdən eyvana keçir. Zarafatla deyirəm:

Axı dedim belə olmaz,

Yeri-yeri şeirini yaz…

– Elə bil o adda şairimiz olmayıbmış, – təəssüfləndi Məmməd, –  Səmədin sevimlisi idi Hüseyn Arif. Bizim Hüseyn deyərdi Səməd ona. Rəhmətlik yaxşı şair idi. Elə bil dünyaya heç gəlməyibmiş.

 Mən: Mənə elə gəlir ki, çox şairlərimiz  Xəlil kimi heç nədən qorxmayıb mübarizə aparmayıblar.

Düzdür, mən özüm bunu etiraf etmişəm. Xəlil bir tərəfdən deyirdi ki, “Yest takaya partiya”, o biri tərəfdən isə öz işini görürdü. Səməd Vurğun isə partiyanın qılıncı idi, elə də olmalı idi. Çünki inanmışdı partiyaya.

– Xəlil bizim balaca otağımızın qonağı olubmu?

– Hərdən bir, qalanlarını isə bilirsən. Rəhmətlik Əli Kərim ədəbiyyata bitkin silsilə şeirləri ilə gəldi. Bir çox tənqidçilər başladılar onu tərifləməyə. Bəzən adamı çox tərifləyirlər. Bundan sonra qaldırıldığın zirvədən enmək çətin olur, burada yumalanmaq qorxusu var.

Əgər şairi bütün bir xalqın, diyarın, bütün ölkənin vətəndaşı, əsrin, zamanın bir çox məsələlərinə cavabdeh hesab eləsək, şair olmaq çox çətin işdir.

  İslam İbrahimov “Əli, tı geniy”, – deyə onu içməyə dartardı. Yaxşı oğlan, istedadlı şair idi. Hayıf oldu. Ölümünə az qalmış dəniz kənarına gəzməyə çıxmışdıq. Dəniz kənarında olan dəyişikliklərə sevindi:

– Məmməd, buralar nə gözəldir, heç vaxt belə gözəl görməmişdim dəniz sahilini.

Hə, Əli həm də yaxşı dost idi.

Dünyada iqlim dəyişkənliyi, siyasi hadisələr elə tez-tez, elə qəfil baş verir ki, bunlara cavab vermək, nəyi günün öhdəsində saxlamaq, nəyi gələcəyə ötürmək çox ciddi ağıl, son dərəcə düzgünlük tələb edir.

Təkrar edirəm, bax şair olmaq, düzünü yazmaq çox çətin işdir…

Gecə saat 12-yə işləmiş Rüstəm Behrudi zəng etdi:

– Əmi, mən və dörd nəfər dostum görüşünə gəlmək istəyirik.

Məmməd kefsiz olduğunu söylədi.

11-12 mart – Məmməd işdən qayıdanda məni “muştuluqladı”:

– Bu gün yanıma “Açıq söz” qəzetinin redaktoru gəlmişdi, yanınca bir müəllimə də gətirmişdi. Redaktorun uşaqlarına ingilis dilindən dərs deyir. Mənim “Salamat qal” şeirimə “düzəliş” etmək istəyirmiş, bir misra əlavə edibmiş.

– Bu necə misradır ki, müəlliməni sənin hüzuruna gətirib? Misranı de görək.

– Misra? Hə, “Sel, salamat qal”

– Elə bunu demək üçün yanına gəlmişdi?

– Hə.

– Vallah, camaatın başı xarabdı.

Əhməd Elbrus telefonla bildirdi ki, çəkdiyi veriliş axşam saat 19:10-da “Bu dünyanın qara daşı göyərdi” başlığı ilə veriləcəkdir, baxın.

Veriliş yaxşı alınmışdı. Məmmədin dili elə bil açılmışdı. Çox yaxşı danışırdı. Şeirlərindən parçaları da gözəl söylədi.

Çəkilişdə Əhməd Elbdrus  yaman asıb-kəsirdi ki, burda nə danışmışıq hamısı efirə gedəcək, amma onun bəzi adamların ünvanına dediyi sözlərdən əsər əlamət qalmamışdı. Ancaq quru təşəkkür sözləri qalmışdı. Veriliş qurtarandan sonra Saatlıdan Hüseyn, Şəmkirdən isə Aslan Aslanov verilişə baxdıqlarını söylədilər. Aslan müəllim dedi ki, veriliş bizi sevindirdi, yanımda Gəncədən Bağır müəllim də var. Gül-çiçək vaxtı gəlib sizi Şəmkirə aparacağam. Sonra Cəlal Əliyev zəng edib verilişi təriflədi:

– Məmməd, ev məsələn kişi ilə mənim yadımdan çıxmayıb, bu günlərdə məsələ həll olunacaq, Novruz bayramında sənə yenə zəng edəcəyəm.

(Davamı var)

Təqdim etdi:

Asif Mərzili

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!