M.F.Axundovun “Aldanmış kəvakib” əsərində təsvir etdiyi hadisə doğrudan da tarixd baş vermiş bir hadisədir. 1593-cü ilin avqust ayının ilk günlərində, Şah Abbasın hakimiyyətinin 6-cı ilində şah sarayında ehtiram və etibar sahibi olan münəccim Mövlana Cəlaləddin Məhəmməd Yəzdi yaxın günlərdə iki ulduzun dörd yerə bölünəcəyi və bunun da Şah Abbas üçün təhlükə yarada biləcəyini bəyan etdi. Şah Abbas bu münəccimin öngörmələrinin doğruluğuna inanırdı.
Təklif olunur ki, Şah Abbas üç günlüyə hakimiyyətdən əl çəksin və taxta günahkar birisi müvəqqəti olaraq əyləşdirilsin. Tezliklə belə birisi tapılır. Bu yüngül həyat sürən Yusifi Tərkeşduz ( ox qabları tikən adam) idi. 1593-cü il avqust ayının 5-8-i arasında Şah Abbas doğrudan da hakimiyyətdən əl çəkdi. Bununla bağlı bir mərasim də keçirildi. Şah Abbas öz əli ilə şahlıq tacını Yusifinin başına qoydu və onun şah olması bütün saray əhlinə elan edildi. Ona qiymətli paltar geydirildi, cins at bağışlandı və səltənətin idarəçiliyi ona tapşırıldı. Carçılar vasitəsilə Yusifi Tərkeşduzun şahlıq taxtına çıxması bütün səltənət əhlinə də çatdırıldı. Şah Abbas doğrudan da səltənət idarəçiliyi işlərindən əl çəkdi və üç gün ərzində bu işlərə müdaxilə etmədi. O hətta yaxınları ilə birlikdə səltənət paytaxtı Qəzvini də tərk etdi.
Yusifi Tərkeşduza səltənət şahı kimi istənilən qərarı qəbul etməyə səlahiyyət verildi və onun verdiyi əmrlər də dərhal yerinə yetirildi. Üç gün keçdikdən sonra Şah Abbas yenidən Qəzvinə qayıdıb taxta çıxdı və şahlığını bərpa edib Yusifi Tərkeşduzun qətli barəsində fərman verdi. Dərhal da bu fərman icra edildi və Yusifi Tərkeşduz dar ağacından asılmaqla qətlə yetirildi.
Axundovun “Aldanmış kəvakib” əsərində Yusif Sərrac əslində Şah Abbasın prototipidir. Bu əsərdə saray mənsubları kimi dilləndirilən vəzifə sahibləri də həqiqətdə əsərdəki kimi aciz insanlar deyildilər. Bu əsərin qəhrəmanlarından olan münəccimlər Mirzə Cəmaləddinin və Mirzə Sədrəddinin real prototopi – Mövlanə Cəlaləddin, vəzir Mirzə Möhsünün prototipi – Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yeri olan Hatəm bəy Ordubadi, sərdar Zaman xanın prototipi – Qərşəqay xan, mollabaşı Axund Səmədin prototipi – zəmanəsinin bütün seyidlərindən və fazil insanlarındanü üstün sayılan Mir Əbülvəli Əncu idi. Bu real tarixi şəxsiyyətlər “Aldanmış kəvakib” əsərindəki surətlərdən fərqli olaraq Şah Abbas hakimiyyətinin çox təcrübəli və dəyərli təmsilçiləri idi və Səfəvi dövlətinin əzəmətinin yüksəldilməsində onların çox böyük xidmətləri var idi.
M.F.Axundov isə tarixi müraciət etməklə yaşadığı dövrdə ədalətli dövlətçilik ideyalarını oxucularına çatdırmaq istəmişdi.
Mehman Süleymanov