ADY-nin ağlasığmaz qiymət siyasəti – elə gözlənildiyi kimi oldu…
***
ADY-nin qiymətləri yenə ağlasığmazdır və heç bir məntiqə uyğun deyil. Artıq bir dəfə ADY bu tip ağlasığmaz qiymət siyasətini Bakı – Balakən qatarında sınaqdan keçirib.
Bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“İndi də bu cür reallığa uyğun olmayan qiymətləri Bakı – Tbilisi üçün də tətbiq etməyi planlayır. Artıq açıqlama verilib. O dərəcədə yüksəkdir ki, bəlkə hələlik kəşfiyyat aparırlar. Belə ki, ADY alayarımçıq, hiss olunur çox ehtiyatla, mətləbə heç bir dəxli olmayan 51 manatı önə çıxarmaqla, kupe və SV -nin qiymətini hələlik gizli saxlamaqla qiymət açıqlaması verib:
Bakı -Tbikisi qatarı üçün indiki qiymətlər:
Kupe/Plaskart (ADY hələlik bu qiymətin dəqiq kupe , yaxud plaskart tipli olmasını açıqlamayıb) – 81+ manat;
SV – açıqlanmayıb, hələlik qapalıdır.
2019-cu ilədək olan qiymətlər:
Plaskart – 24-26 manat, Kupe – 35-40 manat, SV (yataqlı) – 57-60 manat.
Düşünürəm ki, ADY bu məntiqilə, Bakı -Balakən qatarı prinsipilə yanaşacaqsa, Bakı – Tbilisi üçün ağlasığmaz görünsə də, Kupe və SV qiymətləri belə ola biləcək:
ADY-nin hələlik gizli saxlanan və ehtimal olunan qiymətləri:
Kupe – 120 manatadək;
SV – 230 manatadək.
Güman ki, bu qiymətlər çoxdan hazırdı, sadəcə ADY bəlkə də utanır onları açıqlamağa. Bir daha qeyd etmək istərdim ki, dəmir yolu infrastrukturunun dirçəldilməsi istiqamətində ADY -nin səyləri təqdirəlayiq olsa da, qiymət siyasəti ağlasığmazdır.
Güman ki hökumətdən subsidiya ala bilmədiyindən həmin vəsaitləri əhalidən almağı hədəfləyiblər. Bilmirəm hökumət imkan verecəkmi belə ağlasığmaz qiymətlərə, amma görünən odur ki, hər hansı hesablamaya və reallığa uyğun olmayan, ağlabatan olmayan bir qiymət təklif olunub”,- deyə o qeyd edib.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti (bütün marşrut) 81 manatdan başlayacaq. Məlumata görə, minimum qiymətlər Yevlax–Tbilisi üzrə 67 manat, Gəncə–Tbilisi üzrə 62 manat, Ağstafa–Tbilisi üzrə 57 manat, Böyük Kəsik–Qardabani üzrə 51 manat olacaq.Beynəlxalq istiqamətlər üzrə gedişhaqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı – Tbilisi – Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyən edilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir.
Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.
Marşrut üzrə səfərlər müasir “Stadler” qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.
İlkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.
JASMİN