Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan tərəfi bu ilin iyun və avqust aylarında Tacikistanda keçiriləcək beynəlxalq ticarət və qida sənayesi sərgilərində iştiraka dəvət olunub.
Tezadlar.az xəbər verir ki, Azərbaycan–Tacikistan biznes forumu çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Farxodşox Raxmonalizoda ilə görüşüb.
Görüşdə iki ölkənin biznes dairələri arasında birbaşa təmasların gücləndirilməsi, qarşılıqlı ticarətin artırılması, eləcə də yaradılması planlaşdırılan Azərbaycan–Tacikistan İşgüzar Şurasına dair müzakirə aparılıb. Qeyd edilib ki, Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir və bu göstərici iqtisadi əməkdaşlığın daha da şaxələndirilməsi üçün əlavə imkanlar yaradır. Bu müstəvidə Azərbaycan məhsullarının, o cümlədən halal məhsulların Tacikistana və Tacikistan vasitəsilə üçüncü ölkə bazarlarına ixrac potensialı yüksək qiymətləndirilib.
Görüşdə həmçinin növbəti dövrdə sərgilərin təşkili və tədbirlərdə birgə iştirak barədə fikir mübadiləsi aparılıb. Tərəflər Tacikistanda keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində ortaq sərginin təşkili imkanını nəzərdən keçiriblər.
Qeyd edək ki, mayın 21-də Bakıda keçirilən Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində AZPROMO və Tacikistanın Ticarət və Sənaye Palatası arasında İşgüzar Şuranın yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Şuranın yaradılmasında məqsəd Azərbaycan və Tacikistanın sahibkarlıq subyektləri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığının, investisiyaların, ixracın və elektron ticarətin inkişaf etdirilməsidir.