3 İyun 2026 / 13:17

Əliheydər Qarayev Xudadat bəyin həyat yoldaşı Cavahir xanımı yanına gətizdirir və…

Əliheydər Qarayev Xudadat bəyin həyat yoldaşı Cavahir xanımı yanına gətizdirir və deyir: “Sən mənimlə evlənsən, ərin Xudadatın güllələnməsini sürgünlə əvəz edə bilərəm”.
Cavab şillə kimi gəlir: “Mən atın yerinə eşşək bağlamaram!”
Bu bizik?!
Bu gün Gəncə general qubernatoru, həkim çantası həmişə yanında olan ilk səhiyyə nazirimiz ,”Difai”nin müsavatçı yaradıcısı Xudadat bəy Rəfibəylinin öldürüldüyü gündür. Yox, səhv etdim, şəhid olunduğu gündür!
Yazıya başlamazdan əvvəl boynuma alıram ki, mən yapon məmurlarının idarəçilik əxlaqına həmişə qibtə etmişəm. Amma bizim Cümhuriyyətci məmurların yüksək əxlaqi əməlləri haqqında oxuyarkən onlarin misli-bərabəri olmadığını görürəm.
Sual: Kimdir, Xudadat bəy?!
Cavab: 1878-ci il yanvarın 12-də indiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində bir əsilzadə ailəsində dünyaya gələn Xudadat bəy, müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri, Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi birləşərək “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın əsasını qoymuş ən böyük şəxslərimizdəndir. Atası Ələkbər bəy Rəfibəyli də el ağsaqqalı, maarifçi olmaqla bərabər Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarından olub. Bununla bərabər o, həm də “Gəncə müsəlman dram məclisi”nin yaradılmasının, Gəncə milli məktəbinin açılmasının, Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən olub. Bununla bərabər ruslarla birləşib hər zaman azərbaycanlılara qan udduran, onları şərlətdirən, tutduran ermənilərə qarşı da böyük nifrəti olan Ələkbər bəy onlara qarşı mübarizə məqsədilə yaradılmış “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olur. 22 il ərzində Gəncə Şəhər Dumasının üzvü olub və hətda Yelizavetpol qubernatorunun 1906-cı il 30 iyun tarixli fərmanı ilə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin ömürlük fəxri üzvü təsdiq edilib.
Xudadat bəy hətda Səttarxana silah-sursat yardımına təşkilatçılıq edən inqilab ruhlu soydaşımızlarımızdan biridir. ümumiyyətlə isə Xudadat bəyin siyasi fəaliyyətini araşdırmaq həmişə lazımdır: xüsusən də onun Gəncə üsyaynındakı fəaliyyəti davam etdirilməlidir.
Məhz onun təşəbbüsü ilə hələ 1914-cü ildə Yelizavetpol Tibb Cəmiyyəti yaradılır. Məqsəd Gəncədə yoxsullara, kimsəsizlərə pulsuz tibbi yardım göstərmək idi. “Yelizavetpol Tibb Cəmiyyəti” Bakı, Şuşa, Şəki və şəhərlərdə fəaliyyət göstərən digər cəmiyyətlərlə daim sıx əlaqədə olurdu. Tezliklə onun fəaliyyəti geniş əks səda verir. Cərrahiyə əməliyyatına ehtiyacı olan kasıb təbəqənin nümayəndələri Gəncəyə axışıb gəlirdi.
Artıq nəinki gəncəlilər, Azərbaycanın bir çox bölgələri Xudadat bəyə xilaskar kimi baxırdılar və onu sevirdilər. Doğrudur, bu sevgi cəmiyyəti yaratmamışdan əvvəl də olub. 1909-cu ildə onun fəaliyyəti və xidmətləri nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib. 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.
Nazir olarkən isə onun göstərişi ilə ölkə ərazisində pulsuz müalicə göstərən bir neçə xəstəxana açılır, kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin tikintisinə başlanılır, ekspertizalar üçün laboratoriya təşkil olunur. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya yaradılır. 6 oktyabr 1918-ci ildə hökumət kabinetində dəyişikliklər edilir və yeni vəzifələr yaradılır. Xudadat bəy xalq səhiyyə naziri təyin edilir. 7 dekabr 1918-ci ildə hökumət istefa verir və Xudadat bəy vəzifəsini tərk edir.
1919-cu ilin may ayının 6-sında Azərbaycan hökuməti tərəfindən Xudadat bəy Gəncə quberniyasının general-qubernatoru vəzifəsinə təyin edilir. Yenə də düşünürəm ki, Gəncə üsyanı haqqında araşdırmalar həmişə davam etdirilməlidir. Xudadat bəy haqqında yazarkən onun nazir və həkim kimi necə təmiz insan olduğunu bir daha önə çıxarmaq istərdim. Təsəvvür edin ki, nazir vəzifəsində işləyəndə ailəsində sosial vəziyyət gərginləşir. Bu haqda həyat yoldaşı Cəvahir xanım Rəfibəyli belə deyir: ” Xudadat bəy həkim işlədiyi vaxtlar maddi vəziyyətimiz çox yaxşı idi. Nazir təyin edildikdən sonra isə bəzən evdə yemək də bişmirdi. Məvacibi az idi. Xudadat bəy dövlət yeni qurulduğu üçün işçilərin əmək haqqı gecikməsi səbəbindən öz əmək haqqısını çox vaxt işçilərinə verirdi”
***
…Xudadat bəy Rəfıbəyli qubernatorluğa başladığı ilk gündən isə Gəncə quberniyası ərazisindəki Daşnaksütyun Partiyasının silahlı dəstələrinin, Andronikin başçılıq etdiyi silahlı qruplaşmaların müsəlman kəndlərinə basqınının qarşısını almağa çalışırdı. Və tezliklə bolşeviklərin, anarxistlərin və Rusiya tərəfdarları olan müsəlmanların törətdikləri təxribatların da qarşısı alınır. Qatır Məmmədin quldur dəstəsinə qarşı sərt tədbirlər görülür. Hərc-mərcliyə, soyğunçuluğa son qoyulması, asayişin bərqərar edilməsi, sabitlik yaradılması üçün lazımı işlər görülür. Nəticədə, quberniya quldur dəstələrindən təmizlənir, erməni terrorçuları zərərsizləşdirilir, əmin-amanlıq xeyli möhkəmləndirilir.
Erməni-daşnak quldur dəstələrinin törətdikləri qanlı cinayətlər, vəhşiliklər nəticəsində Zəngəzurdakı, Göyçədəki, Dərələyəzdəki və başqa bölgələrdəki yurd-yuvalarından didərgin düşmüş 20 mindən çox soydaşımızı Gəncə mahalında yerləşdirilmiş, onlara ilkin yardım göstərilmiş, ərzaq məhsulları ilə təmin edilmiş, yaralılara və xəstələrə tibbi xidmət göstərilmiş, müvəqqəti sığınacaqlar verilmişdir. Bütün bu işlərin başında duran isə Gəncənin qubernatoru Xudadat bəy Rəfıbəyli idi!
Əslində o vaxt Gəncə üsyanı elə Xudadat bəyə görə başlamışdı. Belə ki, o zaman məhz Xudadat bəy Rəfibəylinin həbsi Gəncədə üsyan üçün siqnal olmuşdu. Hətda deyim ki, həmin vaxt Xudadat bəyi azad etmək üçün Şəmkirdən 500 nəfər silahlı dəstə Gəncəyə yol almışdı..
Bu zaman Xudadat bəy soyuqqanlılıqla və təmkinlə: “Qan tökməyin, bu bizim nəslin üstündə ləkə kimi qalar. Mən bütün həyatımı vicdanla yaşamışam və heç bir günahım yoxdur. Məni heç nədə təqsirləndirə bilməzlər”.
Tarixçi alim, Nəsiman Yaqublu o dövrü araşdırarkən qeyd edirdi ki, “1920-ci ilin mayın ortalarından başlayaraq, Gəncədə vəziyyət kəskinləşmişdi və Qızıl ordu hissələri ilə əhali arasında toqquşma baş verəcəyi gözlənilirdi. Vəziyyəti gərginləşdirən və Gəncə üsyanının başlamasına səbəb olan amillərdən biri də Xudadat bəyin bolşeviklər tərəfindən həbs edilməsi idi. X. Rəfibəylinin istintaq işini burada ermənilər aparmışdı. Bu hadisədən bir neçə gün sonra, mayın 25-dən 26-na keçən gecə üsyan başlamışdı. Gəncə üsyanına başçılıq edən, Azərbaycan milli ordusunun keçmiş 3-cü piyada Gəncə polkunun komandiri, sonradan Polşa ordusunda xidmət etmiş, 1955-ci ilin yanvarında isə sovet KQB-sinin göndərdiyi bir xanım tərəfindən Almaniyada zəhər verilərək öldürülən məşhur albay Cahangir Kazımoğlu da xatirələrində üsyanın başlanmasına X. Rəfibəylinin həbsinin səbəb olduğunu göstərirdi”.
Beləliklə, 1920-ci ilin mayın 12-də Xudadat bəy Rəfibəylini həbs edilir.. Silahlı əsgərlərin nəzarəti altında Gəncədən qatarla Bakıya gətirilən Xudadat bəy Gəncə üsyanının təşkilində ittiham edilir. Deyilənə görə erməni vəkil Səfikyan Xudadat bəyə istintaq zamanı ağır işgəncələr verir və onu verdiyi ifadələrdən imtina etməyə məcbur etmək istəyirdi. Lakin Xudadat bəy heç bir halda öz verdiyi ifadələrdən imtina etmir. Səfikyana verdiyi ifadəsində yazırdı: “Mən bütün həyatımı vicdanla yaşamışam. Mənim həbsim sifarişlidir. Erməniləri qətlə yetirməyim haqda ittihamlar ermənilərin öz uydurmasıdır. Mən ermənilərin qətl edilməsi haqda nə Qaçaq Məmmədqasıma, nə də Sarı Ələkbərə göstəriş vermişəm. Əksinə, Gəncədə yaşayan ermənilərlə bir neçə dəfə görüşüb, onları qanunlara riayət etməyə çağırmışam. Lakin onlar hər dəfə bu tələblərə riayət etmək əvəzinə, öz məhəllələrindəki insanları silahlandırıblar. Mənim həbs edilməyim də onların istəyilə həyata keçirilib”.
Deyilənə görə bu erməni, onun həbsdən azad edilməsilə bağlı davamlı xahişlərini qulaqardına vurduğu N.Nərimanovun bərk qəzəblənərək, xilas üçün Moskvaya səfər etməsini eşidəndə isə, “müttəhim”i istintaq başa çatmadan (məhkəməsiz) qətlə yetirmək qərarına gəlir. Verdikləri əziyyətlər azmış kimi məhkəmədə ona heç son sözü də deməyə də imkan vermirlər…298 sayılı işi isə bağlamadan əbədi saxlanmağa göndərdilər…
Sözardı: 43 yaşında öldürülən xudat bəyin həyat yoldaşı Cəvahir xanım üç uşaqla qalır: Kamilin 11, Rəşidin 9, gələcəyin böyük şairəsi Nigar Rəfibəylinin isə 7 yaşı vardı…Atasız qalan bu ailəni qarşıda həyatın hələ necə ağır sınaqları gözləyirdi…Xudadat bəy Rəfibəyli təqsirkar olmadığı haqqında bəraəti isə ölümündən 70 il sonra qazanır.
Gəncə üsyanı qan içində boğulur. Bolşevik Həmid Sultanov isə Gəncə üsyanı yatırılandan sonra sevinə -sevinə deyirmiş ki, “Mən burada bir başıpapaqlı qoymadım …”
Amma yox, tarix kimin papaqlı olub olmadığını bir daha sübut edir. Tarix sübut etdi ki, əslində Həmid Sultanov və ətrafı ömür boyu keçəl və Keçəl Həmzə rolunda olublar. Tarix sübut etdi ki, Azərbaycan xalqının düşmənlərinin Rəfibəylilər nəslini yer üzündən silmək cəhdləri mümkün deyil. Bu şərəfli nəslin nümayəndələri öz mübarizələrindən heç zaman dönmədiklərinə görə xalqın yaddaşında və bununla da tarixdə qaldılar.
Xudadat bəy və onun xatirəsi hər gün olduğu kimi bu gün də xatırlanır… Ölkəmizdə hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Çünki 1918-ci ilin məhz həmin gündə Xudadat bəy Rəfibəyli Azərbaycan Cümhuriyyətinin ilk səhiyyə naziri təyin edilmişdi…
Sözardı: Düşmənlər Xudadat bəyin məzarını onun özünü bizlərə unutdurmaq üçün yox etdilər. Amma onun məzarı da əməlləri də hər bir azərbaycanlının qəlbindədir və yaşamaqdadır!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!