-Həqiqətlər müqayisədə aydın görünür. Köhnə bakılıar təsdiq edər ki, bu may, iyun günlərində Bakının havası bütün əvvəlki illərdəkindən daha sərindir. Səbəb təbiətdəki dəyişmələrdir. Ancaq hər kəs də təsdiq edər ki, bu günlərdə Bakının hərarəti bütün başqa vaxtlardakından daha çoxdur. Səbəb paytaxtımızda keçirilən enerji həftəsidir. 31-ci “Bakı enerji həftəsi”ndə 46 ölkədən 270-dən çox şirkətin bir araya gələrək etdiyi söhbətlərin, apardıqları müzakirələrin başlıca mövzusu enerji sənayesinin gələcəyini formalaşdırmaq yolunda irəliləyişlərə nail olmaqdır. Bu gün işə başlayan və 25 ölkəni təmsil edən alimlərin qatıldığı “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” mövzusunda III Beynəlxalq Konfransı davam edən enerji həftəsi ilə birbaşa bağlayan mühüm bir cəhət var. Həmin ortaq cəhət həm enerji həftəsinin, həm də başlanan konfransın daşıdığı başlıca ideya və fəlsəfədir. Bu ifəlsəfə və ideya isə sabah haqqında düşüncələr, gələcək quruculuğu yolunda çalşmaqdan ibarətdir.
Asta-asta yaşa dolan və ağılasığmaz sürətlərlə inkişaf edən yeni əsrin qarşıdakı illərində qlobal rifahın təmin olunması üçün hansı tədbirlər görülməli, hansı tədarüklər edilməli, hamı üçün, bütövlükdə insandan ötrü faydalı olacaq daha münasib yaşayış mühiti və enerji ehtiyatları yaratmaqçün hansı addımlar atılmalıdır?
Yeni əsr və təzə minillik büsbütün yeni bir yol deməkdir. Arxada qalan minilliklərdən fərqli olacaq bu minillik süni intellekt, modern texnologiyalar, çoxistiqamətli rəqəmsal tətbiqlər epoxası kimi başlanır və söz yox ki, bu reallıq artan templərlə inkişaf edəcəkdir. Bəşəriyyətin, dünyanın qarşısında bu gün 2 ümdə suala cavab vermək zəruriyyəti var: birincisi, biz hansı ətraf mühit içərisində yaşayacağıq, ikincisi, təmizliyini qorumağa səy göstərdiyimiz təbiətlə enerji ehtiyaclarımızı ödəmək üçün münasibətlərimizi necə quracağıq?
Bu konfransı təşkil edən Universitet “Odlar Yurdu” adlanır. “Odlar Yurdu” elə “Azərbaycan” deməkdir. Tarixən neft-qaz ölkəsi olan Azərbaycana qədimlərdə elə məcazi mənada bu adı veriblər. Ancaq Azərbaycana bu adı həm də qızmar günəşli, istisi bol ölkə olduğu üçün babalar və tarixi təcrübə verib.
Azərbaycanın paytaxtı Bakının niyə belə adlanmasının da çox rəvayətləri var, etimologiyalardan biri təsdiqləyir ki, şəhərin adı “Badikubə” – “Küləklərin döyəclədiyi yer” deməkdir. Bu yozumda dərin məntiq də var: çünki Xəzri və Gilavar – daimi şimal və cənub küləyi Bakıdan heç vaxt əskik olmur.
Və bunlar həm də gələcəyi necə qurmağın, minillərin ayrıcrındakı dünyamızı həm sağlam mühit içərisində, həm də arxayın enerji təminatı ilə yaşatmağın düsturudur. Azərbaycan bu gün özünün zəngin karbohirogen ehtiyatları və apardığı dürüst iqtisadi əməkdaşlıq siyasəti ilə qlobal enerji təhlükəsizliyinə töhfələr verən açar ölkələrdəndir. Ancaq Bakı, Azərbaycan həm də ona təbiətin bəxşişi olan digər sərvətlərin – kəsilməz küləklərin, ilin çox hissəsini dolduran qızmar günəşin, coşqun dənizimizin, çaylarımızın daxilindəki gücü getdikcə daha sürətlə və geniş ölçüdə “qara və mavi qızıl” adlandırılan neft və təbii qazın əvəzedicisinə çevirmək, bərpa olunan enerji xəzinəmizdən daha artıq bəhrəlnmək əzmindədir.
Əbəs deyil ki, Azərbaycan dövləti 2024-cü ili respublikada “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdi. əbəs deyil ki, Azərbaycanda 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Səbəbsiz deyil ki, Azərbaycan XX əsrin sonları – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru, eləcə də Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonası elan edib, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edir, ekosistemin ardıcıl bərpası ilə məşğuldur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi də həmin qətiyyətlə götürülmüş xəttin əlavə sübutuna çevrildi.
Həm də bu xətt Azərbaycanda, həmin problemlərdən bütün dünyanın daha gur səslə danışmağa başladığı indiki illərdə deyil, 20 ildən də qabaq, təzə əsrin lap başlanğıcında götürülüb. Zati-aliləri İlham Əliyev 2003-cü ildə Azərbaycan dövlətinə rəhbərlik etməyə başladığı ilk aylardan bu haqda düşüncələrini açıqca bəyan etdi və Prezidentin 2004-cü ilin 21 oktyabrında imzaladığı sərəncamla “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq edildi.
Bu uzaqgörən tədbirləri nəticəsidir ki, Azərbaycan bu gün hədəflərə doğru irəliləməkdəki nəzərəçarpacaq uğurları ilə öyünə bilir. Ancaq bunlar bizə və dünyaya çox gərək olan elə hədəflərdir ki, onlara çatmaq üçün hər gün irəliləmək vacibdir. Elə indi işə başlayan konfrans da belə irəliləyişlərə nail olmaqçün zəkaların səfərbər edilməsi, elmin gücündən daha artıq yararlana bilməkçün mümkün səmərəli yolların axtarılmasıdır.
XX əsrin əvvəllərində görkəmli Azərbaycan maarifçisi və şairi Abdulla Şaiqin yazdığı misralar üstündən 100 il keçəndən sonra indi Birləşmiş Millətlər Təşkilatının mühüm nəşrlərində özünə yer alıb və sadə həqiqəti ifadə edən o sətirlərdə həm bu konfransa, həm dünyaya və siyasətlərə, həm də hər bir insana ünvanlanan müdrik çağırış var:a
Həpimiz bir Günəşin zərrəsiyik,
Həpimiz bir yuva pərvərdəsiyik!
Hamımız bir Günəşin zərrələri kimi eyniyiksə, hamımız Yer Kürəsi adlı ortaq bir yuvanın sakinləriyiksə, əlbəttə ki, onu qorumaq və daha gözəl etmək də hər birimizin vəzifəsi və borcudur.
Elə bu konfransın da, zənnimcə, işlə başladığı ilk andan və davam edəcəyi bütün saatlarda əsas məqsədi də məhz bundan ibarətdir!
(Tezadlar.az)