17 İyun 2026 / 20:08

TTKF minlərlə gəncin təhsilinə töhfə verib

Təhsil Tələbə Krediti Fondu fəaliyyətinin 5-ci ildönümünü qeyd edir.

Tezadlar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan Təhsil Tələbə Krediti Fondu ötən beş il ərzində minlərlə tələbənin təhsil haqqının maliyyələşdirilməsinə və təhsilə əlçatanlığın artırılmasına töhfə verib.

Fondun məlumatına görə, fəaliyyətə başladığı dövrdən bu günədək e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olub, onlardan 85 minə yaxını rəsmiləşdirilib. Hazırda kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart təhsil tələbə kreditləri təşkil edir.

Beş il ərzində ümumilikdə 80 milyon manatdan artıq vəsait ayrılıb. Bunun 78 milyon manatdan çoxu birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb. Ayrılan vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxını isə sosial təhsil tələbə kreditlərinin payına düşüb.

Qeyd olunub ki, geriödəmə mərhələsinə keçmiş 691 sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1 684 standart təhsil tələbə krediti üzrə isə 25 faiz güzəşt tətbiq edilib. Nəticədə tələbələrə ümumilikdə 766 min manatdan çox kredit məbləği bağışlanıb.

Təhsil pillələri üzrə bölgüdə kredit müqavilələrinin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür.

Fondun statistikası kredit alanların 64 faizinin qadın, 36 faizinin isə kişi tələbələr olduğunu göstərir. Bu da qızların və gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində Fondun mühüm rol oynadığını ortaya qoyur.

Məlumata görə, son beş ildə 35 əməkdaşlıq memorandumu imzalanıb, 1 981 tələbə müxtəlif təlim proqramlarına cəlb edilib, 655 tələbə və məzun təcrübə imkanlarından yararlanıb, 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib.

Fondun fəaliyyəti beynəlxalq səviyyədə də qiymətləndirilib. Belə ki, qurum 2025-ci ildə innovativ fəaliyyəti və tələbəyönümlü yanaşmasına görə “QS Reimagine Education” beynəlxalq tanınma sertifikatına layiq görülüb.

Hazırda Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti 84 mindən çox kredit müqaviləsi, 80 milyon manatdan artıq maliyyə dəstəyi və minlərlə gəncin təhsil imkanlarının genişləndirilməsi ilə xarakterizə olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!