Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(Əvvəli ötən buraxılışda)
29 iyul – Telefonun səsi məni fikrimdəm ayırdı:
– Mən Məmmədin tələbə yoldaşıyam, Türkiyədə işləyirəm, orada bir yoldaş Məmmədin həyat və yaradıcılığına aid dissertasiya yazır. Məndən xahiş etdi ki, kitablarından hərəsindən bir nüsxə və haqqında yazılmış məqalələri ona aparım. Həm də məktub gətirmişəm, onu necə sizə çatdıra bilərəm?
– Evə gətirə bilməzsinizmi? Qaldı ki, kitablara, məndə hərəsindən bir nüsxədir. Haqqında yazılmış məqalələr, qəzetlər də həmçinin. Məmməd işdədir, telefonu verim, zəng edin.
23 avqust Ayın 6-dan yığışıb kəndə gəlmişdik. Məmmədi güclə kəndə aparıram. Qaldığımız günlərin yadda qalan bir qonağı oldu, o da Abdulla. Abdulla birinci dəfə bizə gələndə qaynanasının bir mis camını qoltuğuna vurub bizə pay gətirdi.
– Yoldaş Abdulla, Məmmədin hələ 65 yaşına var və mis camı da qaytar apar, bizə lazım deyil. – Və gedəndə camı Abdullaya verdim.
Bir neçə gün keçdi. Tuncay çox əsəbi halda içəri girdi:
– Nənə, başın xörək bişirməyə qarışıb, bir bax küçəyə nə qədər adam yığışıb, dədə də Abdullanı başa sala bilmir.
Küçəyə çıxdım, Abdulla tutduğu taksini lap qapıya qədər sürdürmüş, maşının qabaq şüşəsinə Heydər Əliyevin şəklini vurmuş, özü də fəxrlə dayanıb gah aşığın kasetinə qulaq asır, gah da şeir deyir, belə şeyləri görməmiş kənd camaatı da ona baxır gülüşürdülər. Məmməd də onu başa sala bilmirdi ki, bura nümayiş yeri deyil. Şəkli götürüb maşının içinə qoydum:
– Abdulla, bu nə hərəkətdir edirsən, yekə kişisən, bu düşük hərəkətlərindən utanmırsan?
Mənim əsəbiləşdiyimi görən Abdulla yazıq-yazıq dilləndi:
– Bağışla, Gülxanım bacı, dünən sizdə yediyim çörəyin üstündəyəm, acam mənə çörək ver.
Abdulla bizə belə bir konsert verdi.
24 avqust – Şəhərə qayıtmaq istədiyimiz gün Cəfər qardaş qonağımız oldu.
– Bacı, bağışla, yasa gələ bilmədim. Bacına allah rəhmət eləsin, başıma çox hadisələr gəldi. Bildim ki, hələ Qubadasınız, gəldim sizi görməyə.
Söhbətarası Cəfər qardaş keçmişdən də danışdı.
– Mən Məmmədi Məmməd İbrahim olandan izləyirdim, ancaq o, özü bunu bilmirdi. Bir dəfə Səməd Vurğunun yaradıcılığına aid şeir gecəsi idi. Onda Bəxtiyara hücumlar başlanmışdı. Gecədə danışanlara 3 dəqiqə söz verirdilər. Məmməd kürsüyə qalxmamışdan əvvəl dedi ki, sözünü 3 dəqiqəyə çatdıra bilmədiyi üçün 5 dəqiqə danışacaq. Zal bu sözə əl çaldı. Məmməd sözə belə başladı:
– Səməd Vurğun yaradıcılığına bələd olan, onun tədqiqatçısı olan Bəxtiyara hücumlar əbəsdir. Deyildiyinə görə Məcnun çox gözəl bir gənc olubmuş, Leyli isə kifir bir qız imiş. Atası Məcnuna deyəndə ki, sənə gözəl bir qız alaram, Leylidən əl çək, onda Məcnun bir daş götürüb damarını kəsmiş, damarından axan qan öz-özünə Leyli, Leyli, Leyli yazıbmış. İndi əgər Bəxtiyarın damarından kəssələr, ondan çıxan qan Təbriz, Bakı, Azərbaycan yazacaqdır.
Sonra Cəfər Məmməddən soruşdu:
– Yadındadır, qardaş?
– Hə, o gecə aktyor evində idi.
– Onda, qardaş, sənin çıxışına çox əl çaldılar. Öz – özümə fikirləşdim, ay aman, bu kişini tutacaqlar. Yaxşı ki, elə bir hadisə olmadı.
25 avqust – Bakıya qayıtdım, nəfəsim yenidən təngiməyə başladı. “Dədə Qorqud” dastanındakı toponimlərdən danışırdılar. Məmməd Səmədlə bağlı bir əhvalat danışdı:
– Bunu bizə Mirzə İbrahimov danışıb. Türkmənlər dastanın onların olduğunu iddia edir, az qala bizimlə dalaşırdılar. Sonra dastan düşmən çıxdı. Elə bu vaxtlar Moskvada yazıçıların iclasımı, qurultayımı gedirdi. İclas qurtarandan sonra geri qayıdırdıq. Səmədin çox gözəl atmacaları olardı, təyyarəyə minməyə hazırlaşırdıq. Başda Berdi Kerbabayev olmaqla Türkmənistanın nümayəndələri də öz təyyarələrinə tərəf gedirdilər. Səməd Berdini çağırdı:
– Berdi, Berdi “Dədə Qorqud”u verdik sizə.
Berdi də zarafatla cavab verdi ki, ta istəmirik.
5 sentyabr – Məmmədin yarımçıq misralarını tapıb yazı masasının üstünə qoydum, görək nə vaxt şeir olacaq.
Sən mənim oğlumsan, qələmim, oğlum
Qoyma bu atanın ocağı sönə…
Yaman üşüyürəm səndən ötəri
(Qoy bir az üşüyüm səndən ötəri)
Qalsın o məhəbbət, ürək istisi.
Səndən nə umuram: ürəkdən gələn
Qılıq istiliyi, söz istiliyi.
Riyasız, boyasız üzümə gülən
Baxış istiliyi, göz istliyi.
İki il ömrümün iki varağı
Yazılıb əbədi çevrildi artıq.
Bolluca göz yaşı gətirdim sənə
Bolluca yuxusuz gecələr bəsin.
Həmişə fikirli, həmişə dalğın,
Nəyinsə, kiminsə sorağındasan
Elə hər sözündən tənə yağışı,
Elə hər nidanda bir küsü-umu.
Tutaq ki, mən pisəm, dünyada yaxşı…
Nəğməkar sarıdan, şair sarıdan
Mənim də torpağım münbit olubdu.
Bu torpaq ən münbit torpaq olubdu
Dünyanın ən müdhiş sərkərdələri
Nizami önündə baş əyibdilər.
Əlləri nahaq qan tökən oğluna
Nənələr südünü haram buyurdu.
Qılınclar qəzəbdən su içib durub
Buyruq istəyəndə Qacar tacından
Xəyallar qoynunda yol gedirəm
Gecələr yuxum çəkilir göyə.
– Yazı masama qoyduğun misraları oxudum, görürəm ki, onların hərəsində tam bir fikir var. Qoy onlar da belə yarımçıq çap olunsun.
– Yazmırsan, yarımçıqları tamamlamırsan, öz işindir, deyirlər ki, şairlər Allaha yaxın adamlardır, allahla danışırlar. Soruş, gör bu yağış nə vaxt kəsiləcək?
– Allah ta danışmır, daha doğrusu danışdırmır.
8 sentyabr – Jüll Renarın gündəliyini oxuyuram. Çox yaxşı fikirləri var. Onun fikirləri:
– Bəli, mən bilirəm: bütün dahi adamları əvvəlcə tanımaq istəməmişlər.
– Əsl məşhur yazıçı o yazıçıdır ki, adını bilmirlər, əsərlərini isə heç vaxt oxumamışlar. “Şöhrət şeypurları” onların yalnız adlarını bizə çatdırmışlar.
– Ağıllı adamlarla istedadlı adamları dolaşıq salmayın…
– Xəyal – fikrin ay işığıdır.
– Balaca vətənlə böyük vətənin arasında fərq yoxdur. Axı o, yeganədir.
– Quş ağacın köçəri bəhrəsidir.
– Qocalıq qar kimi qəflətən gəlir, səhər oyanıb görürsən hər şey dümağdır.
9 sentyabr – Axşam xəbərlərində Haiti sahillərində paromun batmasından danışılanda Məmməd professor Gülü xatırladı:
– Gül deyirdi ki, bir litr neft dənizdə 10 kv.m. sahəni öldürür. Neft kəmərindən sonra Xəzərdə gəmilərin batması, buruqların partlaması hadisələri çox olacaq.
İşıq idarəsindən gələn nəzarətçi cavan oğlan öz işini qurtarandan sonra məndən bir kağız istədi və onu Məmmədə verdi:
– Məmməd müəllim, mənə bu kağıza bir neçə söz yaz.
O da bu sözləri yazdı: “Allah sənə yar olsun”. İmza. Tarix.
– Məmməd müəllim, mən bu kağızı tütyə kimi saxlayacağam.
13 sentyabr – “Xəbərlər”də tərif şeypurları işə düşmüşdü. Məmməd:
– Belə işlərə baş qarışanda mən yada düşmərəm – dedi. Elə bu vaxt aparıcı Esmira Çərkəzqızının səsini eşitdik:
– Müəllimlər, Məmməd Arazın təbirincə desək, əsl vətəndaşlar, vətənin qayalarında mamır ola bilən vətəndaşlar yetirməlidilər.
– Hə, – dedim, – gördün yaddan çıxmamısan.
Tusi adına Pedaqoji İnstitutunda dərs ilinin başlanması münsaibətilə görüş keçirilirdi.
– Bu zal o qədər adamlar görüb ki, yadındadır, bu zalda mənimlə də görüş keçirilib. Tələbə vaxtı daxil ola bilmədiyim anlar da olub – kədərlə gülümsündü Məmməd…
(Davamı var)
Təqdim etdi: Asf MƏRZİLİ