Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışda)
11 iyun – Bura Məmməd Arazın evidir?
– Bəli.
– Mənim adım Həqiqətdir, müəlliməyəm, “525” qəzetində Məmməd müəllimin “Dilənçi qaçqın” şeiri çap olunub. Burada 15 nəfər müəllim mübahisə edirik ki, o şeir 1992-ci ildə yazılıbsa, deməli, Ermənistandan qaçan qaçqınlara aiddir. Hamı bilir ki, biz dilənməmişik, hətta Ayazın ayırdığı maddi yardımı da almamışıq. Hamı bilir ki, ermənistanlı qaçqınlar alın təri ilə yaşayan qaçqınlardır.
– Həqiqət müəllimə, o şeir ünvanlanmayıb, ancaq şair həmin hadisənin şahidi olub, o hissləri keçirib. Cavan bir gəlin yanında uşaqla, qaçqınıq, – deyə dilənirdi. Uşağı görən şair həqiqətən sarsıldı. İnanın mənə, bizim yaşadığımız evin qapısını tez-tez döyürlər. Burada kefinizə toxunası bir söz yoxdur. Evini, varını qoyub qaçıblar, hansı yollasa da yaşamalıdırlar. Şeir isə tərbiyəvi xarakter daşıyır. Oxumusunuz, orada deyilir ki, şirlər də, ilanlar da, quşlar da öz balalarını belə öyrətməz, dilənçiliklə böyüyən uşaq sabah torpağı üçün vuruşarmı? Belə çıxır ki, dilənçi yetişdirən ölkənin adamları əvəzinə heyvanlar vuruşacaq?
– Düzdür, ancaq Məmməd müəllim şeirin tarixini dəyişsin.
– Məmməd müəllim sifariş qəbul eləmir, mənim bacım, onun “Düşmən qabağından qaçan kişilər” şeiri də var, onda bütün ordu tökülüb gəlsin ki, niyə belə yazmısan?
– Allah Məmməd müəllimə can sağlığı versin. Həmişə, o vaxt da, indi də kişi kimi yazır. Sağ olun.
12-16 iyun – Saat birə yaxın Nərmin xanım əlyazmalarını və şəkli götürdü:
– Mən çox şad oldum ki, sizin kimi bir xanımla tanış oldum. Məmməd Arazın elə özünə layiq xanımı olduğunu gördük. Allah sizi bir-birinizdən ayırmasın.
“Müxalifət” qəzetində İsgəndərlə bağlı yazı çıxmışdı. Əlillər cəmiyyəti Azərbaycandan kənarda yaşayan ziyalılara – Rastropoviçə, M. Maqomayevə, Q. Xazanova, L.Yakuboviçə müraciət etmiş, onların H. Əliyevə İsgəndərin azad edilməsi üçün xahiş etmələrini rica etmişdilər. Həmin yazıda belə bir hissə də vardı:
“Respublika ziyalılarının bir hissəsi canından, bir hissəsi də malından qorxub İsgəndər bəy haqqında pıçıltı ilə danışdıqlarından səsləri eşidilmir. Əslində onları qınamaq da olmaz. Çünki üstündən 60 il keçməsinə baxmayaraq 37-nin xofu canlarından çıxmayıb. H. Cavidin, Ə. Cavadın, M. Müşfiqin, S. Mümtazın və digər neçə-neçə Azərbaycan ziyalısının faciələrini unutmayıblar. Bir də hamıdan B. Vahabzadə, M. Araz, X. Rza (Allah rəhmət eləsin) olmağı tələb edə bilmərik… (“Müxalifət” 14 iyun 1997. Şənbə)”.
Qəzetdəki materialı Məmmədə oxudum.
19 iyun – Bu gün yaman darıxıram… Elə bil bir əl ürəyimi tutub sıxır.
… Ömrün qürub çağı… kim deyib bu sözü, çox qəribə bənzəri var sonu çatan həyatla… ömrün qürub çağı… ala-toranlı ömürdən neçə səhifə qalıb? Hər səhifə cırılıb atıldıqca ömür daralır, qocalıq əlindən yapışıb qəbrə dartır.
Gözünü açıb işıq görəndə sevinirsən. Nə yaxşı səhər doğan günəşi gördüm… Günlər ilk baxışda bir-birinə oxşayır. Aylı-aysız, ulduzlu – bəzən də ulduzları görünməz gecələr də bir-birinə oxşayır. Aydın, təmiz səmalı yay gecələrində “ağ yolun” səmti ilə qaçmaq istəyirsən… Hara? – bilmirsən…
Günlər bir-birinə oxşasa da, bu gün dünənki deyil. Bəs sabah? Hər açılan səhərin öz işığı, öz nəfəsi – bir sözlə öz “nəğməsi” var.
Qışda dünən yağan qar bu gün yağmayacaq və ömrün qürubu da beləcə bitəcək…
Hər bir insan ömrü özü bir romandır, tarixdir.
Kiminin romanı oxunur, kiminin isə bir tərəfə atılır.
Ömrün qürub çağı… Ömrün sonu! Ayağım altında tapdanan xəzəllər gələn il payızda yenidən küləklərin yemi olacaq… Gözlərimi silib işlərimə davam edirəm…
23 iyun – Bir şeir və ya nəsr əsəri haqqında öz fikrimi bildirən kimi Məmməd həmişə bu misalı çəkirdi:
– İlyas Əfəndiyev cavan vaxtlarında Əli Vəliyevin, o vaxt “Azərbaycan” jurnalının redaktoru idi, yanına təzə yazdığı hekayələrini aparar və ona oxuyarmış. Hekayəni dinləyən Qumru xanım əsəri tərifləməyə başlayarmış. İlyasın sualedici baxışına Əli müəllimin cavabı belə olarmış:
– Ver, Qumru çap eləsin.
15 iyul – Axşam yenə də fontanın yanında fırlanırıq.
– Gəl, yenə də yazıçılardan danışım: Osmanla Mehdi baletə baxmağa gediblərmiş. Osman Mehdidən soruşur:
– Mehdi, o nədir elə, hey ayaqlarını qaldırırlar, niyə?
– Osman, məhəbbətlərini izhar edirlər.
– Ayrı cürə, yəni adam kimi izhar edə bilməzlər?
Əli Vəliyev “Azərbaycan” jurnalının redaktoru olanda Hüseyn Arif Əli müəllimə müraciətlə deyir:
– Əli müəllim, romanını oxumuşam, çox gözəl əsərdir.
– Hüseyn, şeirini çap etməyəcəm.
– Əli müəllim, doğru deyirəm romanı oxumuşam.
– Hüseyn, dedim ki, şeirini çap etməyəcəm, çap etməyəcəm, eşitdin?
Əli müəllimin üstünə yeridiyini görən Hüseyn məcbur olub çölə çıxır. Otaqdan çıxan kimi də deyinir:
– Muzdur oğlu muzdur, romanın iki varağını da nahaq oxudum.
Əli Vəliyev çox orijinal xarakterə malik adam idi. Mən çoxunu onun haqqında xatirələrimdə yazmışam.
– Sən həmişə Mehdi Hüseyndən hörmətlə danışmısan, arvadı Fatma xanımı da həmişə hörmətlə yad edirsən.
– Düzdür, Mehdinin yoldaşı Fatma xanımın yaxşı zövqü vardı. Hüseyn Cavidin tələbəsi olmaqla həmişə fəxr edərdi. Bir dəfə “İnsan ürəyi” şeirimi H. Arifə oxudum. Hüseyn məni məcbur elədi ki, gedək şeiri Mehdi qağama oxuyaq. Getdik., şeiri oxudum. Mehdi şeiri mənə bir neçə dəfə oxutdu:
– Nə yaman demisən, şair, ürəyim ağrıtdı, – dedi, – əlini ürəyinin üstünə qoydu. Şöbə müdiri işlədiyim vaxtlarda ədəbiyyata aid planı həmişə Mehdi müəllimlə birgə tutardım.
Mehdi müəllim rəhmətə gedəndən sonra Fatma xanımdan əhval tutmaq üçün evlərinə getdim. Fatma xanım kövrəldi:
Məmməd, özlərini bizə “ən yaxın adam adlandıranlar” Mehdidən sonra qapımızı bir dəfə də açmadılar.
Fatma xanım Mehdidən sonra çox yaşamadı…
17 iyul – Məmməd halının pisləşməsindən şikayətləndi. Mənim təsəllim də bir fayda vermirdi. İsa müəllim beş-altı nəfər yoldaşı ilə Məmmədin görüşünə gəldilər. İsa gələnlərə bizi “təqdim etdi”:
– Bu şairdir, bu da Gülxanım bacıdır. Gülxanım bacı olmasa idi Məmməd Araz da olmazdı.
– O sözü təkcə sən deyirsən, ay İsa, – dedim.
– Yox, bu bir həqiqətdir, Məmməd Arazın daha parlaq olmasında sənin zəhmətin çoxdur.
Rüstəm Behrudi əlavə etdi:
– Qubada oldum, o gözəllikdən çıxan ancaq və ancaq sizin kimi gözəl insan ola bilər, ayrı cür ola bilməz. Qəçrəş əsl cənnətdir.
Məmmədi götürüb gəzməyə getdilər.
22 iyul – İsa qardaşım yenə də özünəməxsus bir hay-küylə içəri girdi, yanında bir nəfər də vardı:
– Gülxanım bacı, bu mənim qardaşım İsmayıldı, bilirsən nə deyir? Yaxşısı budur özü desin…
Sualla üzünə baxıram.
– İsmayıl sizin yerlidir, yaxşı oğlandır. Özün bilirsən ki, Məmməd müəllimi kim çox istəyirsə, mən də onu çox istəyirəm. İsmayıl deyir Məmməd müəllim razı olsa, mən onu öz evimə köçürər, özüm isə ayrı yerdə qalardım. İsmayıl belə oğuldur.
Fikrimdə e, ay İsa, özün bilirsən ki, bu belə deyil. Bilir və ona görə də deyir ki, onun təklifi ilə evinə köçən deyilik. Mənim fikrimi oxuyan İsa İsmayıla tərəf çevrildi:
– İsmayıl, bilirsən Gülxanım bacı bu otaqda nə qədər yalan vədlərin şahidi olub? Varlı adamlar yalan vədlər verir və aradan çıxırlar. Söhbət düşəndə mən bir dəyirman sahibinə – Məmməd müəllimin evinin təmirə ehtiyacı var dedim. Vəd verdi, gəlib kişi ilə də görüşdü, sonra isə zəng edib vəziyyətinin yaman pis olduğunu söylədi. Bu yaxınlarda bir məclisdə yekə-yekə danışdılar: “Əşşi, Məmməd Arazın vəziyyəti çox pisdir, heç arvadı da ona baxmır və ilaxır və s” . Onların sözlərinə dözə bilmədim, ağızlarının üstündən elə vurdum ki… Söylədim, hansı biriniz gedib bir dəfə onun qapısını açmısınız, ehtiyacları ilə maraqlanmısınız, Məmməd müəllimi gəzməyə aparmısınız, kiçik bir dərdinə şərik çıxmısınız, hələ böyüyünü demirəm. Ancaq 30 ildir ki, o millət qızı xəstə bir adamın problemləri ilə üz-üzədir, ona xidmət edir, özü də necə yaxşı, mən şahidiyəm. Bu sözlərimdən sonra hamı susdu. Gülxanım bacı, sən mənim bacımsan, mən bilirəm ki, sən mənim qardaşıma necə yaxşı baxırsan.
23 iyul – Ağdamın işğalı haqqında danışır və arabir “Sona bülbülləri” səsləndirirdilər. Səs kəsildi.
– A kişi, niyə söndürdün? Qoy gülü yarpıza döndərəydilər də.
– Mən söndürmədim, özlərinin xoşuna gəlmədi.
– Bəs niyə eyni motivli verilişlərə belə maraqla baxırsan?
– Baxıram ki, nəticə çıxaram, keçmiş müharibə ilə bu müharibəni müqayisə edəm. Tamam əksinədir. Başıpozuqluq, hərcimərclik, sözə, əmrə baxmamaq, hazırsızlıq.
– Bunları niyə müqayisə edirsən ki, onsuz da bir şey yazmayacaqsan.
– Bəlkə yazdım, demək olmaz.
28 iyul – Alo, Məmməd müəllimin kabinetidir?
– Oğul, kabineti yoxdur, evidir.
– Sizi Nazirlər Kabinetindən Dilsuz Mustafayev narahat edir, Məmməd müəllimi olarmı?
Telefonu Məmmədə verdim və sonra soruşdum ki, nə məsələdir?
– İlyas Əfəndiyev haqqında xatirə kitabı hazırlayırlar, məndən də xatirə istəyirlər.
– Əli Vəliyev haqqında xatirən çox geniş alındı. İlyas haqqında da geniş yaza bilərsənmi?
– Əli müəllimlə çox oturub-durmuşam, ona görə də yazım bir az geniş alındı. İlyas müəllim haqqında da geniş yaza bilərəm.
Axırıncı illərdən biri idi. İlyas müəllimlə qarşılaşdım, görüşdük, dedi:
– Axır vaxtlar yaman heyrətləndirici şeirlər yazırsan.
– Heç evinə getmisənmi?
– Şöbə müdiri işlədiyim vaxtlar hansı kitabısa çıxmışdı. O münasibətlə məni də qonaq çağırmışdı. Yaxşı dramaturqdur, son 20 il ərzində Azərbaycan səhnəsini saxlayan o olmuşdur.
Bu böyük sənətkarla qiyabi tanışlığım 1950-ci ildə olub. 17 yaşım vardı. 10-cu sinfi bitirib Bakıya getmək qərarımı özüm verib, özüm də təsdiqləmişdim. Mart ayı – Novruz bayramı ərəfəsi idi. Bir gün ədəbiyyat müəllimi Vəlyəddin Əliyev İlyas Əfəndiyevin “Bahar suları” pyesini sinfə gətirdi. Bizlər, yəni şagirdlər bu kitabı ilk dəfə görürdük. Müəllim qısa məlumat verdi:
– Ədəbiyyatımızın orta nəslinə məxsusdur, yaxşı yazıçıdır, dramaturq kimi cavandır.
Ədəbiyyat müəllimi kitabı sinifkoma verib dedi ki, rolları bölüşdürüb yanıma gəlin, bir aydan sonra tamaşa verməliyik. Razılıq verdik, “təcrübəmiz” var idi, çünki bir il əvvəl “Vaqif” dramını tamaşaya qoymuşduq. Tamaşanı oynadıq. Orta məktəbi bitirib Bakıya gəldim. Ancaq məni sevən qızın, əlbəttə obrazın, mənə dediyi bu sözləri hələ də unuda bilmirəm:
“ – Bu gecə sübhə qədər sənin xəyalınla diz-dizə oturmuşam”
Sonra o qızın “səsi qulaqlarımda” Bakı küçələrini çox gəzdim, çox axtardım ki, o qızın səsini reallaşdırıb canlı bir qız görəm, alınmadı. İlyas müəllimlə də qəfildən üz-üzə gələm, deyəm ki, bəs sizin pyesinizdə baş qəhrəman rolunu oynamışam. Birdən desə ki, gözüm aydın.
Çox utancaqdım. İlyas müəllimlə aramızda yaş fərqi çoxdur. Odur ki, onunla, necə deyərlər, “stəkan-stəkana” vurmamışıq. Bir də ki, badə cingiltisini yazıçı əlində yalnız görkəmli yazıçı yubileyləri ilə əlaqəli təşkil olunan qəbullarda gördüm. “Gənc şair” olandan sonra ara-sıra belə qəbullarda iştirak edərdim. Yaddaşım məni aldatmırsa bu məclislərdə İlyas müəllim kiminsə, hansı”rəhbərinsə” şərəfinə parlaq sözlər deməzdi. Ancaq ədəbiyyat məsələlərinə, xüsusən nəsr və dramaturgiyaya dair keçirilən plenumlarda, müşavirələrdə və sairə yığıncaqlarda o, özünəsığmaz olurdu. Belə çıxış və məruzələrdə “boyaqçı” qələm sahiblərini tənqid edərdi.
Yenə də yadıma düşsə İlyas müəllim haqqında sənə danışaram…
(Ardı var)
Təqdim etdi: Asif MƏRZİLİ