Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Düz 32 ildir avtomobil idarə edirəm. İndiyədək bir dəfə də olsun avtoqəza törətməmişəm, eləsə də son 6-7 ilədək bir dəfə də olsun ciddi bir qayda pozub cərimə edilməmişəm. Amma son 6-7 ildir gecə yatıram, səhər yuxudan duran kimi, ya AYNA-dan, ya da DYP-dən cərimə mesajı gəlir. Bu nə deməkdir? Niyə, məsələn, mən bu qədər sərt qaydalara və cərimə məbləğlərinə baxmayaraq, başlamışam qayda pozmağa? Adam getdikcə təcrübələnir, peşəkarlaşır, indi belə çıxır ki, məsələn, mən isə savadsızlaşıram, təcrübəsizləşirəm??? Belə olmaz! Qayda pozmağa yaradılan münbit şəraitləri yığışdırın, cənablar! Konkret misal: F.Bayramov küçəsində BRABO ilə yan-yana 4-5 aptek, dükan, kafe var. Y.Səfərovdan sağa-F.Bayramova dönəndə yolun sol və ya sağını AYNA parklamaları zəbt edib, hər məntəqənin yanında da rayonda kartof, soğan əkib qoyun-quzu becərməli cavan oğlanlar, solda-BRAVO-nun düz qapısının ağzında isə DYP-nin “Dayanma-durma” qadağandır nişanı. Sağda parklamada yer yoxdur! Solda da dayanmaq-durmaq olmaz! Aptekdən qızdırmalı körpəsinə 3 manatlıq dərman axtaran(hələ onu tapacaq, ya yox, bəlli deyil) dərhal cərimələnir! Orda dayanan, gözləyən… AA avtomobillərinə cərimə yaza bilərsiz? Qətiyyən yox!
Bu vandalizmdir, sadə insanların maddi ehtiyaclarını əzmək və işğal etməkdir! Bakını sürücülərin başına dar etməyin! Prezident əhalinin güzəranını yaxşılaşdırmaq istəyir, siz isə tərsinə iş görürsünüz! Nə demək istəyirsiniz? Sürücülər sizləri qanunda nəzərdə tutulmamış saatlarla davam edən tıxacınıza görə məhkəməyə verməlidir ki, bu süni, yersiz, ədalətsiz və Allahsız cərimələrinizi yığışdırasınız! Etməyin!
DSK-nin statistikasına baxın: hər il qayda sərtləşdirilir, cərimələr ikiqat artırılır, amma qayda pozanların və pozmaların sayı onqat artmaqda davam edir! Belə çıxır ki, siyasətiniz düz deyil! Profilaktikanız və qaydalarınız Azərbaycanlıq deyil!
Asif MƏRZİLİ