Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Yaşar Vaqif oğlu Ağazadənin həyat yoldaşı Aygün İsmayıllı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət edərək həyat yoldaşının hüquqlarının pozulduğunu, uzun müddətdir cərimə təcridxanasında saxlanıldığını və quru aclıq aksiyası keçirdiyini bildirib.
Müraciətdə qeyd olunur ki, Yaşar Ağazadə müəssisəyə köçürüldüyü gündən etibarən 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyevin qərarı ilə heç bir intizam pozuntusu və ya hüquqi əsas göstərilmədən cərimə təcridxanasına yerləşdirilib. İddialara görə, qərarın surəti məhkuma təqdim edilmədiyindən onun həmin qərardan yuxarı orqanlara və məhkəməyə şikayət vermək hüququ faktiki olaraq məhdudlaşdırılıb.
Ərizədə həmçinin bildirilir ki, Yaşar Ağazadə ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq imkanından da məhrum edilib. Müraciət müəllifi hesab edir ki, bu hal qanunvericiliyin tələblərinə uyğun deyil və ailə ilə əlaqə hüququnun pozulması deməkdir.
Aygün İsmayıllının sözlərinə görə, həyat yoldaşı 2 iyul 2026-cı ildən etibarən cərimə təcridxanasında saxlanılır və artıq 16 gündür quru aclıq aksiyası keçirir. O bildirir ki, bu müddət ərzində nə telefon danışığı, nə də görüş imkanı yaradılıb və ailə onun vəziyyəti barədə məlumat ala bilmir. Müraciətdə Yaşar Ağazadənin həyat və sağlamlığının ciddi təhlükə altında olduğu vurğulanır.
Şikayətdə Penitensiar Xidmət rəhbərliyinin də vəziyyətdən xəbərdar olduğu qeyd edilir. Müraciət müəllifi bildirir ki, 9 iyul 2026-cı ildə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun qəbulunda olub, baş verənləri şəxsən ona çatdırıb. Buna baxmayaraq, iddiasına görə, bir həftə keçməsinə rəğmən vəziyyət dəyişməyib və Yaşar Ağazadə hələ də cərimə təcridxanasında saxlanılır.
Ərizədə cərimə təcridxanasındakı saxlanma şəraiti ilə bağlı da ciddi iddialar yer alır. Bildirilir ki, kameralarda təbii işıq və lazımi havalandırma yoxdur, divarlar rütubətlidir, antisanitar vəziyyət hökm sürür, yaşayış sahəsi qanunvericilikdə nəzərdə tutulan normalara uyğun gəlmir və məhkumların bir hissəsi yer çatışmazlığı səbəbindən yerdə yatmağa məcbur olur. Müəllif bu şəraitin yalnız cərimə təcridxanasında deyil, müəssisənin yataqxanalarında da müşahidə olunduğunu iddia edir.
Müraciətdə qidalanma ilə bağlı da narahatlıqlar ifadə edilir. İddialara əsasən, məhkumlara verilən yeməklər keyfiyyətsiz hazırlanır, istifadə olunan ərzaq məhsullarının mənşəyi və keyfiyyət sertifikatları barədə məlumat yoxdur, ərzaq anbarında isə antisanitar vəziyyət mövcuddur. Bundan əlavə, ərizədə müəssisə əməkdaşlarının məhkumlarla kobud rəftar etdiyi, yeni qəbul olunan və cərimə təcridxanasında saxlanılan məhkumların döyülməsi hallarının geniş yayıldığı, axtarış və baxışların insan ləyaqətini alçaldan formada həyata keçirildiyi barədə iddialar da yer alıb.
Aygün İsmayıllı Ombudsman Səbinə Əliyevadan Yaşar Ağazadənin saxlanıldığı yerə təxirəsalınmadan başçəkmə həyata keçirilməsini, vəziyyətinin yerində araşdırılmasını və hüquqlarının təmin olunması üçün tədbirlər görülməsini xahiş edir. O, eyni zamanda, aidiyyəti dövlət qurumlarını cərimə təcridxanasında və müəssisədə saxlanma şəraitinin müstəqil şəkildə yoxlanılmasına çağırır. Qeyd edək ki, bu material müraciət müəllifinin Ombudsmana ünvanladığı ərizədə yer alan iddia və məlumatlar əsasında hazırlanıb. Sözügedən iddialarla bağlı aidiyyəti dövlət qurumlarının rəsmi mövqeyi təqdim olunduğu təqdirdə materiala əlavə edilə bilər.
Akif NƏSİRLİ