Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şamaxıda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində gənclər üçün təlim, vörkşop və maarifləndirici sessiyalar təşkil olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər Fondundan məlumat verilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Səbuhi Həsənov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev öz çıxışlarında “Gənclərlə gənclər üçün” şüarı altında keçirilən layihənin region gənclərinin potensialının reallaşdırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də gələcək karyera inkişafına töhfə verən mühüm layihə olduğunu bildiriblər.
Bildirilib ki, Şamaxı rayonunun gəncləri üçün “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonalarında vörkşoplar, ustad dərsləri, viktorinalar və intellektual yarışlar təşkil olunub.
Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları maarifləndirici sessiyalar və sərgilər təşkil edib.
Sonda yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.
Xatırladaq ki, bu il Şəki, Oğuz və Qəbələ, İsmayıllı və Ağsuda baş tutan layihə noyabr ayınadək ümumilikdə 20 şəhər və rayondan 8 min gənci əhatə edəcək.