Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyul 2026 / 13:35

Yay aylarında dərman qəbul edənlərin bilməli olduğu risklər – mütəxəssis məsləhəti

İsti hava şəraiti bəzi dərmanların təsirini dəyişdirə və onların yan təsirlərinin daha qabarıq şəkildə özünü göstərməsinə səbəb ola bilər.

Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, isti hava nəticəsində orqanizmdə maye itkisi artır. Bu isə sidikqovucu preparatlar, arterial təzyiq dərmanları, şəkərli diabet əleyhinə vasitələr, ürək dərmanları, psixi xəstəliklərin müalicəsində istifadə olunan preparatlar və bəzi antihistamin vasitələr qəbul edən şəxslər üçün əlavə risk yarada bilər:

Məsələn, sidikqovucu dərmanlar bədəndən maye və elektrolitlərin xaric olunmasını artırdığı üçün isti havada susuzlaşma, zəiflik və təzyiqin həddindən artıq enməsi riski yüksələ bilər. Şəkərli diabet xəstələrində yüksək hava temperaturu qanda qlükoza səviyyəsinə təsir göstərə, bəzi hallarda insulinə olan tələbatı dəyişə bilər. Bundan başqa, bəzi dərmanlar tərləmə prosesini zəiflədərək orqanizmin soyuma qabiliyyətini azalda bilər ki, bu da günvurma riskini artırır. Lakin bütün bunlara baxmayaraq, həkim məsləhəti olmadan dərmanların dozasını dəyişdirmək, qəbulunu azaltmaq və ya tamamilə dayandırmaq qətiyyən tövsiyə olunmur. Dərmanların istifadəsi ilə bağlı hər hansı dəyişiklik yalnız həkim tərəfindən xəstənin ümumi vəziyyəti, yaşı, mövcud xəstəlikləri və qəbul etdiyi preparatlar nəzərə alınmaqla aparılmalıdır. Bundan əlavə, dərmanların saxlanma şəraiti də xüsusi əhəmiyyət daşıyır. Bir çox preparat birbaşa günəş şüalarının təsiri altında öz təsirini itirə və ya kimyəvi xüsusiyyətlərini dəyişə bilər. Buna görə də, dərmanlar təlimatda göstərilən temperatur şəraitində, quru və sərin yerdə saxlanmalıdır. Xüsusilə, insulin kimi bəzi preparatlar temperatur dəyişikliklərinə daha həssasdır və onların düzgün saxlanılması vacibdir”.

Zakir Quliyev qeyd edib ki, isti havalarda xroniki xəstəlikləri olan şəxslər öz sağlamlıqlarına daha diqqətli yanaşmalı, kifayət qədər maye qəbul etməli, müntəzəm olaraq qan təzyiqi və ya qan şəkəri göstəricilərini izləməli və başgicəllənmə, həddindən artıq halsızlıq, ürəkdöyünmə, təzyiqin düşməsi və ya digər qeyri-adi əlamətlər yarandıqda vaxt itirmədən həkimə müraciət etməlidirlər:

“Həkim zəruri hesab etdiyi hallarda müalicə sxemində dəyişiklik edə və ya əlavə tövsiyələr verə bilər. Bu səbəbdən isti havalarda dərman qəbuluna məsuliyyətlə yanaşmaq və tibbi göstərişlərə əməl etmək sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!