Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistanda bank əməkdaşı Surac Kumar həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə öldürüb.
Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki, əlilliyi olan Utra daha əvvəl də zəhərli ilan sancmasından sağ çıxıb. 2020-ci ilin martında onu gürzə sancıb. Bundan sonra qadın uzun müddət müalicə alıb və valideynlərinin evində bərpa dövrü keçirib. Bir müddət sonra isə onu kobra sancıb. Qadın ertəsi gün həyatını itirib. İlan daha sonra otaqda tapılaraq öldürülüb.
Bir-birinə bənzəyən iki hadisə mərhumun yaxınlarında şübhə yaradıb və onlar polisə müraciət ediblər. İstintaq nəticəsində müəyyən edilib ki, Surac iki zəhərli ilanı ovçudan alıb və onlardan həyat yoldaşına qarşı istifadə edib.
İş materiallarına əsasən, ikinci hadisədən əvvəl kişi Utraya yuxu dərmanı verib, daha sonra kobranı otağa buraxıb. İttiham tərəfinin bildirdiyinə görə, o, ilanı daha aqressiv etmək üçün bir neçə gün qidasız saxlayıb.
Müstəntiqlər həmçinin müəyyən ediblər ki, qadının ölümündən az əvvəl onun adına həyat sığortası rəsmiləşdirilib, qızıl-zinət əşyalarının bir hissəsi isə yoxa çıxıb. Daha sonra polis gizlədilmiş 38 ədəd zinət əşyası aşkar edib.
İş üzrə Suracın bəzi qohumları da istintaqa cəlb olunub. Onlar əmlakın gizlədilməsində və sübutların məhv edilməsində şübhəli biliniblər.
Məhkəmə Surac Kumarı qətldə təqsirli bilərək ona ömürlük həbs cəzası verib.