9 Avqust 2026 / 11:43

MƏTBUATIMIZIN SAQQALI- QALİB ARİF YAZIR

(Bir Saqqal, bir Badam və üç Qoz)
Biri vardı, biri yoxdu… Bir Saqqal vardı, bir badam və üç qoz hələ yoxdu… Deyirlər dünyadan gedən haqqında ya yaxşı danışarlar, ya da susarlar. Mən də bu səbəbdən Saqqalın adını çəkmirəm, susmağa üstünlük verirəm. Amma oxucuya ipucu vermək istəyirəm ki, mərhumun hər iki mənada, qara üzü vardı. Bu səbəbdən də, gənc yaşlarından saqqal saxlayırdı və Saqqal oyaması qazanmışdı…
Hələ 90-ların əvvəli idi və bizim qəhrəman Gəncədə qəzet biznesi ilə məşğul idi. Bakıda “Əski Mətbuat” adlı bir qəzet buraxırdı, Gəncədə satırdı. Hər həftə sonu dostunun “ budka Moskviç”ində Bakıya gəlirdi, qəzetin materiallarını gətirirdi. İndiki Təhsil Nazirliyi ilə üzbəüz “Xruşovka” hələ qalırdı, onun “bodvalın”da köhnə bir mətbəə də vardı. Saqqal qəzetini bu mətbəədə çap edirdi, “Moskviç”-ə yükləyirdi, gecəylə aparıb səhər Gəncəyə çatdırırdı. Bu sətirlərin müəllifi də, bir əski dostunun xahişi ilə, axşam işdən sonra həmin mətbəədə bir neçə dəfə olub və “Əski Mətbuat”ı “budka”ya yükləməyə kömək edib. Siz indiyə baxmayın, onda camaat qəzet alırdı və hətta oxuyurdu. Saqqalın da biznesi “xod” gedirdi…
90-ların ortaları idi, bizim Saqqal qəzet biznesini Bakıya köçürmək qərarına gəldi və qərarını cəsarətlə həyata keçirdi. Başına bir şey girsəydi, çəkiclə də vurub çıxarmaq, onu yolundan saxlamaq mümkün deyildi. Saqqalın böyük intelekti, yazmaq qabiliyyəti olmasa da, özünə inamı vardı, qətiyyətli və çevik adamdı, yaxşı təşkilatçıydı. Amma Gəncədən Bakıya köçəli “Əski Mətbuat”ın tirajı artmırdı, yerində sayırdı. 2-3 min Gəncədə toya getməli idi, Bakıda isə çörək vermirdi. Hətta qəzetin radikal müxalifət mövqelərinə keçməsi də kömək etmirdi. Bakıda tirajlı qəzet buraxmaq üçün nələr, nələr gərəkdir…
Düşünürəm ki, burda bir haşiyə çıxmaq, bir-iki məqama aydınlıq gətirmək yerinə düşərdi. Klassik jurnalistikada deyildiyi kimi, qəzetin populyar olması, satılması üçün 3 S – sensasiya, seks və skandal lazımdır. Saqqal da zamanın nəbzini hiss etməyi və mövqeyini pencəyi kimi, sezondan sezona dəyişməyi bacarırdı. Skandalla – siyasi şantajla hələ Gəncədə məşğul olurdu, bu, onun jurnalist peşəsi idi. Bundan alıb onu, ondan alıb bunu şərləyirdi. Bakıda isə, açıq-saçıq “seksi” jurnal buraxmağa başladı. Bir qalırdı “Sensaiya”, mən də buradə danışmaq istəyirəm…
Məsələ ondadır ki, Saqqal hələ tələbəlik dövründən məlum orqanlarla əməkdaşlıq edirdi və ona “Student” ləqəbi verilmişdi. Sonradan iş prosesində tanış olduğu, məşhur “Prozaik” və “İstorik” də ona həmin dövrdən məlum idi. Təsəvvür edin: “Əski Mətbuat”ın tirajını artırmaq üçün “qurşaqdanaşağı” fəndlərdən istifadə etməyə başladı və qəzetində həmin agentlərin kimliyini tirajladı. “İstorik” artıq bu fani dünyanı tərk etmişdi, “Prozaik” isə, əsa ilə gəzirdi, yəni Saqqal üçün təhlükə təşkil etmirdi. Amma həmin dövrdə “KQB agenti” məsələsi hələ gündəmdə idi və Saqqalın “əski dostları”nın üzünü açmağı tirajı sürətlə artırdı, bir-iki ayda qəzetin gündəlik sayı 10 mini keçdi…
Həmin andan başlayaraq, “Əski Mətbuat”ın da, Saqqalın da ölkədə populyarlığı, paralel olaraq, cibdə pulu artmağa başladı. Təbii ki, Saqqal bu məqamların heç birini boşuna buraxmadı. “Əski Mətbuat”ın redaksiyasında saysız müxalifət (özləri “müstəqil” deyirdilər) qəzetlərinin səyyar satışını təşkil etməyə başladı. O vaxtlar qanunda olan boşluqlar və Bakıda olan işsiz adamlar da bu projeyə, sözün əsl mənasında, dəstək verdi. Saqqal Azərbaycanın ən imkanlı – şəhərin mərkəzində bir neçə mənzili, kənarında evi, kəndində bağı, özünün və ailəsinin xidməti maşını, maşında icazəli “Vinçester”1 olan bir media maqnata çevrildi.
Və gözünüzü yumun… Bir, iki, üç sayında açın… Səhnəyə Badam gəlir… Badam – “Əski Mətbuat”ın yeni əməkdaşı – gözəllər gözəli… Getmə gözümdən, şok vurar məni, gedərəm özümdən, tok vurar məni… Redaksiyada cavanlı, qocalı hamı bu gözəlin həsrətində idi, təbii ki, Saqqal da istisna deyildi. Saqqal əvvəlcədən də insanlığın incə yarısına həvəsli idi, pullandıqca, bu həvəs də artırdı. Doğrudur, heç kimdən və heç nədən utanmırdı, amma ehtiyat edirdi. Evdə hörmətdən düşməkdən, qəzetdə və şəhərdə nüfuzunu itirməkdən çəkinirdi. Odur ki, erməni kimi, sağ əli ilə sol qulağını qaşımaq istəyirdi. Yay tətilinə saldı, özünə və gənc xanıma ayrı-ayrı bilet aldı, amma bir təyyarədə İstanbula uçdular. Bir ay İstanbulda, bir oteldə, ayrı-ayrı nömrələrdə qaldılar, şair demiş, dünyadan kam aldılar. Diqqətli oxucuların yadında olar, həmin vaxtlar Saqqal Türkiyədən “Əski Mətbuat”a göndərdiyi reportajlarda “İSTANBUL – Arzularımın şəhəri” yazırdı…
Beləliklə, “Arzuların şəhəri”ndə nəşəli yay günləri sona çatdı və xoşbəxt cütlük Bakıya eyni təyyarədə, amma ayrı-ayrı salonlarda qayıtdı. Bakıya çatan kimi həşəmətli bir Mətbuat Konfransı yapdılar. Konfransı Saqqal şəxsən aparırdı və bu sətirlərin müəllifi də həmin tədbirdə sıradan iştirakçı id. Aparıcı “Əski Mətbuat”ın qadın müxbirinin İstambulda möcüzələr yapması, məlum Abdulla Öcalanı Uçaq meydanında şəxsən qarşılaması, Adaya müşayət etməsi haqqında geniş məlumat verdi. Sonra Konfransın qəhrəmanı Badam xanım şəxsən çıxış etdi və “Bir Badam, üç qoz…” qəzeti açdığını, müstəqil media həyatına atıldığını rəsmən elan etdi…
Deyirlər, pis günün ömrü az olur, amma yaxşı günün ömrü ondan da az olur. Günlərin bir günü acı bir xəbər ildırım sürəti ilə şəhərə yayıldı: “Məşhur jurnalist şəhərdəki mənzilində ölü tapılıb. Bu acı faktı səhər mənzilə gələn xidmətçi qadın aşkar edib”. Badam xanım da o vaxtdan onu axtarır, mərhum dostunun, sponsorunun cismini, ya da ruhunu axtarır… Amma tapa bilmir… Zaman isə, öz işindədir…
Qalib ARİF
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!