Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğlu Artur Balıyevin Bakıda bir qrup şəxsin hücumuna məruz qalması faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Bu haqda DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, cinayət işinin icraatı DİN-in nəzarətindədir.
Vurğulanıb ki, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər — Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.
Tezadlar.az xatırladır ki, döyülmə yanvar ayında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib. Artur bu barədə özünün sosial platformasında yazıb: “Axşamüstü tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim. 90-EB-444 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus “BMW” markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, çünki “Toyota”dakı cızıq xeyli yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər”.
A. Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum ediblər: “Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma aparılır”.
Qeyd edək ki, Ramil Zeynalov daha öncə saxlanılan Turxan Zeynalovun atasıdır.