Türkiyənin “Özgüven İnşaat” tikinti şirkəti Özbəkistanda – Yeni Daşkənddə Türk Məhəlləsi tikmək niyyətindədir. “Uzbekistan 24” televiziya kanalının məlumatına görə, təklifi şirkətin sədri Özgür Onur Özgüven 19 noyabrda Özbəkistan-Türkiyə Şurasının yüksək səviyyəli biznes dəstəyi üzrə ilk iclasında irəli sürüb.
Özgüvenin sözlərinə görə, türk şirkəti Özbəkistanda doqquz ildir fəaliyyət göstərir.
İş adamı paytaxtın Sergeli rayonunun Çaştəpə ərazisində Prezident Şavkat Mirziyoyevlə ilk görüşünü xatırlayıb.
Onun sözlərinə görə, hələ o zaman Prezident şirkətin Özbəkistanda biznes açmasını və fəaliyyətə başlamasını təklif edib.
“Biz şirkətimizi qurduq. Daşkənddə və ətraf bölgələrdə 10.000-dən çox mənzil, ofis və kommersiya obyekti tikdik. Bunun bariz nümunəsi Özbəkistan və Orta Asiyanın ən hündür binalarından biri olan Nest One kompleksidir”, – Özgüven deyib.
O, Referance Seul və Referance Kampusu layihələrinin davam edən icrası və Yeni Özbəkistan Universiteti kompleksinin tikintisində iştirakı barədə məlumat verib.
İnvestorun sözlərinə görə, universitetin yaxınlığındakı 4 hektar ərazidə ümumi tutumu 350 çarpayı olan iki otelin, ticarət mərkəzinin, ofis sahəsinin və yaşayış sahəsinin tikintisi planlaşdırılır.
Təşəbbüs Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən dəstəklənib.
“Cənab Özgüven, doğrudan da, bu, ilk dəfə görüşmürük. Sizi etibarlı dostumuz, şirkətinizi isə etibarlı tərəfdaş adlandırmaq düzgün olardı. Özbəkistanın investisiya imkanlarını təşviq etdiyiniz üçün sizə minnətdaram… Özbəkistanın bir türk məhəlləsinə ehtiyacı var. İşə mümkün qədər tez başlaya bilməyimiz üçün yol xəritəsi hazırlayın”, – deyə Şavkat Mirziyoyev bildirib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xitabən “qardaşım gələndə” layihəyə başlamaq üçün tədbirlər görülməsini tapşırıb.
JASMİN







