Qırğızıstana məxsus ərik ağaclarının yarpaqları təbii antioksidant mənbəyi ola bilər, eyni zamanda qida məhsullarının və təbii konservantların hazırlanmasında istifadə edilə bilər.
Bu, bitkilərin kimyəvi tərkibini və bioloji xüsusiyyətlərini araşdıran beynəlxalq alimlər qrupu tərəfindən əldə edilən nəticədir.
Qırğızıstan KİV-nin məlumatına görə, tədqiqatın nəticələri Nature Portfolio tərəfindən nəşr olunan beynəlxalq elmi jurnal olan Scientific Reports-da dərc edilib.
Tədqiqatçılar Qırğızıstana məxsus əriklərin 26 genotipini araşdırıb və onları dörd kommersiya növü ilə müqayisə ediblər. Təhlil 2024-2025-ci illərdə toplanmış məlumatlara əsaslanıb.
Alimlər yarpaq ölçüsünü və formasını, mineral tərkibini, fenol birləşmələrini, flavonoidləri və antioksidan aktivliyini qiymətləndiriblər.
Məlum olub ki, Qırğızıstana məxsus bitkilərin yarpaqları, ümumiyyətlə kommersiya növlərindən daha böyükdür.
Lakin onların kimyəvi tərkibi genotipdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Tədqiq olunan nümunələrin antioksidant aktivliyi 44 faizdən 69,5 faizə qədər dəyişib.
Fenol birləşmələrinin tərkibi 100 qram təzə yarpaq kütləsində qallik turşusu kimi hesablanaraq 102,61 ilə 192,57 milliqram arasında dəyişib.
Bundan əlavə, alimlər kalsium, fosfor, kükürd və kaliumun tərkibində fərqlər aşkar ediblər.
Bu elementlər müxtəlif bioloji proseslərdə iştirak edir və bitki həyatı üçün vacibdir.
Tədqiqatçılar antioksidant xüsusiyyətlərə malik olan fenol birləşmələrinə və flavonoidlərə xüsusi diqqət yetiriblər.
Müəlliflərin fikrincə, ərik yarpaqları qiymətləndirilməmiş bitki ehtiyatıdır.
Gələcəkdə onların tərkibindəki maddələr funksional qidaların, bitki mənşəli preparatların və təbii konservantların hazırlanmasında istifadə edilə bilər.
Tədqiqat, həmçinin Qırğızıstan mənşəli əriklərin genetik materialında əhəmiyyətli müxtəliflik aşkar edib.
Bu məlumatlar yeni sortların öyrənilməsi və inkişaf etdirilməsi zamanı seleksiyaçılar üçün faydalı ola bilər.
JASMİN







