Bəlkə inanmayacaqsınız, bəlkə də məni böyük bir yalan danışmaqda qınayacaqsınız… Amma müqəddəs olan nə varsa, ona and içərəm ki, dediklərim hamısı doğrudur. 6-cı sinifdə oxuyana qədər elə bilirdim ki, atam anamın ən böyük övladıdır. 6-cı sinifdə oxuyanda anladım ki, atam anamın yox, nənəmin oğludur.
Bu dəfə də başladım düşünməyə. O qədər düşünür, beynimi yorurdum ki, az qala dəli olacaqdım.
Özümə sual verirdim ki, nənəmin oğlu niyə bizdə qalır, hələ üstəlik, anamla bir otaqda yatırlar…
Çox qısqanırdım; bir az da belə davam etsə, Sultan Səlim Yavuz kimi “ata qatili” olacaqdım. Nəhayət, 8-ci sinifdə oxuyanda hər şeyi anladım. Anladım ki, nənəmin oğlu, yəni atam, bizim evdə, anamla bir otaqda yatmasaydı, nə mən bu dünyaya gələr, nə də belə gic-gic fikirlər beynimi məşğul edərdi.
Xülasə, bəziləri məni bu düşüncələrə görə geriçi, cahil zənn edə bilər. Amma bu “cahillik” mənə vətənimi, xalqımı, onun tarixi keçmişini, müqəddəs hesab olunanlarını sevməyə mane olmadı. Əslində, bu “cahillik” saf, səmimi mühitin doğurduğu hisslər idi.
Lakin bu saf mühitdə, az da olsa, mənimlə tam əks düşüncədə olanlar da vardı. Məsələn, elə adamlar var ki, əlifbanın hərflərini öyrənmədən atalarından “Dekameron” və “Kamasutra”nın ən incə detallarını öyrəniblər. Bu “Kamasutra” uşaqları həyatın nəbzini tutmağı “saf cahillər”dən daha yaxşı bacarırlar. Belə bacarıq sayəsində də kimisi atasından miras qalan ucuz oteli 5 ulduzlu otelə çevirərək böyük iş adamı oldu; kimisi də gizli kulislərdə qucaqlarda oturmaq öhdəliyi götürərək mandat sahibi oldu, şan-şöhrətə çatdı.
Yəni deməyim o ki, atalarının “Kamasutra” tərbiyəsi ilə böyüyən bu biznesmenlər, “millətə vəkillik edən” “şan-şöhrət” sahibləri daha diribaş, daha açıqgöz olurlar. “Cahil saflar” isə tarixi keçmiş, adət-ənənə kimi getdikcə dəbdən düşən (əslində, yürüdülən siyasət sayəsində dəbdən düşürülən) məziyyətlərlə özlərinə təsəlli verirlər.
Bu iki qrupu bir-birindən fərqləndirən ən böyük fərq keçmişə və bu günə fərqli prizmadan baxmalarıdır:
– Vaxtilə atasını anasının böyük övladı zənn edən, hətta qısqanclıq üzündən “ata qatili” olmağı belə gözə alan “Saflar” sonradan düşündülər ki, əslində, ata müqəddəs bir varlıqdır; kimsə onu öldürərsə, mütləq intiqamı alınmalıdır;
– “Kamasutra”çı açıqgözlər və diribaşlar isə, sahib olduqları mərtəbəyə atalarından əxz etdikləri təlim və tərbiyə sayəsində yüksəlmələrinə rəğmən, daha sonra atalarını qozlarına da almadılar. Çünki onlar özlərini “praqmatik və realist” zənn edirlər. Belələri üçün siyasi şərait tələb edəndə, atasının intiqamını almaq barbarlıq və qəddarlıqdır, faşizmdir; ancaq taxt-tacı ələ keçirmək üçün atasını, qardaşlarını, hətta bu dünyaya gətirdiyi övladını öldürmək siyasi reallıqdır!
Görürsünüz nə qədər böyük fərq var?! Elə bu ciddi fərq insanları ikiyə bölüb: kimisi Səfəvi heyranıdır kimisi də fetoçu köpək, yavuzçu, əməvilərin məvali siyasətinin nökəri rolunda çıxış edir.
Son olaraq, bir məqama da aydınlıq gətirim. Bəzi dostlar elə düşünür ki, Xətai məsələsi qısamüddətli siyasi məqsədlə, konkret desək, nəqliyyat biabırçılığını ört-basdır etmək məqsədilə iqtidarın ortaya atdığı oyundur və bu ehtimal çox yüksəkdir. Ancaq mən qəti elə düşünmürəm, ən azı iki səbəbə görə:
– birincisi, bu iqtidarın hər hansı problemə görə gündəmi dəyişmək kimi bir dərdi yoxdur. Çünki xalqın mütləq əksəriyyəti gündəlik çörək dərdini çəkir, başqa heç nəyə görə ayağa qalxıb etiraz etmək gücündə deyil; o gücü onun əlindən alıb, anasını ağlar günə qoyublar, yalnız çörək dərdi çəkir;
– ikincisi və ən əsası, ortaya atılan məsələ siyasi və ideoloji təməllərə dayanır. Bu məsələni ortaya atan da Fetodur, Əməvi zehniyyətidir; icraçıları da, bəhs etdiyim kimi, kamasutraçılardır, dekameronçulardır!
Ən acınacaqlısı da odur ki, bu iqtidar hər şeyə tam nəzarət edə bilir, bir tək fetoçuların və Əməvilərin məvali zehniyyətinin qarşısında aciz durumdadır. Bu da çox qorxulu məsələdir. Əlac yenə də “saf və cahil” təbəqənin dirənişinə qalıb. Biz məhz buna görə dirənirik – mənəvi olan şeylərin tam ölməməsi üçün…
Fərəməz NOVRUZOĞLU