…FB-də Osmanlı-Səfəvi “döyüşləri” gedəndə mən gənc tədqiqatçı Samid Bağırovun ötən il nəşr olunmuş “Şah İsmayılın həyatı (“Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərləri əsasında)” kitabını oxuyurdum.
Kitabın elmi redaktoru son dövrlərdə öz maraqlı tədqiqatları ilə Səfəvi tarixinə mühüm töhfələr vermiş istedadlı tarixçi Tofiq Nəcəfl, rəyçiləri isə Namiq Musalı və Əhməd Quliyevdir. Gənc olmasına baxmayaraq fars dilini mükəmməl bilən Samid bəy gözəl, maraqlı, elmi cəhətdən zəngin mənbələrə dayanan bir araşdırma ortaya qoyub.
Yeri gəlmişkən 2026-cı ilin yayında baş vermiş “ikinci” Çaldıran döyüşü Qızılbaşların tam qələbəsi ilə başa çatdı. Məzhəb təəssübkeşləri, təriqət “ideoloqları”, “yeni din” yaratmaq iddiasına düşənlər tam məğlubiyyətə uğradılar və xalq, məhz xalq öz tarixini sahib çıxdı. Məzhəb müzakirələri ötən əsrin 90-cı illərində nurçular və gülənçilər Azərbaycana ayaq açandan sonra başladı.
Bu, tez-tez alovlanan və son günlər daha kəskin xarakter almış müzakirələrin ən mühüm nəticəsidir. Müzakirələrin gedişində Şah İsmayıl və Səfəvi dövlətinə qarşı irəli sürülən ittihamların demək olar ki, hamısına Samid Bağırovun “Şah İsmayılın həyatı” kitabında cavab var, həm də ilk mənbələrə dayanmaqla yerli-yataqlı, təkzib edilməsi mümkün olmayan cavablar var.
Məzhəbçilik yalnız Azərbaycan hadisəsi deyil. Orta əsr Əməvi və Abbasi xilafətində, Avropadakı məzhəb müharibələrində dəryalarca qan verilib. Hətta eyni məzhəbə qulluq edən dövlətlər öz qan və din qardaşlarını qılıncdan keçirdilər.
Bu meyarla yanaşılsa gərək almanlar, fransızlar, Müqəddəs Roma İmperiyasının tərkibindən çıxan digər xalqlar öz tarixlərinin böyük bir hissəsindən imtina etsinlər. Tarixin qızıl qaydasına görə keçmişi dəyişmək mümkün deyil. Keçmişlə döyüşməkdə qələbə şansı yoxdur. Sadəcə buğunun tapa bilməyən bəzi xalqlar (və adamlar) sabahı qurmaq əvəzinə keçmişi günahlandırmağa, keçmişi ittiham etməyə cəhd, həm də uğursuz cəhdlər göstərirlər. Buna tarix xəstəliyi deyilir.
Məzhəb, təriqət ayrılıqları əlbəttə olmasaydı daha yaxşı olardı. Lakin XXI əsrdə məzhəb davası aparmaq, tarixi təftiş etmək reformasiya deyil, olsa-olsa tarixdən xəbərsizlikdir. XXI əsr adamının Şah İsmayılı məzhəbçilikdə ittiham etməsi çox gülməli görünür. Bu halda iddiaçı özü artıq məzhəb təəssübkeşinə çevrilmiş olur. Şah İsmayıl Xətai, Səfəvi irsi XXI əsrin 3-cü onilliyində bizim üçün din deyil, məzhəb deyil, tarixdir, dövlətçilik şüurudur, mədəniyyətdir, ədəbiyyatdır, dildir. Bu sualın da çox dolğun cavabı Samid Bağırov kitabında verilir. Özü də faktlarla, zəngin mənbələrlə, dəlillərlə.
Şah İsmayılı məzhəbçilikdə ittiham edəndə gərək Yavuz Sultan Səlimin Qızılbaşları 7-dən 70-ə siyahıya aldırması, Yavuzun öz münşisinin yazdığına görə siyahıya adı düşmüş 40 min Qızılbaşın qılıncdan keçrilməsi və “ölülərin sayının 40 mini keçməsi”ni də yazasan. (Bax: Samid Bağırov. Şah İsmayılın həyatı, s. 182-183) Əks təqdirdə biri olur “məzhəb faşizmi”, digəri olur anti-faşist. İdeya cərəyanı kimi XX əsrdə Avropada meydana çıxan faşizmi XVI əsr Azərbaycanına şamil etmək əsl elmi “tapıntıdır.” Hansı təfəkkürün, hansı düşüncənin sahibi olmalısan ki, XX əsrdə bəşəriyyətə qarşı ağır cinayət kimi qiymətləndirilən bir ideologiyanı gətirib orta əsr Azərbaycan tarixinə yamayasan.
Sabir demiş: Öz qövmümüzün başına əngəlkələfiz biz!
Son müzakirələrdə iştirak edənlərin bəziləri qeyd edirlər ki, Şah İsmayılı Sovet ideologiyası şişirdib. Niyə digər hökmdarlar yox, məhz Şah İsmayılı? Bu ritorik suallar fonunda tez-tez Nadir şahı misal çəkirlər. Əvvəla onu deyək ki, Şah İsmayıl həm öz dövründə, həm də özündən sonrakı bütün dövrlərdə həmişə tarixin və tarixçilərin mərkəzi fiquru olub. İki əsr yarımlıq bir mərhələdə bütün dünya tarixində dərin iz buraxmış bir imperiya, necə öz xalqının, öz varislərinin yadından çıxa bilərdi? Tarixdə belə bir nümunə varmı?
Bunu İbrahim Əminin “Fütuhati-şahi”, Qiyasəddin Xandəmirin “Həbibüs-siyər”, Həsən bəy Rumlunun “Əhsənüt-təvarix”, “Tarixi aləmarayi Şah İsmayıl”, İsgəndər bəy Münşinin “Tarix-i aləmara-yi Abbasi” və digər mənbələrdən də görmək olar. Sovetə qədər aşıq dastanlarında bəyəm Şah İsmayıl adı keçmirdi. Güney Azərbaycandakı Əhl-i Həqq aşıqlarının nəğmələrinə də Şah İsmayılın adını bolşeviklər salıb, “Şah İsmayıl və Taclı xanım” dastanını da Sovet ideologiyası yaradıb?
Sən demə Oqtay Əfəndiyev, Əbülhəsən Rəhmanı, Şahin Fərzəliyev, Yaqub Mahmudov, Zabil Bayramov, Dilavər Əzimli, Əkbər Nəcəf, Əhməd Əsgər, Tofiq Nəcəfli, Namiq Musalı, Mehman Süleymanov, Şükufə Məmmədova, Şahin Yəhyayev, Elmin Əliyev və digər mütəxəssis tarixçilərin yazdıqları səhv imiş, onlar bir şey başa düşmürlərmiş, orta əsr mənbələri ilə işləyə bilməyən, ərəb və fars dillərini bilməyən, Avropa Səfəvi tarixçiliyi ilə tanış olmayan, tarçxçilik sahəsində elə bir təcrübəsi olmayan birisi bütün bu “səhvləri” yerinə qoyacaqmış, daşları “yerinə” otuzduracaqmış.
Şah İsmayılın guya Sovetlər tərəfindən şiçirdilməsinə gəldikdə, əksinə, ötən əsrin 50-ci illərində 3 cildlik “Azərbaycan tarixi”nin (o zaman 2 cild nəzərdə tutulurdu) maketi Moskvaya göndəriləndə Moskva təkidlə Cənubi Azərbaycan tarixinin (o cümlədən Səfəvilərlə bağlı fəsillərin) kitabdan çıxarılmasın tələb etdi.
50-ci illərin ikinci yarısında orta məktəblər üçün “Azərbaycan tarixi” dərslikləri nəşr olunanda Sov. İKP MK-nın ideologiyaya baxan rəsmiləri dedilər ki, bu keçmişin vəsfidir, şahların, hökmdarların (o cümlədən Şah İsmayılın), sərkərdələrin tarixidir, xalqın tarixi deyil. Ona görə Şah İsmayılı Sovet ideologiyası ilə bağlamağın heç bir obyektiv elmi izahı yoxdur.
Amma niyə Şah İsmayıl? Ona görə ki, onun yaradıcılığı Xaqani Şirvanidən, Nizami Gəncəvidən başlayan, Nəsimidən keçən Azərbaycan ədəbiyyatının bir hissəsi idi, həm də türk dilində olan təzahürü idi. Xətai türk dilli ədəbiyyatın əsas fiqurlarından biri idi. Onu Azərbaycan ədəbiyyatından necə çıxara bilərdilər? Xətai olanda, təbii ki, Şah İsmayılda olurdu. Məhəmədəmin Rəsulzadə “Azərbaycan mədəniyyətinin qaynaqları” əsərində yazırdı:
“Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı.”
Xətainin türk dilli ədəbiyyatda rolu o qədər böyükdür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli (Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları) Qərarı ilə Şah İsmayıl Xətainin əsərləri dövlət varidatı elan edilib.
Bu qərar görə Səfəvilər dövlətinin banisi Xətainin, məsnəvi janrında ana dilində yazılan ilk poemalardan biri kimi “Dəhnamə” poemasının hüquqi baxımdan qorunması və irsinin dövlət tərəfindən mühafizəsi təmin edilir. Digər tərəfdən isə dövlətin digər bir orqanında yüksək rəsmi vəzifə tutan şəxs onu “məzhəb faşizminin” banisi elan edir. Bir azdan deyəcəklər yox, “Dəhnamə” yazılanda türk dilinin qrammatikası təsdiq edilməmişdi və elə bu təfəkkürlə sabah da iddia edəcələr ki, “Dədə Qorqud” dastanından da imtina edilməlidir, çünki xanlar xanı Bahandur xan qramatika haqqında qanun qəbul etməmişdi.
Anonim olmasın deyə söhbət deputat Fazil Mustafadan gedir. Eyni məntiqlə 23 il əvvəl Fazil Mustafa Heydər Əliyevi də Azərbaycan tarixindən silmək istəyirdi.
Şah İsmayılı bir dövlət xadimi, bir şair kimi xalqın yaddaşından çıxarmaq qeyri-mümkündür. Rəsulzadənin fikrincə Şah İsmayıl tarixi bir missiyanın müəllifi kimi birləşdirici fiqur idi:
“Bu sülalə zamanında Azərbaycan ilə Şərqi Qafqaziya daha çox türkləşmişdir… XV əsrdə zühur edən Səfəvi sülaləsinin istinad etdiyi şeyxlər, Azərbaycan və Şərqi Qafqaziya türkləri arasında böyük nüfuz və təşkilata malik olan Oğuz dədələrindən ibarət idi.”
Əslində, Şah İsmayılın bu tarixi missiyası haqqında Rəsulzadənin bu fikri Samid Bağırovun “Şah İsmayılın həyatı” kitabında çox gözəl, ayarıntıları ilə, mənbələrə istinadən əsaslanıdırılıb.
Necə olur Şah İsmayıldan az sonra mərkəzləşdirilmiş rus dövlətin yaradan İvan Qroznı olur qəhrəman, XIX əsrdə ilin günlərinin sayı qədər Alman lantaqlarını “dəmir və qanla” birləşdirən Bismark olur tarixi şəxsiyyət, İtaliyanı birləşdirən Cüzeppe Qaribaldi olur əfsanəvi qəhrəman, amma Azərbaycanı birləşdirən, ilk mərkəzləşdirilmiş dövlət yaradan Şah İsmayıl olur “məzhəb faşizminin” banisi.
Samid Bağırovun “Şah İsmayılın həyatı” kitabında belə yanlış iddialara tutarlı cavablar verilib. Orada oxucular Səfəvilərin soy kökü, Şah İsmayılın taxta oturması, İran, İraq və digər ərazilərin fəthi, Kərbəla və Nəcəfin, Xorasanın tutulması, Şeybanilərlə qarşıdurma, Mərvin, Heratın tutulması, Sultan Səlimin Qızılbaşlarala bağlı siyasəti, Çaldıran döyüşü, Səfəvi imperiasında dinin rolu, Şah İsmayılın daxili siyasəti və ailəsi haqqında çox maraqlı və həm də yeni məqamlarla tanış ola bilərlər. Səfəvi tarixi ilə bağlı faktlarla zəngin çox faydalı bir kitabdan söhbət gedir…
Cəmil Həsənli,
Professor