Əsas məzmuna keç

ŞAH İSMAYIL POLEMİKASI BİTDİMİ?!

…Deputat Fazil Mustafanın başladığı “Şah İsmayıl Xətai diskussiyaları” çox uzun çəkdi, amma faydasız da olmadı. Cəmiyyət bu tarixi şəxsiyyət haqqında xeyli məlumat aldı, çoxları öz intellektual cəbbəxanasını yeni ideya və fərqli mənbə biliklərilə zənginləşdirdi. Bəzi nüfuzlu tarixçilərin polemikalarda iştirakı da faydalı oldu. Hər halda çoxluqda belə bir qənaət möhkəmləndi ki, tarixi gerçəkliyi təhrif etmək olmaz. Yəni hərbi şücaətinə görə qədim Roma və Yunan sərkərdələri ilə, qurduğu idarəçilik sisteminə görə Avropa kralları ilə müqayisə edilən Şah İsmayılın şəxsiyyətinə emosional müstəvidə deyil, tarixi kontekstdə, o dövrün tarixi şəraitinin gerçəkləri çərçivəsində, həmçinin dövlətçilik düşüncəsi, Ana dili, ədəbi irs və milli yaddaş müstəvisində yanaşmaq lazımdır. Məncə, “Xətaini nə ideallaşdırıb bütləşdirmək, nə də tarixi kontekstdən çıxarıb ittiham etmək olmaz” düşüncəsi polemikada iştirak edənlərin əksəriyyətinin gəldiyi qənaət oldu.
Bundan sonra diskussiyaların davam edib-etməyəcəyini bimiirəm. Amma mənə görə, professor Cəmil Həsənli gənc tarixçi alim Samid Bağırovun “Şah İsmayılın həyatı” (2025) kitabına istinadən polemikaları sonluğa yaxınıaşdırdısa, “Ədəbiyyat” qəzeti sonuncu (21 avqust) nömrəsinin materialları ilə bu yorucu diskussiyaların nöqtəsini qoydu.
Qəzet bu mövzuya beş səhifə ayırıb və Şah İsmayıl, Səfəvilər, Azərbaycan dövlətçilik tarixinin mürəkkəb məsələləri barədə iki ciddi müəllifin sanballı yazısını təqdim edib.
Birincisi, İlqar Fəhminin “Niyə Səfi? – Səfəviliyin estetik fəlsəfəsi haqqında bədii-publisistik əsərdən qısa fraqmentlər” silsilə məqaləsidir. Kifayət qədər bilik, məntiq və dünyagörüş sahibi olan, həm də Şərq ədəbiyatını və Şah İsmayılın tarixdə və milli yaddaşımızdakı yerini yaxşı bilən İlqar Fəhmi bu yazıda qiymətli fikirlər səsləndirir. O cümlədən “Şah İsmayıl və Səfəvi mifini dağıtmaqla biz yalnız itirəcəyik…” deyir. Əlbəttə, müəllif buradakı “mif”i tarixi uydurma kimi deyil, millətin keçmişini mənalandıran kollektiv yaddaş, tarixi simvol və milli özünüdərk hadisəsi kimi nəzərdən keçirir.
Qəzetdə bu mövzudakı ikinci oxunaqlı yazının müəllifi isə yazıları və araşdırmaları ilə daim milli düşüncə tariximizə güzgü tutan tədqiqatçı-alim, baş redaktor Azər Turandır. Onun “Şah İsmayıl Xətai: imtina etmək, yoxsa tarixin gizlin və gerçəklərinə baxmaq” araşdırma-essesi bu mövzuda çox dərin qatlara işıq salır və xeyli ciddi suallara cavab verir.
Əslində bu esse təkcə Şah İsmayıl haqqında deyil, həm də dövlətçilik düşüncəsinə, milli tarix və mədəniyyət irsinə, Səfəvi varisliyinə tarixi-fəlsəfi retrospektivdən baxışdır. Eyni zamanda, Şah İsmayılı XVI əsrin mürəkkəb siyasi və dini reallıqlarından ayırıb XXI əsrin ideoloji və məzhəbi qəlibləri ilə mühakimə edən yanaşmalara tutarlı polemik cavabdır.
Essenin “Xətainin məzhəb faşizmi, yoxsa Osmanlı müftisinin fitvası?” bölümü xüsusilə düşündürücüdür. Azər Turan Osmanlı mənbələrinə və türk tarixçilərinin araşdırmalarına istinadən Sultan Səlim dövründə Anadolu qızılbaşlarının təqib edilməsini, Müfti Həmzə və Kamal Paşazadənin qızılbaşlar əleyhinə fitvalarını xatırladır. Bununla da oxucuya mühüm bir sual ünvanlayır: tarixi hadisələri bütün tərəfləri və dövrün reallıqları nəzərə alınmadan qiymətləndirmək nə dərəcədə doğrudur?Əslində, Şah İsmayıl haqqında mübahisələrin əsas problemi də buradadır.
Deməli, hər bir hadisə də, tarixi şəxsiyyət də məhz tarixin öz qatlarında, tarixin konkret təcrübəsinə əsasən və həm də başqaları ilə müqayisədə götürülməlidir. Bu mənada Ş.İ.Xətaini nə bütləşdirmək, nə də tarixi kontekstdən çıxarıb ittiham etməyə gərək yoxdur. Sadəcə, onu anlamaq lazımdır. Çünki Şah İsmayıl Azərbaycan tarixində sadəcə bir hökmdar deyil. Onun şəxsiyyətində dövlətçilik, siyasi iradə, Azərbaycan türkcəsi, poeziya, mədəniyyət və tarixi yaddaş birləşir (Oqtay Əfəndiyev). Xətai həm dövlət qururdu, həm də söz yaradırdı. Tarixdə hökmdarlar çox olub, şairlər də çox olub. Amma öz siyasi iradəsi ilə böyük dövlət qurub, öz ana dilində yaratdığı poeziya ilə əsrlər sonra da xalqının yaddaşında yaşayan hökmdarlar çox azdır. Ona görə Şah İsmayıl ətrafında gedən mübahisə əslində təkcə XVI əsr haqqında mübahisə deyil. Bu, bizim öz tariximizə necə baxmağımız barədə mübahisədir.
Tarix isə nə kor-koranə mədh edilməli, nə də ideoloji sifarişlə sökülüb yenidən yazılmalıdır. Tarix öyrənilməli, mənbələrlə danışdırılmalı və öz dövrünün həqiqətləri içərisində dərk edilməlidir.
“Ədəbiyyat qəzeti”nin bu sayının dəyəri də məhz bundadır: bizi Şah İsmayıl haqqında sadəcə oxumağa deyil, Şah İsmayıl və Səfəvilər haqqında yenidən düşünməyə çağırır. Və həm də
Azər Turanın qələmi ilə bizi buna inandırır, çünki o, mövzuya peşəkar tədqiqatçı rakursundan yanaşır, əsas problemi ustalıqla işıqlandırır, eyni zamanda açıq qalan sualları, mübahisə doğuran məqamları da gün işığına çıxarır. Gün işığı isə görmək, duymaq, durultmaq və aydınlatmaq deməkdir…
Qulu MƏHƏRRƏMLİ,
Professor
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın