…Sosial mediada bir fermerin etiraz videosuna rast gəldim. Fermer vedrələrlə südü yerə boşaldaraq etiraz edir. Açığı, fermerin illərlə, aylarla zəhmət çəkib ərsəyə gətirdiyi məhsulu sata bilməməsi çox ciddi məsələdir. Südün, meyvənin, tərəvəzin zay edilməsi isə problemin nə qədər ağır olduğunu göstərir. Amma düşünürəm ki, məhsulu yerə tökmək ən yaxşı etiraz forması deyil. Əgər fermer həmin məhsulu sata bilmirsə, heç olmasa ehtiyacı olan insanlara paylaya bilər. Belə olan halda həm məhsul israf olmaz, həm də bir ailənin süfrəsinə xeyir dəyər.
Əsas məsələ isə fermerin niyə öz məhsulunu sata bilməməsidir. Bir kəndlinin əziyyətlə yetişdirdiyi məhsulu bazarda istədiyi qiymətə, hətta bəzən ümumiyyətlə, sata bilməməsi kənd təsərrüfatında müəyyən boşluqların olduğunu göstərir. Bu cür hallar fermerin həvəsini azaldır, gələcəkdə kənd təsərrüfatı ilə məşğul olmaq istəyini zəiflədir. Fermer məhsulunu yetişdirməyi bacarır. Əsas məsələ onun həmin məhsulu ədalətli qiymətə sata bilməsinə şərait yaratmaqdır.
Kənd təsərrüfatına cavabdeh qurumlar belə etirazlara diqqətlə yanaşmalı, problemin səbəbini araşdırmalı və fermerin səsini eşitməlidir. Fermer məhsulunu yerə tökməməli və əməyinin bəhrəsini bazarda dəyərli şəkildə sata bilməlidir.
Ehtiram Mehdiyev







