ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal edilən avtomobillərə, yük maşınlarına, avtomobil hissələri və polada tətbiq edilən tariflərin gələn ildən etibarən 50%-ə qədər artırılacağını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Tramp bu açıqlamanı sosial media hesabında edib.
Tramp öz paylaşımında Kanadanın illərdir ABŞ-ı “soyduğunu” iddia edərək, iki ölkə arasındakı 60 milyard dollarlıq ticarət kəsirinin davamlı olmadığını və artıq davam etməyəcəyini bildirib.
Tramp bildirib ki, “1 yanvar 2027-ci il tarixində bütün avtomobillərə, yük maşınlarına (böyük və ya kiçik), avtomobil hissələri və polada tətbiq edilən tariflər 50%-ə qədər artırılacaq. ABŞ-da istehsal edin, sıfır tarif ödəyin. Kanadaya artıq əyalət kimi yanaşmayacaqlar”.
O, əlavə edib ki, Kanada ticarət və digər sahələrdə biznes aparmaq üçün ən çətin ölkələrdən biridir və davam edir: “Onlar özlərini imtiyazlı hesab edirlər, amma bizə Kanada yox, onlara biz lazımdır. Onlar ABŞ ilə ticarətlərinin 95%-ni həyata keçirirlər, bizim üçün isə əksi doğrudur”.
ABŞ-nin bir neçə Kanada məhsuluna 50% tarif tətbiq etmək qərarından sonra ticarət danışıqları ötən həftə razılığa gələ bilməyib.
Kanadanın Baş naziri Mark Karni şənbə günü keçirilən mətbuat konfransında ABŞ-nin ticarət danışıqlarında “iqtisadi cəhətdən əlverişsiz və ədalətsiz” şərtlər təklif etdiyini və Kanadanın işçiləri, fermerləri, ailələri və müəssisələri qorumaq üçün eyni şəkildə cavab verəcəyini bildirib.
ELBAR







