Avropa Birliyinin (AB) İqlim, Xalis Sıfır Emissiya və Təmiz Artım üzrə Komissarı Vopke Hoekstra AB ölkələrinin iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmaq üçün investisiyalarını artırmalı olduqlarını, əks halda, gələcəkdə daha yüksək iqtisadi və sosial xərclərlə üzləşə biləcəklərini bildirib.
Tezadlar.az bildirir ki, Hoekstra son aylarda Avropaya təsir edən isti dalğalarının, şiddətli quraqlıqların və meşə yanğınlarının təsirləri ilə bağlı Politico xəbər saytına bu açıqlamaları verib.
Hoekstra iqlim dəyişikliyinə uyğunlaşma xərclərinin zərurətə çevrildiyini və hökumətlərin iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılıq tədbirlərinə böyük investisiya qoymağa başlamalı olduqlarını bildirib.
Büdcələrin siyasi prioritetləri əks etdirdiyinə diqqət çəkən Hoekstra “Meşə yanğınları və daşqınlar göstərir ki, əgər biz bunu prioritet etməsək, səhiyyə, iqtisadiyyat və cəmiyyət baxımından daha ağır bədəl ödəyəcəyik” deyib.
İqlim dəyişikliyinin təsirlərinə qarşı təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayan Hoekstra bildirib ki, “Bu, Avropa büdcəsi və milli büdcələr üçün nəticələrə səbəb olacaq, lakin reallıq budur ki, bunu etməsəniz, daha yüksək qiymət ödəyəcəksiniz”.
Vopke Hoekstra əlavə edib ki, lazımi investisiyaları etməməyi seçən hökumətlər artan iqtisadi ziyana təəccüblənməməlidirlər.
AB Komissiyasının hesablamalarına görə, daşqınlardan mühafizə tədbirləri şəhərlərin sərin saxlanılması və digər müxtəlif iqlim uyğunlaşma tədbirləri üçün AB daxilində ildə təxminən 70 milyard avro tələb olunur.
Üzv dövlətlərin bu sahədəki cari xərcləri ildə təxminən 29 milyard avro olaraq qalır.
İqlim dəyişikliyinin infrastruktur sahəsinə vurduğu ziyan bu məbləği üstələyir.
ELBAR







