…Ümumiyyətlə, “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi mənə çatmır. Ha dedim dinməyim, olmadı. Səbrimi basa bilmədim. Çünki bir vaxtlar məlum saytın qurulmasında və tanınmasında iştirak etmişəm. Allah rəhmət eləsin Zülfüqara.. amma yəni adam rəhmətə gedib də.. hər rəhmətə gedən mətbuat işçisi üçün mükafat təsis edib, müsabiqə keçirirlər? Zülfüqar Nəcəf Nəcəfovdur məgər? Heç onun adına mükafat təsis edilməyib. Onda gərək şəhid olan jurnalistlər və Nurani üçün daha mötəbər, dövlət səviyyəsində mükafat təsis edilsin. Zülfüqar rəhmətlik o səviyyədə jurnalist deyildi axı…
Bunu hamı arxada deyir, amma utanıb yazmırlar. Məncə, dünyasını dəyişmiş insanın xatirəsini yad etmək kifayətldir. Əgər Mətbuat Şurasının belə ənənəsi varsa, qoy digər mərhum həqiqi jurnalistlər üçün də bunu təşkil etsin. Yenə deyirəm, Allah Zülfüqara rəhmət eləsin. Bu cür müsabiqənin keçirilməsini əsaslandırmaq üçün səbəb tapmadım və görmədim. Bu ölkədə dünyasını dəyişmiş nə qədər həqiqi, fədakar, dövlətçi, şəhid və Milli Qəhrəman jurnalist var. İndi onların hər birinin adına mükafat təsis edilməlidir? Və ya Zülfüqar rəhmətlik onlardan hansı məziyyətinə görə üstündür? Bu müsabiqənin adı adamın ətini tökür. Məncə, təşkilatçılar ifrata varıblar. “Zülfüqar Hüseynzadənin publisistik irsi”! Məgər Zülfüqar publisistikanın nə olduğunu özü bilirdi? Onun publisistikası varıydı? Bu mövzu təşkilatçıların ağlına necə gəlib?
Azərbaycan mətbuat tarixinin görkəmli nümayəndələri Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir Hacıbəylinin publististik irsi araşdırma mövzusu ola bilər. Bu qədər ifratçılıq etmək dünyasını dəyişən jurnalistə hansı dəyər qazandıra bilər? Zülfüqar publisist idisə, bəs publisistlər kimdir?
Vallah adam utanır da deməyə. Bunlar yalan yazmağa utanmır, biz niyə doğrunu yazmağa utanaq? Sabah, birigün eşidəcəyik ki, hansısa reketin ailəsi ona şəhərin mərkəzində heykəl qoymağı təklif edir… Heykəl qoyacaqsınız ona da?
Gülnaz QƏMBƏRLİ







