…Sabahdan – sentyabrın 1-dən etibarən Azərbaycanda daha bir qadağa qüvvəyə minir.
Qərara əsasən, sabahdan su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.
Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.
** Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.**
Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Bu qərarda “su obyektlərindən suyun götürülməsi” ifadəsi aydın deyil. Söhbət hansı su obyektlərindən gedir? Çaylardan, göllərdən, yoxsa su anbarlarından?
Buradakı qeyri-müəyyənlik qadağanın tətbiqini də qeyri-müəyyən edir.
Düzdür qərar sadə vətəndaşlara birbaşa təsir etməyəcək. Bu içməli su tariflərini artırmayacaq. Bununla belə bu qərar kiçik sahibkarlar və aqrar sektor üçün ciddi çətinlik yaradacaq. Məsələn, süni balıq gölləri üçün “su obyektlərindən” su götürməyə görə bu günə qədər vahid tarif mövcud deyildi. Bundan sonra tarif artıq müəyyən edilib və tətbiq ediləcək. Və yaxud da Zavod, fabrik, istixana, iri təsərrüfat və digər sahibkarlıq subyektləri çaydan, göldən, yeraltı mənbələrdən və ya Xəzər dənizindən su götürəndə ödəniş etməli olacaqlar.
Təmizlənmiş tullantı sularını çay, göl və ya dənizə axıdanda da ödəniş ödəyəcəklər.
Yəni bu qərar birbaşa olaraq sahibkarlara çətinliklər yaradacaq.
Bu qərara görə Xəzər dənizindən 100 kubmetr su götürmək üçün 0,40 manat, çay və göllərdən 100 kubmetr su götürmək üçün 4 manat, yeraltı sulardan (artezian quyuları və s.) 100 kubmetr su götürmək üçün 40 manat ödəniləcək.
Yəni bir fərdi sahibkar və fiziki şəxs artezian suyundan bundan sonra pulsuz istifadə edə bilməyəcək.
Və yaxud da çirkli suları Xəzər dənizinə və ya çaylara axıtmağa görə də rüsumlar ödnəcək.
Bir sözlə qərar kiçik və orta sahibkarlığa maneədir. Hansısa kiçik sahibkar çaydan su götürüb qablaşdırıb satışa çıxarsa pul ödəyəcək. Sadalamaqla bitməz. Yəni, daha bir qadağa və daha bir sahibkarlara qarşı cərimə…
Razi ABASBƏYLİ,
Analitik







