Əsas məzmuna keç

Bank dələduzluğuna görə 9 il həbs yatan “Çudo Peçka”nın sahibi azadlığa qovuşdu

“Çudo Peçka”  mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 ildən sonra azadlığa çıxıb.

Tezadlar.azxəbər verir ki, Cəlilov 2017-ci ilin iyulunda “Bank Standard” QSC ilə bağlı cinayət işi çərçivəsində həbs edilmişdi.

İstintaq materiallarına əsasən, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi olan Çingiz Cəlilov “Bank Standard”ın İdarə Heyətinin sabiq sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21 milyon 874 min manat kreditin rəsmiləşdirilməsinə nail olmaqda ittiham olunurdu.

Baş Prokurorluğun həmin dövrdə yaydığı məlumata görə, kreditlər dəyəri süni şəkildə yüksək qiymətləndirilmiş əmlakların girov qoyulması ilə müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş, sonradan bir neçə dəfə restrukturizasiya edilmişdi. İttihama əsasən, nəticədə bankın 13 milyon 962 min manat vəsaiti mənimsənilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci ilin avqustunda çıxardığı hökmlə Çingiz Cəlilov Cinayət Məcəlləsinin mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Cəlilov məhkəmə prosesi zamanı ittihamları qəbul etməmiş, kredit vəsaitlərinin böyük hissəsinin ona çatmadığını bildirmişdi.

Qeyd edək ki ,Çingiz Cəlilov tərəfindən yaradılmış “Çudo Peçka” ilk dəfə 6 iyun 2001-ci ildə Bakıda, Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlamışdır. Sonrakı illərdə sayı artaraq, şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. 2018-ci ilin yanvar ayında sonuncu filialı bağlanıb. Şirkətin hazırkı qanuni təmsilçisi Fuad Məmmədov, nizamnamə kapitalı isə 10 manatdır. 2024-cü ilin mayına olan məlumata görə “Çudo Peçka”nın 150 milyon manatdan çox borcu var.

Xatırladaq ki, Çingiz Cəlilov Xalq artisti Röya Ayxanın keçmiş qayınatasıdır. İş adamı Anar Cəlilov Çingiz Cəlilovun oğlu, Röya Ayxanın isə sabiq həyat yoldaşıdır.

Hazırda Anar Cəlilov müğənni kimi də fəaliyyət göstərir və onun duet ortağı sevgilisi Nərmin Ahmetdir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…