Əsas məzmuna keç

Avropa və Rusiya arasında gərginlik artır: Ardıcıl sərt bəyanatlar

Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı maddələrlə dolu dron aşkarlanmasından sonra Avropa və Rusiya arasında diplomatik böhran dərinləşir. İttihamların ardınca Almaniya və Böyük Britaniya Rusiyanı hədəfə alıb, Moskva isə ittihamları rədd edib və sərt cavab tədbirləri görəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, Almaniyada partlayıcı maddələr daşıdığı güman edilən pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasından sonra gərginlik artır.

4 avqustda Leypsiq-Halle hava limanında Ukrayna nəqliyyat təyyarəsinin yaxınlığında tapılan cihaz Berlin və Moskva arasında gərginliyi ən yüksək səviyyəyə çatdırıb.

ABŞ kəşfiyyatı PUA-nın Rusiya hərbi kəşfiyyatına xas xüsusiyyətlərə malik olduğunu irəli sürdükdən sonra Almaniya hadisəyə görə birbaşa Rusiyanı günahlandırıb.

Moskva Berlinin qərarlarına sərt reaksiya verdi

Almaniya hadisədən sonra Rusiyaya diplomatik sanksiyalar tətbiq edib, 18 sentyabr tarixindən etibarən Bonndakı Rusiya Baş Konsulluğunun bağlanacağını və Berlindəki “Rus Evi” mədəniyyət mərkəzi ilə bağlı müqavilənin ləğv olunacağını elan edib.

Lakin Moskva administrasiyası ittihamları “uydurma və əsassız” adlandıraraq, Berlinin iddialarını dəstəkləmək üçün heç bir konkret dəlil təqdim etmədiyini vurğulayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladivostokda keçirilən 11-ci Şərq İqtisadi Forumunda çıxış edərək Rusiyanın Almaniyanın hərəkətlərinə eyni şəkildə cavab verəcəyini açıqlayıb.

Lavrov bildirib ki, Berlindəki Rus Evinin bağlanmasından sonra Rusiyada fəaliyyət göstərən Höte İnstitutunun Moskva, Sankt-Peterburq və Yekaterinburq filialları fəaliyyətlərini dayandıracaqlar.

Avropanın Rusiyanı düşmən kimi gördüyünü iddia edən Lavrov “Biz özümüzü Avropadan təcrid etmək istəmirik; Avropa bizdən uzaqlaşıb. Qərb diplomatiyanı yalnız sanksiyalar vasitəsilə həyata keçirir” və Almaniyanın militarist yanaşmasının bütün Avropa üçün təhlükə yaratdığını iddia edib.

Böyük Britaniya Rusiyanın Londondakı müvəqqəti işlər vəkilinə diplomatik nota göndərdi

Böhran tez bir zamanda digər Avropa ölkələrinə də yayılıb. Böyük Britaniya Leypsiqdəki hadisəni qətiyyətlə pisləmək üçün Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında Almaniya ilə tam həmrəylik ifadə edilib və hücum “dəhşətli və ehtiyatsızlıq” kimi qiymətləndirilib. Bəyanatda əlavə edilib ki, Rusiyanın müttəfiqlər arasında birliyi pozmaq cəhdləri uğursuz olacaq və ortaq təhlükəsizliyə yönəlmiş bu cür hərəkətlər bütün səviyyələrdə ifşa olunacaq.

Rusiya Avropaya qarşı qisas tədbirləri barədə xəbərdarlıq edib

Böyük Britaniyanın bu addımından sonra Rusiya London və digər Avropa paytaxtları tərəfindən atılan hər hansı yeni addımın cavabsız qalmayacağını açıqlayıb.

Moskva administrasiyası bəzi Avropa ölkələrinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq səylərinin Almaniya və müttəfiqləri tərəfindən pozulduğunu iddia edərək, diplomatik təzyiq və sanksiyalara qarşı bütün əks tədbirlərin müzakirə mövzusu olduğu barədə xəbərdarlıq edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…