«Hörmətli cənab rəis, bəzi rəsmi şəxslərin dövlətimizin imicinə zərbə vuran qanunsuz əməllərinin qarşısının alınması üçün Sizdən kömək istəyirəm…»
“Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, General-Polkovnik Əli Nağıyevə müracət ünvanlayıb. «Təzadlar» qəzeti və eyni adlı tezadlar.az portalı redaksiyasına göndərilmiş müraciəti təqdim edirik:
«Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, General-Polkovnik cənab Əli Nağıyevə!
Çox hörmətli Əli müəllim. Beş ildən artıq davam edən problemlərin araşdırılmasına və aidiyyəti dövlət qurumlarında qəbul olunmağıma köməklik göstərilməsi barədə Sizə müraciət edirəm.
Mən, İsmayılov Ağasəf İslam oğlu, media vasitəsilə Sizə müraciət edərək qeyd edirəm ki, 5 ildən artıqdır Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə araşdırılan iş üzrə hüquqlarımın müdafiəsinə çalışıram. Bu müddətdə istintaq və prokurorluq orqanlarının qəbul etdiyi çoxsaylı prosessual qərarlar məhkəmələr tərəfindən ləğv olunub, lakin iş hələ də yekun nəticəyə çatmayıb. Eyni zamanda, istintaq qərarı ilə zərərçəkmiş kimi tanınsam da, bildirdiyim faktlar üzrə polis orqanında izahatımın alınmaması, iş üçün əhəmiyyətli hesab etdiyim halları şəxsən izah etmək və sənədlərimi təqdim etmək imkanımın təmin olunmaması məni ciddi narahat edir. Qeyd olunan rəsmi orqanlarda bəzi rəhbər şəxslərin qanunlarımıza bu cür yanaşması hesab edirəm ki, dövlətimizin imicinə, qanunlarımıza olan güvənimizə ağır zərbədir. Digər tərəfdən, təsisçisi olduğum “Magna Trans” MMC-nin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumatların mənə verilməsi haqqında Abşeron Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, 5 ildən artıqdır faktiki icra olunmur. Sonrakı illərdə icra sənədinin qaytarılması ilə bağlı müxtəlif qərarlar məhkəmələr tərəfindən dəfələrlə ləğv edilmiş və icranın davam etdirilməsi tələb olunmuşdur. Bütün bunlara baxmayaraq, məni ən çox düşündürən məsələ budur ki, beş ildən artıq müddətdə etdiyim çoxsaylı müraciətlərə və qəbul edilmiş çoxsaylı məhkəmə aktlarına baxmayaraq, bir dəfə də olsun səlahiyyətli vəzifəli şəxs məni qəbul edib bütün sənədlərimi qarşısına qoyaraq problemin mahiyyətini bütövlükdə qəsdən dinləməyib. Bu məndə açıq şəkildə o təsəvvürü yaradır ki, vəzifəsini icra etməyən rəsmi şəxsləri bu qanuni hərəkətlərdən, eləcə də vəzifə səlahiyyətini yerinə yetirməkdən imtinaya məcbur edən ciddi bir səbəb var. Mən istərdim və inanıram ki, rəhbəri olduğunuz Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları bu səbəbi tezliklə aşkar edərək Dövlətimizin imicinə, qanunlarımıza olan etimada və məhkəmə hakimiyyətinə inama qəsd edənləri ciddi şəkildə cəzalandıracaqlar.
Bəli, mən heç kimin əvvəlcədən təqsirli elan edilməsini və xüsusi münasibət göstərilməsini istəmirəm. Mən yalnız dinlənilmək, təqdim etdiyim məhkəmə qərarlarının və digər sübutların bütövlükdə araşdırılması, bildirdiyim faktlar üzrə izahatımın alınması və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının real nəticə doğurmasını istəyirəm.
Hörmətli Əli müəllim, Sizdən xahiş edirəm ki, bu açıq müraciətimi diqqətə alasınız və səlahiyyətiniz daxilində məni şəxsən və ya səlahiyyətli əməkdaşınız vasitəsilə qəbul edib dinləməyə, təqdim edəcəyim sənədlərin bütöv şəkildə araşdırılmasına, həmçinin Ədliyyə, prokurorluq və polis orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərin nəticəsi olaraq qəbul edilməməyimə, mənə 5 ildir yaşadılan problemin aidiyyəti üzrə qanuni həllinə nail olmağım üçün köməklik göstərəsiniz.
Media nümayəndələrindən də xahişim budur ki, bu müraciətin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin diqqətinə çatdırılmasına və aidiyyəti dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən qəbul olunaraq dinlənilməyimə köməklik göstərsinlər.
Mənim istəyim çox sadədir: Dövlətimizin imici qorunmalı, qanunlarımıza əməl edilməlidir! Bu həm də Dövlətimizin təhlükəsizliyinə ilahi bir xidmətdir!
Mən istəyirəm ki, 5 ildən artıq davam edən bu məsələlərə bir dəfə bütöv şəkildə baxılsın, məni dinləsinlər, təqdim etdiyim mötəbər sübutlara və rəsmi sənədlərə hüquqi qiymət verilsin, məhkəmə qərarları kağız üzərində qalmasın. Şəxsən mən iş adamı olaraq baş verən ciddi korrupsiya hüquqpozmalarına bəraət qazandıran, vəzifə səlahiyyətlərini mənə dəqiq məlum olmayan səbəblərdən icra etməyən bəzi rəsmi şəxslərin davranışından çox narahatam!
Hörmətlə,
İsmayılov Ağasəf İslam oğlu».
«Təzadlar»







