ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl İranla müharibənin bitəcəyini gözləmədiyini və neft qiymətlərinin o vaxta qədər düşməyəcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, ara seçkilərdən əvvəl partiyasının ilk qurultayı üçün Texasa səfəri zamanı danışan Tramp İran rejiminin müqavimətinin tükəndiyini vurğulayıb. Tramp müharibənin seçkilərdən dərhal sonra bitəcəyini və neft qiymətlərinin sürətlə düşəcəyini iddia edib.
İranın ABŞ seçkilərinə təsir göstərməyə çalışdığını iddia edən Tramp Tehranın nüvə silahı əldə etməsinə imkan verəcək zəif bir administrasiyanı hakimiyyətə gətirməyi hədəflədiyini iddia edib.
Tehran administrasiyası nüvə silahı hazırladığına dair iddiaları rədd etməyə davam edir.
İranla danışıqların mümkünlüyünə toxunan ABŞ prezidenti yeni bir görüşün mümkün ola biləcəyini, lakin hazırda bu görüşün onların gündəliyində olmadığını bildirib.
İndi yeddinci ayını yaşayan müharibənin yalnız bir neçə həftə davam edəcəyini əvvəlcədən proqnozlaşdıran Tramp münaqişənin benzin və ərzaq qiymətlərinə təsiri səbəbindən ictimai dəstəyin əhəmiyyətli dərəcədə azaldığını hiss edir.
Regiondakı neft obyektlərinə edilən hücumlardan sonra qlobal yanacaq qiymətləri kəskin şəkildə artıb. Brent markalı xam neft iyul ayından bəri ilk dəfə barel üçün 100 dollara çatıb.
ABŞ ordusu İranla əlaqəli beş neft tankerinə hücum etdiyini açıqlayıb. İran dövlət mediası cavab olaraq Hörmüz boğazında iki ABŞ hərbi gəmisi və səkkiz neft tankerinin vurulduğunu və ağır ziyan gördüyünü bildirib.
Yəməndəki Husi qüvvələrinin Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumları bölgədəki yanğınları və təchizat böhranını daha da dərinləşdirib.
60 günlük atəşkəsin bitməsindən sonra ötən ay yenidən başlayan döyüşlər, artan enerji qiymətləri səbəbindən ABŞ-da faiz dərəcələrinin yenidən artırılması gözləntilərini gücləndirib.
ELBAR







