İran aylardır bildirir ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına indiyədək görünməmiş miqyasda zərbə vurub. Tehran bəzi açıqlamalarında bunu az qala Amerika hərbi infrastrukturunun dağıdılması kimi təqdim edir. Burada İran təbliğatının şişirtmələri olduğu şübhəsizdir.
ABŞ isə əksinə, İranın zərbələrinin təsirini mümkün qədər məhdud göstərməyə çalışıb. Məhz bu nöqtədə Amerikanın özünün ən nüfuzlu qəzetlərindən biri olan The Washington Post çox maraqlı araşdırma aparıb.
Qəzet İranın yaydığı məlumatı sadəcə təkrar etməyib. 100-dən çox yüksək keyfiyyətli peyk görüntüsünü araşdırıb, onlardan 109-nun həqiqiliyini Avropa İttifaqının Copernicus peykləri və mümkün olduğu hallarda Amerikanın Planet kommersiya peyklərinin görüntüləri ilə müqayisə edərək təsdiqləyib. Araşdırmada manipulyasiya edilmiş İran peyk görüntüsü aşkarlanmayıb.
Nəticə isə diqqətçəkəndir: The Washington Post Yaxın Şərqdə ABŞ hərbçilərinin istifadə etdiyi 15 obyektdə ən azı 217 tikilinin və 11 hərbi avadanlığın — cəmi 228 struktur və avadanlığın zədələndiyini və ya məhv edildiyini müəyyən edib. Bunların arasında anqarlar, kazarmalar, yanacaq obyektləri, radar və rabitə sistemləri, hava hücumundan müdafiə avadanlığı, hətta təyyarələr var. Qəzet açıq yazır ki, dağıntının miqyası ABŞ hökumətinin ictimaiyyət qarşısında etiraf etdiyindən xeyli böyükdür.
Ancaq burada başqa həqiqəti də unutmayaq: bu araşdırma İranın “Amerikanın bazalarını məhv etmişik” kimi maksimalist bəyanatlarını təsdiqləmir. 228 baza dağıdılmayıb; 15 hərbi obyektdə 228 struktur və avadanlıq zədələnib və ya məhv edilib. Üstəlik, Postun danışdırdığı ekspertlər bu zərərin ABŞ-ın İrana qarşı hava kampaniyasını ciddi şəkildə dayandırdığı qənaətində deyillər.
Deməli, faktların ortasında maraqlı mənzərə yaranır: İran vurduğu zərbəni böyüdür. ABŞ aldığı zərbəni kiçildir. Peyk isə nə Tehran, nə də Vaşinqtondur — yuxarıdan baxıb dağıntını göstərir…
Elbəyi Həsənli,
Surix







