Xristian Demokrat İttifaqından (CDU) olan Bundestaq üzvləri Almaniya kansleri Fridrix Mertsin Tropik Meşə Fonduna (TFFF) 1 milyard avro ayırmasına mane olublar.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Merts ötən ilin noyabr ayında BMT-nin İqlim Konfransının (COP-30) keçirildiyi Braziliyanın Belem şəhərində İqlim və Transformasiya Fondundan 1 milyard avro ayıracağına söz verib. Vəsaitlərin Cənubi Amerika, Afrika və İndoneziyada tropik meşələrin qorunması üçün istifadə edilməsi planlaşdırılırdı.
CDU-nun büdcə üzrə eksperti Andreas Mattfeldt “Bild”ə bildirib ki, belə bir məbləğin ayrılması, xüsusən də sərt iqtisadi böhran dövründə “ictimaiyyət üçün çətin başa düşüləndir”. “Bu qədər böyük məbləğdə vəsaitin vədinin əvvəllər parlamentarilərlə razılaşdırılmamasına çox təəccübləndim”, – deyə üzv qeyd edib.
“Demokratiyamızda federal büdcə ilə bağlı qərarlar mütləq hökumət tərəfindən deyil, parlament tərəfindən qəbul edilir”, – deyə o əlavə edib.
“Bild” qeyd edib ki, öz partiya üzvləri tərəfindən 1 milyard avronun bloklanması Mertsin Saksoniya-Anhalt seçkilərində CDU-nun uğursuzluğundan sonra daha bir məğlubiyyət oldu.
ELBAR







