Azərbaycan Yerüstü Nqliyyat Agentliyinin sərnişindaşıma ilə bağlı öhdəliyində yazılır: «Sərnişindaşıma Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətində xüsusi yer tutur. AYNA vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsini daim diqqətdə saxlayır».
Gəlirik real vəziyyətə: hazırda metronun «Nizami» və «28 may» stansiyalarındakı bağlantı-təmir ilə bağlı yaranmış vəziyyətdə AYNA sərnişinlərin rahatlığı üçün lazımi işlərin həyata keçirilməsinə söz və vəd verdi. Amma və lakin…
***
Qısa deyək ki, sərnişinlərə ayrılmış xüsusi marşrutların heç bir əhəmiyyəti gözə çarpmır. Əksinə, bu məqsədlə görülən işlərdən sonra paytaxt yollarında xaos özünü aydın göstərir. Sərnişinlər isə 2-3 qat xərcə düşməkdədir… Bu sətirlərin müəllifi olaraq son vaxtlar yaranmış tıxac səbəbindən (bunu tənzimləmək də AYNA-nın Nizamnaməsində aydın yazılıb, vəzifəsidir) şəxsi avtomobildən imtina edərək 10 saylı avtobusdan istifadə etməkdəyəm. Dəfələrlə bu barədə yazmışam, təklif də vermişəm. Qərəzli çıxmasın, AYNA-dan xəbər yoxdur, əməkdaşlarının təmin edildiyi bahalı xüsusi foto və videoçəkən avtomobillər və parklamalara baxan əməkdaşları hələki parklamalarla məşğuldur: kim parklama mesajı yazmayıbsa, dərhal cərimələ! Halbuki nəzarətçi parklama yerində olmalıdır, sürücüyə kömək etməlidir, bəzilərinin bu qaydadan xəbərsizliyi var, bəzilərinin telefonu borca görə bağlı olur və s.
***
Keçək mətləbə: bu gün də 10 saylı marşrutdan istifadə etməli oldum. Təsəvvür edin, metronun «Xətai» stansiyasının qarşısındakı dayanacaqda 35-40 sərnişin bu marşrutu gözləyirdi. Dərhal avtovusun nə vaxtdan gəlmədiyini soruşdum, Yasamaldakı iş yerinə tələsən yaşlı qadın bildirdi ki, 35-40 dəqiqədir gözləyir… mən də təxminən 15 dəqiqə gözlədim, bu edir təxminən bir saata yaxın vaxt deməkdir. Bu müddətdə 30, 46, 49 və 32 saylı marşrutlar üzrə avtobuslar ard-arda gəlirdi, amma bizim 10 nömrə yox idi, qeybə çəkilmişdi… Nəhayət, gəldi. Sürücünü söz atəşinə tutan sərnişinlər dişinin dibindən çıxanı onun və AYNA rəhbərliyinin ünvanına söylədi.

Problem nədədir: metro «Xətai» «28 may»dan bağlı olduğundan 10 saylı avtobusa tələbəat çoxdur. Niyə? Çünki bu marşrut Ağ Şhərədən gələrək metro «Xətai»-«Sahil»-Baksovet»-Nəriman Nərimanovun heykəli-metro «Akademiya»-1 saylı ASAN Xidmət-Yeni Yasamal və əksinə istiqamətdə hərəkət edir. Yəni, metro «Xətai» qarşısından keçən demək olar bütün avtobuslar «28 may»adək gedir deyə, qeyd etdiyim istiqamətlərə gedənlər çoxdur və onlara 10 saylı avtobus sərf edir. Amma metronun qarşısında gözlədiyim 15 dəqiqə ərzində onlarla eyni adlı digər marşrut avtobusları gəlsə də, 10 saylı yox idi. Üstəlik, mən işə çatmaq üçün İranın Bakıdakı Səfirliyinin yanındakı dayanacaqda düşüb 77 saylı avtobusa mindim. Burada isə eyni vaxtda 3 avtobus dayanıb sərnişin gözləyirdi, boş idi.
Sual yaranır: AYNA əməkdaşlarının bir vəzifəsi də monitorinq apararaq marşrutlardakı sıxlığı, intervalı nizamlamaqdır. Məgər onlar görmür ki, bəzi marşrutlarda sərnişin çatışmazlığı var, 10 saylıda(bəlkə də başqaları da var) sərnişinlər az qala bir-birinin başına çıxır, əziyyət çəkir… Şəxsən bu gün metro stansiyası qarşısında (saat 09:55) mindiyim 10 saylı avtobusda ayaq üstə belə dayanmaq mümkün deyildi, hətta sərnişinlərin bəziləri basabasa düşməmək üçün növbəti avtobusu gözləməli oldu.
Təklifimiz: 10 saylı marşrut üzrə monitorinq aparın və avtobusların sayını artırın, intervalı azaldın, sərnişinlər ciddi şəkildə narazıdır!
Aşağıda təqdim etdiyimiz foto və videogörüntülərdə bunlar əks olunub…
Asif Mərzili
@tezadlar AYNA-nın diqqətinə: 10 saylı avtobuslar niyə qeybə çəkilir???







