Əsas məzmuna keç

Sumqayıt Bakıdan 1 saat geridədir, çünki…

Sumqayıt Bakıdan 1 saat geridədir. Hər şeydə. Əsas da zamanda.
Şəhərin işləyən, oxuyan və digər bütün həyat fəaliyyətlərlə məşğul olan əhalisinin təxminən 75 faizi hər gün paytaxta gedib-gəldiyindən biz sumqayıtlılar üçün hər şeyin nizamı fərqlidir. Bakıda saat 9-da işdə olmaq üçün evdən 8-də çıxan varsa, eyni işə eyni vaxtda çatmaq üçün bir sumqayıtlı bunu saat 7-dən edir. Eyni durum işdən sonra təkrarlanır. Ona görə Sumqayıtda tıxac da saat 18-də yox, 19-da – hamı əsas iş yerindən yaşadığı yerə qayıdanda başlayır (faktiki ikiqat tıxaca düşürük).
İş, təhsil, əyləncə, müalicə, ağlınıza gələn hər şey paytaxt sakini üçün bizdən azı 1 saat tez əlçatan olur. Biz bioloji saatımızı həmişə azı 1 saat əvvələ kökləyirik. Tez oyanırıq ki vaxtında çataq. Gəlib 1 saat tez yatırıq ki səhər 1 saat tez oyanıb vaxtında çataq. Siz səhər “budilnik”i saat 6-ya qoyanda, biz 5-ə qoyuruq.
Siz axşam futbola gedəndə evdən çıxış saatı kimi telefonun qeyd dəftərçəsinə saat 8 yazırsızsa, biz 7 yazırıq
Və bu 30 ildən çoxdur ki, belədir.
“Sumqayıtdan xoşum gəlir. Küçələri genişdir, tıxac olmur, sakit şəhərdir, təmizdir”. 100 faiz hər sumqayıtlı eşidib bu cümlələri ya taksi sürücüsündən, ya dostundan, ya digər Bakıda yaşayan qonağından.
Cavabım adətən eyni olur: biz nə vaxt vaxt tapdıq bu küçələri tıxac edək, səs-küy salaq, rahatlığını pozaq? Sabah Bakıya, axşam Bakıdan. Sumqayıta ancaq yatmağa gəlirik. Böyük, şəhər boyda bir oteldir Sumqayıt. Bəzi mərtəbələri 3, bəziləri 4 ulduzlu “otel”.
Nəsə super inkişaf eləmiş, texnologiyanın tüğyan elədiyi, hər şeyin əla olduğu, gülün bülbülü çağırdığı bir yer də deyil Sumqayıt. Ki, həsrətində olasan. Adi, sıradan, N qədər problemi olan şəhərdir.
Ehh…
Problem isə ondadır ki, biz bu şəhəri sevirik. Stokholm sindromunun yerli variantı, Sumqayıt sindromu.
Kənan Məstəliyev
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…