Ermənilərin Cənubi Qafqazda məskunlaşması və dövlət halına gəlməsi sırf erməni kilsəsinin qeyri-qanuni fəaliyyəti və Alban irsi üzərində qurulmuş yalan tarixə əsaslanır.
Tezadlar.az xəbər verir ki, bu barədə açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bildirib.
Onun sözlərinə görə, Qarabağ işğalda olduğu müddətdə ermənilərin burada apardığı fəaliyyətin başlıca istiqamətlərindən biri Alban-xristian irsinə yönəlib:
“Bu istiqamətdə əsasən Ağdam, Xocavənd, Füzuli, Laçın, Kəlbəcər və digər rayonlarda fəaliyyət həyata keçirilib. Məqsəd isə apostollar tərəfindən formalaşdırılmış Alban-xristian irsində qeyri-qanuni fəaliyyət aparmaqla “ermə kilsəsinin” apostol kilsəsi olduğunu əsaslandırmaqdır. 1836-cı ilə qədər Alban kilsəsi müstəqil kilsə qurumu kimi fəaliyyət göstərib. Lakin Rusiya çarı I Nikolayın fərmanı ilə Alban kilsəsinin müstəqil fəaliyyəti dayandırılıb və erməni kilsəsinə tabe etdirilib”.
Ekspert bildirib ki, erməni kilsəsinin Qarabağda apardığı fəaliyyət məhz Alban Apostol Kilsələrinin altarlarında və ətraflarında qeyri-qanuni dəyişikliklərə yönəlib:
“Erməni kilsəsi tərəfindən formalaşdırılmış mifik Ermənistan tarixini kənara qoyduqda reallıq öz əksini tapır. Məhz bu səbəbdən də Baş nazir Nikol Paşinyan 29 min kvadrat kilometrlik tarixi Azərbaycan torpaqları əsasında formalaşmış Ermənistanın xəritəsini döşündə gəzdirərək “dənizdən dənizə Böyük Ermənistan” ideyasından əl çəkib. Ümumilikdə götürdükdə, Qafqaz Albaniyasının xristian irsi yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Qafqaz Albaniyası ilə bağlı xristian abidələri Qərbi Azərbaycanda da mövcud olub. Bu tipli abidələrin məşhurlarından Zəngəzurdakı Tatev monastırını, İrəvan ətrafındakı Üçmüəzzin və Dvin monastır komplekslərini və digərlərini qeyd etmək olar. Bütün bu abidələr Alban xristian irsinin nümunələridir. Lakin sonrakı dövrlərdə ermənilərin Cənubi Qafqaza məqsədyönlü köçürülməsi və miqrasiyası nəticəsində həmin abidələr mənimsənilib”.
Dosent qeyd edib ki, Qafqaz Albaniyasının digər mühüm maddi-mədəniyyət nümunələri barədə alban tarixçisi Moisey Kalankatuklu da məlumat verir:
“Onun qeydlərinə əsasən, xristianlığın beşiyi sayılan Yerusəlim (Qüds) ərazisində alban çarları və dindarları tərəfindən çoxlu sayda alban monastır kompleksləri inşa edilib. Lakin müəllif təəssüflə qeyd edir ki, bizim diqqətsizliyimiz nəticəsində oradakı alban xristian kilsələri başqaları, o cümlədən ermənilər tərəfindən mənimsənilib. Müəllif bu tarixi faktı öz qeydlərində xüsusi vurğulayıb”.







